AZ

Universitetlərə qəbul yalnız 10-11-ci sinif proqramı əsasında olmalıdır - TƏKLİF

Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi son illərdə təhsil siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Bu məqsədlə tətbiq olunan sertifikasiya imtahanları, müəllimlərin ixtisas və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə yönəlib.
 

Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadə müəllimlərin təcrübəsinin artırılması, elmi və metodiki biliklərinin yenilənməsi üçün Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, ATM-lərə, orta ixtisas təhsil müəssisələrinə, hətta liseylərə qəbulda belə şagird hazırlıq kurslarına, repetitora ehtiyac duyur və bu prosesdə uğurlu ola bilir:

 

“Əlbəttə bizim istisnalarımız var. Elə şagirdlər var ki, onlar sadəcə təhsil müssisəsində əldə eydiyi biliklərlə yüksək nəticə qazanır, amma “bu nəticəni bütün şagirdlər qazanırmı?”- sualını qoyduqda cavabımız birmənalı olaraq “xeyr” olur. Təhsilverən məktəb proqramını hər sinif üzrə tədris edir, hazırlıq kursları və repetitorlar isə bütün illər ərzində olan proqramı abituriyentə öyrədir. Ona görə təklif edirik ki, qəbul imtahan formatı dəyişməli, fənlərin sayı azaldılmalı və yaxud da DİM yalnız 10 və 11-ci siniflərin proqramı əsasında qəbul həyata keçirməlidir”.

 

Ekspertin fikrincə, müəllimləri qəbul proqramına uyğun inkişaf etdirsək, o zaman nazirlik deyil, birbaşa proqram təminatını DİM həyata keçirməlidir. Qeyd edir ki, müəllimlər nə qədər inkişaf etsələr də, sertifikasiya prosesi ilə qəbul imtahan proqramı tamam fərqli istiqamətləri əhatə edir. Bu səbəbdən, sertifikasiya prosesi müəllimlərin ümumi metodiki və ixtisas biliklərinin artırılması baxımından yetərli olmaya bilər.

 

“Əgər Dövlət İmtahan Mərkəzi müəllimlərin qəbul imtahanı proqramı əsasında təkmilləşdirilməsini planlaşdırırsa, o zaman müvafiq təhsil proqramlarını da təqdim etməlidir. Hazırda biz yalnız sertifikasiya vasitəsilə müəllimlərin ixtisas biliklərini və metodiki bacarıqlarını qiymətləndiririk. Yəni onların fənn üzrə nə qədər məlumatlı olduqlarını, metodik biliklərinin hansı səviyyədə olduğunu bu proseslə ölçmək mümkündür.

 

Amma onların qəbul imtahanı proqramına uyğun bilik və bacarıqlarının inkişaf etdirilməsi ayrıca bir məsələdir. Bunu etmək mümkündür və burada ciddi bir problem yoxdur. Sadəcə olaraq, Dövlət İmtahan Mərkəzi bu istiqamətdə də müəyyən dəstək göstərə bilər. Bununla yanaşı, unutmaq olmaz ki, hər bir müəllim sinif otağına daxil olduqda, yalnız həmin tədris ilində, məsələn, 6-cı sinifə aid olan proqramı tədris edir. Amma qəbul imtahanlarında, məsələn, riyaziyyat fənni üzrə 5-ci sinifdən 11-ci sinifə qədər olan biliklər tələb olunur. Bu da şagirdlərdən geniş və ardıcıl tədris proqramını mənimsəməyi tələb edir”.

 

Nəticədə isə, şagirdlər 11-ci sinifdə oxuduqları zaman əvvəllər, aşağı siniflərdə keçdikləri mövzuları unutduqları üçün onları yenidən öyrənməyə ehtiyac duyurlar. Bu mərhələdə repetitor dəstəyinə ehtiyac yaranır. Əgər repetitor hazırlıqlarına ehtiyac qalmamasını istəyiriksə, o zaman qəbul imtahanlarının formatı dəyişdirilməlidir. Fənlərin sayı azaldılmalı və imtahan yalnız 10-11-ci sinif proqramı əsasında təşkil olunmalıdır.

Seçilən
11
azedu.az

1Mənbələr