AZ

Şuşa Bəyannaməsi iki dövlətli bir millətin həqiqi dostluq və qardaşlıq niyyətinin siyasi sənəd formasıdır



Əziz Ələkbərli,
Milli Məclisin depöutatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


44 günlük Vətən müharibəsində qazandığımız Zəfər erməniləri və onların havadarlarını fakt qarşısında qoyduqdan sonra revanşist qüvvələr hər fürsətdə şəhidlərimizin canı və qanı bahasına əldə olunan qələbəni heçə endirmək üçün əllərindən gələni edirdilər. Məsələnin ən pis tərəfi də o idi ki, həmin günə qədər bədnam Minsk qrupunda həmsədr olan Fransa, eləcə də digər ertmənipərəst dövlətlər, xristian təəssübkeşləri indi açığa çıxmış və erməniləri aşkar şəkildə müdafiəyə keçmişdilər. Hətta bu orkestrdə Hindistana belə yer ayrılmışdı. Qaraçı hayların Hinduistandan qopub gəldiyini nəzərə alsaq, bu, o qədər də təəccüblü görünmürdü. Əslində ermənilərin havadarlarını düşündürən və narahat edən məsələ 44 günlük müharibədə Azərbaycana mənəvi və siyasi dəstək verən Türkiyə və Pakistanın Azərbaycanla əlaqələrinin daha da intensivləşməsi və strateji müttəfiqliyə gedən yol idi. Fransa və onun züy tutanlarının hədəfi Türkiyə və Pakistanı hər vəchlə neytrallaşdırmaq, Azərbaycanı siyasət meydanında tək qoymaq idi. Lakin bədxahlarımız bu dəfə də yanılmışdılar. Çünki Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyildi. İndi Azərbaycanın idarəçiliyinə Ulu Öndər Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi, Müzəffər Ali Baş Komandan, siyasət qrossmeysteri cənab İlham Əliyev rəhbərlik edirdi. Məhz Ulu Öndərin vaxtilə işləyib hazırladığı strategiyanın düzgün və zamanına uyğun şəkildə həyata keçirilməsinin nəticəsi öz bəhrəsini verməyə başlamışdı.
Türk dünyasının iki nəhəng siyasətçisi – cənab Prezident İlham Əliyev və Cümhurbaşqanı Rəcəb Tayyip Ərdoğan belə bir məqamda 2021-ci ilin 15 iyununda qədim Şuşada, işğaldan azad olub öz tarixinə və azadlığına qovuşmuş Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nə imza atdılar.

O tarixi gün və hadisə haqqında cənab Prezident İlham Əliyev belə demişdir: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.
Tarixdə saysız-hesabsız müqavilələr bağlanıb və bağlanacaq. Lakin Şuşa Bəyannaməsini unikal bir Bəyannamə adlandırmağımızın bir yox, bir neçə səbəbi və əsası var. Bu səbəblərə diqqət yetirək:
Birincisi,[i][/i] Şuşa Bəyannaməsi tarixi Qars müqaviləsinin imzalanmasının 100 illiyinə təsadüf edirdi və bu mənada xüsusi rəmzi məna daşıyır. Qars müqaviləsi imzalananda şərtlər ağır olsa da, bu dəfə müqavilə azad Şuşada imzalanırdı və Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin etmişdi.
İkincisi,[/u] bütün digər müqavilələrdən fərqli olaraq Şuşa Bəyannaməsi iki qardaş ölkədə həyatın bütün sahələrini əhatə etməsi ilə fərqlənir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
Üçüncüsü, Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsində ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edən, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət, Azərbaycan-Türkiyə” tarixi şüarının rəsmi təsdiqi olaraq qardaşlığın, dostluğun və müttəfiqliyin sarsılmaz qalası kimi tarixə öz möhürünü vurmuş oldu.
Dördüncüsü, əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırmaqla, regionun artan investisiya potensialının artmasına və yeni iqtisadi münasibətlərin formalaşmasına geniş imkan yaratdı və Şuşada gözəl turizm imkanlarının açılmasına səbəb oldu.
Beşincisi, Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlinməsi çox mühüm nəticələrə gətirib çıxracaqdır.
Altıncısı, tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparsalar da, xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayır, beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərməyin vacibliyini qeyd etməklə, həm revanşist qüvvələrə, həm də Ermənistana “bacılıq” dəstəyi göstərənlərə çox ciddi mesajlar verilmişdir.
Yeddincisi, bu sənəd hər iki ölkənin iqtisadi qüdrətini artırmaqla, gələcək münasibətlərin hansı formada inkişaf edəcəyini konkretləşdirir, indiyə kimi iki ölkə arasında imzalanmış bütün səndlərdən, müqavilələrdən fərqli olaraq bu müqavilədə bərabərlik, sarsılmaz qardaşlıq, dostluq ruhu olduqca yüksıək və səmimi şəkildə təzahür edir.
Səkkizinci[u] və ən mühümü isə bu tarixi hadisənin Azərbaycan tarixində xüsusi yeri və dönüş nöqtəsi olan 15 iyun Milli Qurtuluş günü ilə üst-üstə düşməsidir. Bəyannamənin imzalandığı ildən hər il Şuşada keçirilən beynəlxalq konfranslar bir daha göstərir ki, bu sənəd Azərbaycan və Türkiyə qardaşlığının, iki böyük Öndərin- Mustafa Kamal Atatürklə Heydər Əliyevin, zaman fərqi olsa da, məna və məzmun fərqi olmayan uzaqgörən strategiyalarının eyni uzaqgörənliklə həyata keçirən iki böyük Türk liderinin imzasıyla bir daha təsdiqi, uzaq hədəflərə hesablanmış fəaliyyəti yeni müstəvidə, həm də inamla və qətiyyətlə həyata keçiriləcəkdir.

Qarşıda hər iki qardaş dövləti yeni strateji hədəflər, yeni vəzifələr, yeni reallıqlar gözləyir. Hər iki ölkənin xalqlarının öz liderlərinə olan sonsuz inamı və bu münasibətlərə dəstəyi göstərir ki, Türk qardaşlığının kiçik modeli olan bu müttəfiqlik getdikcə böyüyəcək, nəinki regionda, eləcə də beynəlxalq müstəvidə real güc mərkəzinə çevriləcəkdir. Şuşa Bəyannaməsi iki dövlətli bir millətin həqiqi dostluq və qardaşlıq niyyətinin siyasi sənəd forması kimi bu milləti uzaq gələcəyə aparacaqdır.



Seçilən
3
aia.az

1Mənbələr