AZ

Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır -ŞƏRH

Ermənilər xəstə təfəkkürdən imtina etməsə, Ermənistanı da itirəcəklər
 
 
Ermənistan Baş naziri Nikol Paşinyan öz ölkəsi üçün çox yaxşı fürsətin yarandığını deyib. Baş nazir bildirib ki, Ermənistanın qarşıdakı 100 ildə salamat qalmasını təmin etmək üçün tarixdə belə şansı olmayıb. Paşinyan Ermənistanın qarşısında dövlətin davamlılığının təmin edilməsi perspektivlərinin açıldığını bildirib: “Bu, çox vacib sualdır və burada çox vacib bir ideoloji məsələ də var, çünki bu, məsələyə hansı ideoloji prizmadan baxmağınızdan asılıdır. Məsələyə “Real Ermənistan” ideologiyası prizmasından yanaşdıqda görürük ki, ölkəmiz kifayət qədər yaxşı və perspektivli vəziyyətdədir". Baş nazir təhlükələrin də olduğunu istisna etməyib: "Əlbəttə, təhlükələr göz qabağındadır və bu, həmişə olub, yeni təhlükələr yoxdur. Amma biz bu təhdidləri idarə etmək üçün nəzəri və praktiki imkan əldə etmişik. Mövcud təhlükələrə qarşı tarazlıq kimi ölkəmiz qarşısında inanılmaz perspektivlər açılıb. Bu kontekstdə "Real Ermənistan" ideologiyası gələcəyin təməli və planıdır". Ekspertlərin fikrincə, Ermənistan Baş naziri Nikol Paşinyanın bu çıxışı onun ölkəsinin qarşısında yeni bir geosiyasi və strateji mərhələnin açıldığını vurğulamaq məqsədi daşıyır. Bu ritorika, Paşinyanın daxili auditoriyaya həm nikbinlik, həm də məsuliyyətli idarəçilik mesajı vermək istədiyini göstərir. Paşinyanın vurğuladığı "Real Ermənistan" ideologiyası anlayışı ölkənin mövcud vəziyyətini - yəni münaqişələrdən, müharibələrdən və qeyri-sabitlikdən yorulmuş bir cəmiyyətin daha praqmatik, realist və uzunmüddətli düşünən bir dövlət modeli yaratmaq istəyini əks etdirir. Görünən odur ki, Paşinyan son illərdə yaşanan hərbi və siyasi böhranlardan sonra daha idarəolunan və proaktiv siyasət kursu formalaşdırmaq istəyir. Həmçinin, baş nazirin yeni milli-siyasi konsepsiya formalaşdırmaq və ictimai rəyi bu konsepsiya ətrafında toplamaq niyyətindən xəbər verir. Bu yanaşmanın real siyasətə necə tətbiq olunacağı növbəti aylarda özünü göstərəcək.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az-a deyib ki, Paşinyanın təklif etdiyi "Real Ermənistan" beynəlxalq ictimaiyyət tərəfindən tanınan 29 min 43 kvadrat kilometr ərazini əhatə edən Ermənistandır. Ekspertin sözlərinə görə, bunun özü mahiyyətcə reallıqdan uzaqdır: 

"Ermənistan Sovetlər Birliyinə qoşulanda 29 min 743 kvadrat kilometrlik ərazisi yox idi. Bu rəqəm sovet rəhbərliyinin qurduğu müxtəlif oyunların nəticəsində yaranmışdı. Başqa sözlə, sovet Azərbaycanının ərazilərindən sovet Ermənistanına torpaq hədiyyələri olmuşdu. Yaxşı olardı ki, Nikol Paşinyan ilk növbədə "Real Ermənistan" ideyasının tarixi reallıqla üst-üstə düşüb-düşmədiyinə diqqət yetirsin. Digər tərəfdən, bu sistem üçün yeni Konstitusiyanın ümumxalq referendumu ilə qəbul edilməsi vacibdir".
Analitikə görə, Paşinyanın nə dərəcədə xoş niyyətlə çıxış etməsi bəlli deyil: "Problem ondadır ki, Ermənistan cəmiyyətində xəstə təfəkkürdən çıxış edənlərin, ictimai rəyə təsir etmək gücündə olanların sayı az deyil. İllərlə imperialist dövlətlər, əsasən də Rusiya erməniləri xəstə ideologiya ilə bəsləyərək öz məqsədləri üçün istifadə edib. İndi Paşinyan anlayır ki, bu xəstə yanaşmadan əl çəkməsələr, Ermənistanı da itirə bilərlər. Çünki tarixi Azərbaycan ərazilərində yaradılan süni dövlətdir. Amma erməni cəmiyyəti reallıqla hesablaşıb xəstə təfəkkürdən imtina etmir. Ona görə də Paşinyanın səmimiliyinə inanmaq çətindir. Əgər Paşinyan yeni ideologiyada qərarlıdırsa, birinci qonşularla münasibətləri səhmana salmalıdır. Əks təqdirdə bu, boş bir şey olacaq".
Seçilən
2
1
sherg.az

2Mənbələr