BAKI, 13 iyun. TELEQRAF
İsrailin İranda bir sıra hədəfləri vurması beynəlxalq miqyasda ciddi narahatlıq doğurub.
Teleqraf xəbər verir ki, bir çox ölkələr bu addımı qınayaraq, bölgədə gərginliyin daha da artacağından ehtiyat etdiklərini bildiriblər.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi yayımladığı rəsmi bəyanatda İsrailin hərbi əməliyyatlarını “açıq təcavüz” adlandıraraq kəskin şəkildə pisləyib. Bildirilib ki, bu hücumlar İranın suverenliyini və təhlükəsizliyinə xələl gətirir, eyni zamanda beynəlxalq hüquq və normaların açıq şəkildə pozulması deməkdir.
Çinin İrandakı səfirliyi isə vəziyyəti “ciddi və mürəkkəb” olaraq dəyərləndirib. Səfirlik İranda yaşayan Çin vətəndaşlarını ehtiyatlı olmağa, təhlükəsizlik tədbirlərini gücləndirməyə və izdihamdan uzaq durmağa çağırıb.
ABŞ dövlət katibi Marko Rubio məsələ ilə bağlı açıqlamasında ABŞ-nin hücumlarda iştirak etmədiyini bildirib. O vurğulayıb ki, Vaşinqtonun əsas prioriteti bölgədə yerləşən ABŞ hərbi qüvvələrinin təhlükəsizliyinin təmin olunmasıdır.
Avstraliyanın xarici işlər naziri Penni Voq da vəziyyətlə bağlı narahatlığını ifadə edərək, İsrail və İran arasında artan gərginliyin Yaxın Şərqdə sabitliyi ciddi şəkildə təhdid etdiyini bildirib. Voq tərəfləri dialoq və diplomatik həll yollarını üstün tutmağa çağırıb.
Yeni Zelandiyanın baş naziri Kristofer Lakson baş verənləri “Yaxın Şərqdə son dərəcə arzuolunmaz bir inkişaf” kimi dəyərləndirib. O qeyd edib ki, hazırkı gərginlik səhv hesablamalar riskini artırır. Lakson həmçinin bazar günü Oman Sultanlığında keçirilməsi nəzərdə tutulan ABŞ-İran nüvə danışıqlarını “daha konstruktiv yol” kimi dəyərləndirib, lakin hazırda bu görüşlərin baş tutub-tutmayacağı sual altındadır.
BMT-nin Baş katibi Antonio Quterreş İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsindən narahatdır və tərəfləri maksimum təmkinli olmağa çağırıb.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Milli Təhlükəsizlik Şurasının rəisi Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.
İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.