AZ

Milli dövlətçilik tariximizin qürur səhifəsi

Ulu Öndər Heydər Əliyev müasir dövlətçiliyimizin memarı və xalqımızın xilaskar lideridir. Onun siyasi uzaqgörənliyi, qətiyyətli rəhbərliyi və tarixi xidmətləri sayəsində Azərbaycan çətin sınaqlardan keçərək müstəqil və güclü bir dövlətə çevrildi. Heydər Əliyevin əsasını qoyduğu strateji xətt bu gün də ölkənin sabitliyinin və tərəqqisinin əsas dayağıdır.

1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda siyasi böhran katostrafik həddə çatmışdı. Ölkənin bütün bölgələrində idarəetmə böhranı, sosial çətinliklər, işsizlik və ərzaq qıtlığı hökm sürürdü. Dövlət institutları iflic vəziyyətində idi, silahlı dəstələr müxtəlif bölgələrdə qeyri-qanuni fəaliyyət göstərirdi. Ermənistan tərəfindən torpaqlarımızın işğalı davam edir, beynəlxalq səviyyədə Azərbaycanın səsi eşidilmirdi. O dövrdə hakimiyyətə gəlmiş qüvvələrin məsuliyyətsiz və təcrübəsiz siyasəti nəticəsində respublikada anarxiya baş alıb gedirdi. Belə bir vaxtda xalq öz qurtuluş yolunu axtarır, onu işıqlı gələcəyə aparacaq liderə ehtiyac duyurdu.

1993-cü ilin iyun ayında Gəncədə baş vermiş silahlı üsyan və qeyri-sabitlik artıq ölkəni vətəndaş müharibəsinə doğru sürükləyirdi. Paytaxtda və bölgələrdə hakimiyyətə nəzarət getdikcə daha da zəifləyirdi. Həmin dövrdə xalqın, o cümlədən ziyalıların çağırışı ilə Naxçıvan Ali Məclisinin Sədri olan Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olundu və iyunun 15-də Ümummillli Lider Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu qərar xalq tərəfindən ümid və inamla qarşılandı, Həmin tarixdən başlayaraq ölkədə siyasi sabitliyin bərpası, dövlətçiliyin dirçəldilməsi və milli həmrəyliyin təmin edilməsi üçün ciddi addımlar atıldı. Bu səbəbdən 15 iyun Milli Qurtuluş Günü kimi tariximizə əbədi həkk olundu.

Həmin ilin oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqımız Heydər Əliyevə böyük etimad göstərərək Ulu Öndəri ölkə rəhbəri seçdi. Heydər Əliyev geniş siyasi təcrübəsini və dövlət idarəçiliyindəki müdrikliyini Azərbaycanda sabitlik və inkişafın bərpasına yönəltdi. Qısa müddətdə hüquqi və institusional islahatlar həyata keçirildi. Silahlı dəstələr tərksilah edildi, bölgələrdə idarəetmə gücləndirildi, yerli icra hakimiyyətləri yenidən formalaşdırıldı. Hakimiyyət orqanları arasında koordinasiya təmin edildi, ordu və hüquq-mühafizə orqanlarının fəaliyyətinə nəzarət bərpa olundu.

1994-cü il mayında imzalanmış atəşkəs sazişi uzun illər davam edən Dağlıq Qarabağ münaqişəsi çərçivəsində baş verən qanlı hərbi əməliyyatlara son qoydu. Bu sazişlə əldə edilən sabitlik illəri gələcəkdə ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində atılacaq strateji addımlar üçün əsas rol oynadı. Eyni zamanda, bu sabitlik gələcək inkişafımızın mayakı olan “Əsrin müqaviləsi”nə doğru mühüm bir yol açdı. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın aparıcı neft şirkətləri ilə imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi düşən razılaşma Azərbaycanın enerji strategiyasında yeni bir mərhələnin başlanğıcı oldu. Bu müqavilə ölkənin zəngin neft-qaz ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması üçün real və dayanıqlı imkanlar yaratdı. Müqavilə Azərbaycanın geosiyasi mövqeyini gücləndirərək onu enerji təhlükəsizliyi və enerji marşrutlarının şaxələndirilməsi baxımından regionda və Avropada əhəmiyyətli aktorlardan birinə çevirdi. “Əsrin müqaviləsi” ilə təməli qoyulan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri kimi transmilli layihələr Azərbaycanın qlobal enerji bazarlarında söz sahibinə çevrilməsini təmin etdi. Eyni zamanda, bu saziş ölkənin sosial-iqtisadi inkişafının əsas sütunlarından birinə çevrildi. Yeni iş yerləri yaradıldı, büdcə gəlirləri artdı, regionların inkişafı sürətləndi və ümumilikdə müstəqil dövlətin möhkəmlənməsi istiqamətində mühüm nailiyyətlər əldə olundu.

Həmin dövrdə ölkənin müdafiə qabiliyyətinin artırılması prioritet məsələyə çevrilmişdi. Heydər Əliyev ordu quruculuğuna strateji yanaşma sərgiləyərək qanunsuz silahlı dəstələrin tərksilahını və birləşmiş, vahid komandanlığa tabe nizami ordunun formalaşdırılmasını təmin etdi. Hərbi təhsil sahəsində ciddi islahatlar aparıldı, zabit heyətinin hazırlanması və maddi-texniki təminat sistemi təkmilləşdirildi. Müdafiə sənayesi sektorunun əsası qoyularaq müasir hərbi texnika və silah-sursat istehsalı üçün ilk addımlar atıldı.

Ulu Öndər Heydər Əliyevin gərgin səyləri sayəsində 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi ilə Azərbaycanın ilk müstəqil Konstitusiyası qəbul edildi. Bu sənəd ölkədə insan hüquq və azadlıqlarının təminatını rəsmi şəkildə müəyyənləşdirdi. Konstitusiya demokratik idarəetmənin, qanunun aliliyinin və vətəndaş cəmiyyətinin bünövrəsini təşkil etdi.

Əldə olunan uğurlar Ümummilli Lider Heydər Əliyevin uzaqgörən, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu ilə birbaşa bağlı idi. Onun rəhbərliyi ilə Azərbaycan müstəqilliyini qoruyub saxlamaqla yanaşı, beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirdi.

Sosial sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər əhalinin rifahının yüksəldilməsinə yönəldi. Təhsil sistemində müasir yanaşmalar tətbiq olunaraq dərs proqramları yeniləndi. Səhiyyə sektorunda dövlət proqramları qəbul olundu, kadr çatışmazlığı tədricən aradan qaldırıldı və tibbi xidmətlərin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Bütün bu tədbirlər əhalinin həyat səviyyəsinin yüksəldilməsinə birbaşa müsbət təsir göstərdi.

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətində gənclər hər zaman prioritet istiqamət kimi müəyyən olunmuşdu. Onun təşəbbüsü ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı və bu sahədə dövlət dəstəyi ardıcıl, məqsədyönlü və institusional xarakter aldı. Respublikada geniş idman infrastrukturu quruldu, Olimpiya İdman Kompleksləri inşa olundu, beynəlxalq yarışlarda iştirak edən gənclərə sistemli dəstək göstərildi. Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, idman yalnız fiziki inkişaf vasitəsi deyil, həm də milli ruhun, vətənpərvərliyin və intellektual potensialın formalaşmasında mühüm rola malikdir. Bu yanaşma nəticəsində Azərbaycan gəncliyi ölkənin inkişafında daha fəal iştirak etməyə başladı və beynəlxalq arenalarda dövlətimizin layiqli təmsilçisinə çevrildi.

Milli Qurtuluşdan sonra formalaşan güclü idarəetmə modeli, hüquqi islahatlar, milli həmrəylik və ordu quruculuğu kimi sahələrdə atılan ardıcıl addımlar Azərbaycanın gələcək taleyində həlledici rol oynadı. Bu dövrdə həyata keçirilən strateji qərarlar dövlətin sabitliyi, təhlükəsizliyi və suverenliyinin təmin olunmasına yönəldi. Güclü dövlətçilik konsepsiyası formalaşdı və uzunmüddətli milli hədəflərə çatmaq üçün əsaslı zəmin yaratdı.

Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan müasir çağırışlara uyğun olaraq daha da qüdrətləndi, siyasi, iqtisadi və hərbi gücünü əhəmiyyətli şəkildə artırdı. Ölkəmizin beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınması, müstəqil və prinsipial siyasət yürütməsi bu liderliyin nəticəsi idi. Strateji siyasətin məntiqi yekunu olaraq 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Zəfərə imza atdı və 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri ilə dövlətin suverenliyi tam təmin olundu.

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının müdrik seçimindən qaynaqlanan, ölkəmizin xilası və inkişafı təmin edən əlamətdar hadisədir. Ümummilli Lider Heydər Əliyevin qurduğu möhkəm təməllər üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbələr ölkəmizin parlaq gələcəyini təmin edən strateji hədəflərlə birbaşa bağlıdır.

Anar Nəbiyev,

YAP Qazax rayon təşkilatının sədri

Seçilən
16
2
yeniazerbaycan.com

3Mənbələr