Ukraynanın Ankaradakı səfiri Nəriman Cəlal etimadnaməsinin surətini Türkiyə Xarici İşlər Nazirliyinin Protokol Baş direktoru Cəmil Miroğluna təqdim edib və Ukraynanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyətə başlayıb.
Hafta.az-ın Ukraynanın Ankaradakı səfirliyinə istinadən yazdığına görə, Krım Tatar Milli Məclisinin (KTMM) sədri Refat Çubarov da açıqlama verərək, səfir Nəriman Cəlalın yaxın günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana etimadnaməsini təqdim edəcəyini bildirib.
Prezident Vladimir Zelenski 2024-cü ilin dekabrında Nəriman Cəlalın Ukraynanın Ankaradakı səfiri təyin ediləcəyini açıqlamışdı.
Ukraynanın Ankaradakı yeni səfiri Nəriman Cəlal 2021-ci ildə Rusiyanın işğalı altında olan Krımda qondarma ittihamlarla saxlanılıb və 2024-cü ilin iyun ayına qədər rus əsirliyində qalıb. Cəlal 28 iyun 2024-cü ildə Ukrayna ilə Rusiya arasında əsir mübadiləsindən sonra azad edilib və Ukraynaya gəlib.
Cəlal Krım tatar xalqının rəsmi nümayəndəlik orqanı olan KTMM-nin vitse-prezidenti idi.