AZ

Biznesdə “3 il qaydası” nə dərəcədə keçərlidir?

Solmaz Yaqubova 

       Biznes konsultant

Yeni biznes quran şəxslərə tez-tez bu tövsiyə verilir: “İlk 3 il ərzində gəlir gözləməyin”. Bəs bu yanaşma nə qədər doğrudur? Həqiqətənmi hər bir biznes üçün 3 il gözləmə müddəti zəruridir?

Hər ideya fərqli inkişaf edir

Bir çox ekspertin və sahibkarın düşündüyünün əksinə olaraq, biznesin müəyyən bir müddət ərzində gəlir gətirməsi ilə bağlı ümumi bir qayda yoxdur. Belə ki, hər biznesin inkişaf tempi və gəlirə çıxma müddəti bir çox faktordan asılı olaraq dəyişir.

Əsas səbəblərdən biri, biznesin ideyasının keyfiyyəti, onu idarə edən şəxsin potensialı, təcrübəsi və sahib olduğu sosial çevrədir. Həmçinin, ölkənin siyasi və iqtisadi sabitliyi də biznesin inkişafında mühüm rol oynayır. Bu baxımdan, “hər biznes 3 ilə gəlirə çıxır” kimi ümumi bir yanaşma tətbiq etmək doğru deyil. Elə bizneslər var ki, hətta böyük maliyyə sərf etmədən, cəmi bir ay ərzində ilkin xərclərini qarşılayaraq qazanc əldə etməyə başlayırlar.

Gəlir üçün bir ay da kifayət edə bilər, bir il də

Bəzi hallarda isə, kiçik büdcə ilə başladılan layihələr çox qısa müddətdə gəlir gətirməyə başlayır. Bu müddət bir ay da ola bilər, beş ay da, bəzən isə bir il çəkə bilər. Bu, həm də sahibkarın ideyasını necə təqdim etməsindən, onu necə markalaşdırmasından və hansı marketinq strategiyası qurmasından asılıdır. Çünki gəlir satışdan keçir və satış isə düzgün qurulmuş biznes modelinə əsaslanmalıdır.

Qısa müddətdə gəlir üçün düzgün ideya və strategiya vacibdir

Ən önəmli məqamlardan biri isə ideyanı bazara təqdim etməzdən əvvəl onu yoxlamaq, bazar tələbatını araşdırmaq və müştəri portretini müəyyənləşdirməkdir. Daha sonra, hədəf auditoriyanı cəlb edəcək effektiv tanıtım metodları seçilməlidir. Bu mərhələlər uğurla keçildikdən sonra, biznes qısa müddətdə gəlir gətirməyə başlaya bilər.

Lakin bu dəyişkənliyə baxmayaraq, ilk dəfə biznes quran və təcrübəsi olmayan şəxslər üçün daha geniş zaman aralığı gözləmək tövsiyə olunur. Adətən yeni bizneslər ilk 6 ay ərzində zərərlə işləyir, daha sonra isə gəlir mərhələsinə keçirlər. Buna görə də, biznesin nəticə verməsi üçün ona vaxt tanımaq vacibdir.

Əgər sahibkar gözləntilərini düzgün təyin edərsə və planlaşdırmanı bu çərçivədə apararsa, o zaman proses daha effektiv və stressiz keçəcək. Qısacası, hər bir biznes öz inkişaf yolunu fərdi şəkildə keçir və nəticə əldə etmək üçün həm zamana, həm də doğru strategiyaya ehtiyac var.

Seçilən
4
valyuta.az

1Mənbələr