Hindistan təqribən 40 min tələbəni tədris üçün Ermənistana göndərməyə hazır olduğunu bildirib.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan deyib.
O, hindistanlı tələbələrin məhz Ermənistanda təhsil almağa həvəs göstərdiyini və hazırda ölkədə 3 minə yaxın hindistanlı tələbənin olduğunu açıqlayıb.
Qeyd edək ki, Hindistanın bəzi aparıcı universitetləri, o cümlədən Dehlidəki Cavaharlal Nehru Universiteti erməni tələbələrə təqaüd verir və bir neçə tələbə hazırda Hindistanın müxtəlif ştatlarının universitetlərində təhsil alır.
Maraqlıdır, doğrudanmı, Ermənistan təhsili Hindistan üçün cəlbedicidir?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Hindistanın Ermənistan təhsil sisteminə artan marağı və 40 minə yaxın tələbəni oraya göndərmək planı səthi şəkildə baxıldıqda təəccüblü görünə bilər. Çünki Hindistan özü dünyanın ən böyük ali təhsil sistemlərindən birinə sahibdir və bəzi sahələrdə, xüsusən mühəndislik, texnologiya və tibb üzrə beynəlxalq miqyasda tanınan universitetləri ilə öyünür.
Onun sözlərinə görə, Cavaharlal Nehru Universiteti, Delhi Universiteti, "Indian Institute of Technology" (IIT) və "Indian Institute of Science" (IISc) kimi qurumlar Qlobal QS və "Times Higher Education" reytinqlərində yüksək mövqelərə malikdirlər. 2024-cü il QS reytinqinə görə, Hindistanın 11 universiteti ilk 500-lükdə yer alıb. Buna baxmayaraq, Ermənistan kimi kiçik, region səviyyəsində tanınan bir ölkəyə belə miqyasda tələbə axını məsələsi daha çox geosiyasi, strateji və iqtisadi aspektlərdən qaynaqlanır:
"Ermənistan təhsil sisteminin beynəlxalq reytinqlərdə mövqeyi zəifdir. 2024-cü ildə nə QS, nə də "Times Higher Education" sıralamasında Ermənistan universitetləri ilk 1000-likdə yer alıb. Ölkənin əsas ali məktəbləri olan Yerevan Dövlət Universiteti, Yerevan Tibb Universiteti və Ermənistan Dövlət İqtisad Universiteti əsasən regiondaxili tanınma ilə kifayətlənir və beynəlxalq akkreditasiya səviyyələri məhduddur. Eyni zamanda Ermənistanın ali təhsil sistemi Boloniya prosesinə inteqrasiya etməyə çalışsa da, təhsil strukturu, keyfiyyət təminatı və innovasiya sahəsində ciddi boşluqlar mövcuddur. Məsələn, universitetlərin çoxunda müasir laboratoriyalar, beynəlxalq mübadilə proqramları və rəqabətli tədqiqat infrastrukturu yoxdur. Buna baxmayaraq, hindistanlı tələbələrin Ermənistanı seçməsinin səbəbləri daha çox alternativ bazar strategiyası, ingilisdilli proqramlar, təhsil haqlarının aşağı olması, tibb təhsili üzrə əlçatanlıq, və gömrük-göç prosedurlarının asanlaşdırılması ilə əlaqədardır".
K.Əsədov vurğulayıb ki, Hindistanın öz daxilindəki ali təhsil sistemi hər il milyonlarla müraciət alır və çox yüksək rəqabət mühiti formalaşır. Məsələn, 2023-cü ildə yalnız tibb ixtisasları üzrə NEET (National Eligibility cum Entrance Test) imtahanında 2.1 milyon nəfər iştirak edib, onlardan yalnız 5-6%-i dövlət universitetlərinə qəbul olub. Yəni, rəqabət səbəbilə çox sayda tələbə alternativ ölkələrə - Rusiya, Ukrayna (müharibədən əvvəl), Gürcüstan, Qazaxıstan, Çin və indi də Ermənistan kimi ölkələrə yönəlir.
Müsahibimiz əlavə edib ki, Ermənistan bu fürsətdən istifadə edərək xarici tələbələr, xüsusilə hindistanlılar üçün xüsusi proqramlar açır, təhsil proqramlarını ingilis dilində təşkil edir və qəbul prosedurlarını asanlaşdırır. Onun sözlərinə görə, bu, ölkəyə valyuta axını, təhsil sektorunun maliyyə baxımından güclənməsi və “soft power” baxımından diplomatik təsir imkanı qazandırır:
“Ermənistanın bu strategiyası Gürcüstan və Qazaxıstanın əvvəllər uğurla tətbiq etdiyi modelə bənzəyir. Onlar da hind, pakistanlı, ərəb və afrikalı tələbələr üçün uyğun infrastruktur quraraq ali təhsil sistemini ixracat modelinə çevirmişdilər. Amma bu cəlbedicilik təhsil keyfiyyəti ilə deyil, logistika və iqtisadi səbəblərlə bağlıdır. Hindistanlı tələbələrin çoxu Ermənistanı "təhsil üçün əlverişli sığınacaq" kimi görür: vizaların asanlığı, daha aşağı qəbul balı, daha az xərclə tibbi və mühəndislik təhsili alma imkanı. Bu, Ermənistanın ali təhsilinə etimadın deyil, Hindistanın daxili təzyiqinin və alternativ kanallar axtarışının nəticəsidir".
Kamran Əsədov: Hindistanlı tələbələrin çoxu Ermənistanı "təhsil üçün əlverişli sığınacaq" kimi görür
Hindistanın təhsil sisteminin struktur baxımından çox daha inkişaf etdiyini bildirən ekspertin fikrincə, bu ölkədə tədqiqat universitetləri, STEM proqramları, texnoloji innovasiya və təqaüd imkanları yüksək səviyyədədir. Eyni zamanda Hindistanın elmi məqalə istehsalında dünyada ilk onluğa daxil olması onun akademik potensialını ortaya qoyur. 2023-cü ildə Hindistanın tədqiqat sahəsindəki məqalə sayı 200 mindən çox olub, Ermənistan isə 1 200 civarındadır. Bu, iki ölkə arasındakı elmi performans fərqini açıq şəkildə göstərir:
"Ermənistanın təqaüdlə erməni tələbələri Hindistana göndərməsi strateji və qarşılıqlı marağa əsaslanır. Bu cür akademik əməkdaşlıqlar "elm diplomatiyası"nın bir formasıdır. Ermənistan Hindistanla həm iqtisadi, həm siyasi, həm də mədəni əlaqələrini gücləndirmək məqsədilə təhsil kanalını istifadə edir. Bu, diplomatik baxımdan ağıllı, amma elmi baxımdan hələ zəif əsaslı bir yanaşmadır”.
Ekspert hesab edir ki, Ermənistan təhsilinin Hindistan üçün cəlbedici olması keyfiyyətlə deyil, imkan və çıxış yolunun məhdudluğu ilə bağlıdır. Hindistan isə təhsil gücünü ixrac etməklə bərabər, təzyiqləri azaltmaq üçün bəzi tələbələrini xarici bazarlara yönəltməyə çalışır:
“Ermənistanın bundan necə istifadə edəcəyi isə təhsil sisteminin struktur islahatlarına gedib-getməyəcəyindən asılı olacaq. Əgər bu fürsəti yalnız valyuta qazanmaq üçün deyil, real elmi inkişaf üçün dəyərləndirərlərsə, Ermənistan regionda təhsil mərkəzinə çevrilə bilər. Əks halda, bu tendensiya müvəqqəti "təhsil turizmi" mərhələsindən uzağa keçməyəcək".
Gülşən Şərif