Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi keçirilir.
"Report" xəbər verir ki, tədbir Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən təşkil edilib və türkdilli ölkə onkoloqları arasında elmi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində dünyanın on ölkəsini, həmçinin yerli və beynəlxalq təşkilatları təmsil edən alimlər, mütəxəssislər və rəsmi şəxslər iştirak edir.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan,Türkmənistandan, həmçinin ABŞ, Almaniya, Tacikistan və Gürcüstandan olan nümayəndələr türkdilli ölkələrdə, eləcə də dünyanın bu sahədə böyük təcrübəsi olan ölkələrində onkoloji xidmətlərin təşkili, baş-boyun şişlərinin müalicəsi və profilaktikası, torakal onkologiya, süd vəzi xərçəngi, digər mövzularda mühazirələr və çıxışları dinləyəcək, fikir mübadiləsi edəcəklər.
Azərbaycanda bu formatda tarixdə ilk dəfə reallaşan Konqresin gedişində türkdilli dövlətlər arasında onkologiya sahəsi üzrə elmi əməkdaşlığa dair Memorandumun imzalanması da nəzərdə tutulur.
Tədbirdə klinik onkologiyaya aid mövzular, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi məsələləri müzakirə olunacaq.
Konqres iyunun 14-də öz işinə yekun vuracaq.