AZ

Tarixi ədalətin bərpası və təməl haqlarımızın qayıdışı

Qardaş Türkiyə dövlətinin paytaxtı Ankara şəhərində Qərbi Azərbaycan İcması və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfrans uzun illərdən bəri tarixi ədalətsizliklə üzləşən, fundamental insan haqları pozulan soydaşlarımızın problemlərinin beynəlxalq platformaya çevrildi. 

Azərbaycan və Türkiyədən 250-ə yaxın iştirakçı, həmçinin Azərbaycan Respublikası Prezidenti Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Efkan Ala, sədr müavini Zəfər Sırakaya, Türkiyə Böyük Millət Məclisinin komitə sədrləri, sədr müavinləri və  üzvləri, dövlət qurumlarının nümayəndələri, universitet  rektorları, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və media nümayəndələri qatılan konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Konfrans iştirakçılarına müraciətini oxundu. Beynəlxalq konfransı  “Azərbaycan və Türkiyə nümayəndələrinin bir araya gəldiyi bu konfrans regionumuzda sülhün, ədalətin və insan hüquqlarının bərqərar olması yolunda çox əlamətdar hadisə” adlandıran Prezident oxşar tədbirlərin hər iki ölkənin beynəlxalq hüquq prinsiplərinə sadiqliyinin bölgədə sabitliyin təmin olunmasına zəmin yaratdığını vurğulayır. Silahlı münaqişələr və irqi ayrı-seçkilik nəticəsində dünyada milyonlarla insanın qaçqınlıq həyatı yaşamasını ancaq həmin insanlar üçün deyil, bəşəriyyət üçün faciə olduğunu qeyd edən İlham Əliyev Konfransa məktubunda  XX əsrin əvvəllərindən regionda bərkiməyə macal tapan erməni millətçiliyinin Azərbaycan xalqına görünməmiş müsibətlər yaşatdığını, nəticədə yüz minlərlə soydaşımızın öz dədə-baba torpaqlarından zorla çıxarılmağa, kütləvi qətl və qırğınlara məruz qalmasının yaratdığı fəsadları xatırladır: “Qərbi Azərbaycanda, Ermənistan ərazisində 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə sistemli və total şəkildə etnik təmizləmə həyata keçirilmiş və beləliklə, Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamışdır. Bu etnik təmizləmə böyük humanitar faciə olmaqla yanaşı, 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə Azərbaycanın əsas hissəsinin onun ayrılmaz hissəsi olan Naxçıvanla quru əlaqəsini kəsmək kimi mənfur geosiyasi məqsədə də xidmət etmişdir”.

Konfrans iştirakçılarına yönlənən məktub daha bir məqamı qabardır ki, özünü əməli fəaliyyətində təkcə Azərbaycan Respublikasının yox, dünya azərbaycanlılarının Prezidenti olaraq təsdiq edən cənab İlham Əliyev həmin müraciətində Ermənistandan ölüm qorxusu altında çıxarılan, müxtəlif fiziki və mənəvi işgəncələr yaşamış soydaşlarımızın yanında məsələnin məntiqi nəticəsini tapana qədər dayanılacağını xatırladır: “Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri təqdirəlayiqdir və dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir”.

Beş il əvvəl, 2020-ci ilin noyabrında işğalçı Ermənistan üzərində birmənalı qələbədən sonra onu kapitulyasıya aktına imza atmağa məcbur edən, tarixi Zəfərlə ancaq Azərbaycanı deyil, onu sevən və dəstəkləyən xalqlara da unudulmaz hisslər yaşadan Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev bütün bunlarla bərabər onillərlə işğalçılıq siyasətini dövlət səviyyəsində yürüdən, “Qarabağ Ermənistandır və nöqtə”- deyən dövlətin rəhbəri ilə bərabər, əhalisinə, dünya ictimaiyyətinə də ismarıcını verir, qalib Azərbaycan Respublikasının hansı mənəvi normalarla yaşadığı ilə bağlı ismarıcını bir daha xatırladır: “Xüsusi olaraq vurğulamaq istərdim ki, Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir. Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək Qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir. Hesab edirik ki, Qərbi Azərbaycanla bağlı dünya ictimaiyyətinin məlumatlılığının artmasına xidmət edən bu beynəlxalq konfrans soydaşlarımızın öz doğma torpaqlarına qayıdışına önəmli töhfə verəcəkdir”.

          Konfransın gedişatı boyu istər qardaş ölkənin siyasi rəhbəriyində təmsil olunan şəslər- Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məslisinin üzvü Efkan Ala, istərsə də panel müzakirələrinə qatılan türkiyəli tarixçilər- Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin Tarix İnstitutunun direktoru  professor  Kamal Çiçək, tarixçi-professorlar İlbər Ortaylı, Aygün Attar, Tufan Gündüz, Okan Yeşilot və İbrahim Ethem Atnur çıxış ediblər. 

TBMM-in Qadınlar və Kişilər arasında İmkan Bərabərliyi Komissiyasının sədri Çiğdem Erdoğanın moderatorluğu ilə “Qərbi Azərbaycan: hüquqi və humanitar aspektlər” mövzusunda baş tutan ikinci paneldə TBMM-in Komissiya sədrləri Vedat Bilgin və Derya Yanık, TBMM-in üzvü Zeynep Yıldız, professorlar Cavid Abdullazadə, Yaşar Sarı  və Muharrem Kılıçın çıxışları, hər iki ölkənin ictimai-siyasi həyatının tanınmış adamları, Azərbaycan Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov, TBMM-in üzvü, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Zəfər Sırakaya, Milli Məclisinin üzvü, “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı, TBMM-in üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım çıxışlarında Qərbi Azərbaycandan çıxarılan, qətlə yetirilən, dədə-baba yurdunda yaşamaq haqqı əlindən alınan insanlarda inam yaradan gerçəkliklərdən söz açdılar.

Çıxışlarda Güney Qafqaz geopolitikasının region dövlətləri, həmçinin Asiya ilə Avropa arasında min illərdən bəri ən mühüm yol qovşağının üstünlükləri, Hindistandan köç edərək Balkanlara, oradansa Mesopotamiyaya yollanan, burada xristianlığı qəbul edən, sonralar nəzərəçarpacaq sayda hissəsinin Osmanlı Türkiyəsini “əbədi məskunlaşma” üçün ideal yer sayaraq məskən salan, tolerant türklər arasında əsasən sənətkarlıqla məşğul ermənilərin siyasi iddialarını ortaya qoyacaq güc sahibinə çevrilmələrini şərtləndirən faktorlar barədə danışdılar. Faktlar əsasında səsləndirilən fikirlər o həqiqəti təsdiq edirdi ki, 1915-ci ildə, I Dünya Müharibəsində tərəflərdən biri kimi iştirak edən Türkiyə dövlətinə qarşı Osmanlı sultanlarının saraylarına qədər gedib çatan ermənilər məskunlaşdıqları Türkiyədə milli və dini mənsubiyyətə görə hansısa təzyiqə məruz qalmamış, qarşı tərəf dövlətlərin maraqları naminə casusluq, habelə ölkənin müdafiə qabiliyyətini sarsıdan ardıcl iğtişaşlara görə hökumətin təqdim etdiyi, parlamentin həmin il mayın 27-də qəbul etdiyi Təhcir və ya rəsmi adı ilə "Sevk ve İskân Kanunu"na əsasən erməni əhalisinin sürgün edilməsinə qədər bu münasibət dəyişmədi. İmperiya sərhədləri içərisində, Türkiyənin Şərq Cəbhəsinə yaxın ərazilərdə yaşayan ermənilərin köçürülməsi kampaniyası 1916-cı il 8 fevralın 8-nə qədər davam etdi. Müharibəyə qədər də, hələ XIX əsrin 70-ci illərindən başlayaraq ruslar və fransızların təhriki, erməni ziyalılarının və erməni apostol kilsəsinin “pul kisələrinə qarşı həssaslığı” o illərin politologiyasında “erməni məsələsi”- deyilən məsələnin Berlin andlaşmasına çıxarılmasında həlledici rol oynamı, məhz Avropanın hakim dairələrinə yaxın kluarlarında davam edən bu mövzuda söhbətlərdən sonra, 1890-cı ildə təsis olunan “Daşnaksutyun” partiyası həmin istiqamətdə fəaliyyətə başladı. Ardınca, erməni sakinlər 1894-cü ildə Sasunda, 1895-ci ildə Zeytunda, 1896-cı ilin iyununda Vanda qanlı iğtişaşlar başlatdılar. Bu, ermənilər tərəfinfən gələcək planlar üçün nəticələrə hesablanan hadisələrdən sonra Babken Suni və Armen Qaronun başçılığı ilə iyirmi səkkiz silahlı kişi və qadın Osmanlı İmperiyasındakı erməni məsələsinə beynəlxalq diqqəti cəlb etmək məqsədi ilə çoxlu sayda Britaniya və Fransa vətəndaşının çalışdığı Osmanlı Bankını ələ keçirdi. Bunlar da kifayət etmədi. 1905-ci il iyulun 21-də Erməni İnqilabi Federasiyasının (“Daşnaksutyun”) təşkilatçılığı ilə İstanbuldakı Yıldız məscidi yaxınlığında Osmanlı Sultanı II Əbdülhəmidə qarşı uğursuz sui-qəsd cəhdi baş verdi. Sultanın təsadüfən rastlaşdığı Şeyxülislam Mehmed Cəmaləddin Əfəndi ilə bir neçə dəqiqəlik atüstü söhbəti onun hadisə yerinə gec gəlib çatması və real ölümdən xilas olmasına yardım etsə də, içində Sultanın mühafizəçiləri olmaqla 26 nəfər öldürüldü, 58 nəfər yaralandı. “The Times” qəzetinin 1905-ci il iyulun 22-də çap olunan nömrəsində baş verən hadisə “müasir dövrün ən böyük və ən sensasiyalı siyasi sui-qəsdlərindən biri” kimi qiymətləndirilirdi.

1915-ci ildə qəbul olunan Təhcir Qanununa qədər ermənilər “Milləti- saddiqa” (sadiq millət) olaraq qəbul edilən ermənilər Osmanlı Türkiyəsində mühüm dövlət vəzifələrində, o cümlədən sədrəzəm (Baş nazir), nazir və diqər dövlət vəzifələrində çalışıb. Hələ XV əsrin 70-ci illərində Sultan II Mehmed Fatehin dövründə saray həkimi erməni Əmirdovlat Amasiatsi idi. Onu da xatırladaq ki, İstanbulda ilk dəfə Erməni Apostol Patriarxlığını quran Sultan II Mehmed Fatehə qədər bizanslılar orada öz patriarxlığını yaratmağı ermənilərə qadağan etmişdi. 

Sultan II Mahmudun icazəsi ilə 1834-cü ildə İstanbulda Kazaz Artin Amira Bezjian başda olmaqla Osmanlı erməniləri tərəfindən qurulan və idarə olunan İstanbul Erməni Xəstəxanası bu gün də fəaliyyət göstərir. 

Sultan II Əbdülhəmidin uşaqlıq dostu Artin Dadyan Paşa Osmanlı İmperiyasının Xarici İşlər naziri, digər erməni Hakob Kazazyan paşa Sultan II Əbdülhəmidin dövründə Osmanlı Maliyyə naziri olmaqla yanaşı, Şəxsi Xəzinə Naziri vəzifələrində çalışıb. Kazazyanın ölümündən sonra onun yerinə erməni Mikael Portukal Paşa təyinat aldı. Bunların sırasında Nübar Nübaryanın karyerası maraqlıdır. Sultanın fərmanı ilə Misirin baş naziri təyin olunan Nübar Paşa bu vəzifəni üç dəfə- 1878-ci il avqustun 28-dən 1879-cu il fevralın 23-dək, 1884-cü il yanvarın 10-dan 1888-ci il iyunun 9-dək və 1894-cü il aprelin 16-dan 1895-ci il noyabrın 12-dək tutub, sonralar Misirin Xarici İşlər naziri olub.

1877-ci ildə Rusiya-Türkiyə müharibəsində yaralanan Osmanlı əsgərlərinin müalicəsinə nəzarət və rəhbərlik İmperiya hospitalında Nafilyan Anton Paşaya həvalə olunmuşdu. Bunlardan əlavə, 1892-ci ildə Sultan Əbdülhəmid tərəfindən imperator sarayına müşaviri təyin edilən Peştimalçan paşa sonradan Osmanlı Qızıl Ayparasının yaradıcılarından biri oldu. Erməni ustaları Osmanlı memarlığı tarixində öz izlərini qoydular: zadəgan Balyan ailəsindən olan memarlar sülaləsi 18-ci və 19-cu əsrlərdə beş nəsil üçün saraylar, malikanə, körpülərdən məscidlər və kilsələrə qədər çoxsaylı iddialı layihələr hazırladı və tikdi. Onların arasında Dolmabahçe Sarayı, Taksim Hərbi Kışlası, Nusretiye Saat Qülləsi, Çırağan Sarayı, İstanbul Sikkəxanası, Valide Barajı, Kiçik Məcidiyə məscidi, Küçüksu Köşkü, İstanbul Texniki Universitetinin əsas binası, Dolmabahçe Saat Qülləsi və Türkiyədəki onlarla digər memarlıq obyektləri var.

Bu faktları bukünkü Türkiyədə inkar etmirlər, onlar onu da inkar etmirlər ki, Osmanlı Türkiyəsinə gələrək buranı vətən seçən ermənilər təəssüf ki, regionda strateji dövləti maraqlarını etmək niyətində olan ölkələrin alətinə çevrilirlər.

1918-ci ildə Türkiyə xəyallarının qüruba enməsindən əmin olan ermənilər strateji məqsədləri üçün ideal məkan kimi Güney Qafqazı görürdülər.

        XX əsr Azərbaycanın və azərbaycanlıların tarixində işıqlı olduğu kimi, qaranlıq və sonu görünməyən hadisələrlə dolu səhifələr yazırdı. Bu həmin yüzillikdir ki, xalqımızın ictimai şüurunun formalaşması ilə yanaşı, qabarmaları və çəkilmələri ilə müşayiət olunan proseslər fonunda öz haqlarına qovuşmağa can atan böyük fikir adamları millətin ölüm-qalım məsələsini ortaya qoydular. Hərfi mənada başa düşülməli o məsələ, özündə bir millətin var olması uğrunda mübarizənin konturlarını ehtiva edirdi və qəbul edək ki, bu, olduqca aktual idi. Geosiyasətin diqtə etdiyi və yaratdığı mövcud situasiya o qədər amansız görünürdü ki, günbəgün aktuallaşan bu məsələ ətrafında səfərbərlik zamanın tələbinə çevrilirdi. Osmanlı Türkiyəsinin XIX əsrin sonlarından uğradığı tənəzzül, 700 illik imperiyanın getdikcə korreksiyalara məruz qalan siyasi xəritəsi, gəlişməkdə olan yeni dünya güclərinin gizlədilməsi lazım bilinməyən iddialarının yaratdığı təhdidlər ayrı-ayrı xalqlar üçün damokl qılıncına çevrilmişdi. Azərbaycanlılar bunun ilk ağrısını işğal gücünə tərkibinə qatıldıqları Rusiya İmperiyasını silkələyən 1905/7-ci illər inqilabı ərəfəsində hiss etdilər. Tarixə Birinci Rus İnqilabı kimi düşən,  Rusiya İmperiyasında 1905-ci ilin yanvarından 1907-ci ilin iyununa qədər davam edən hadisələrə səbəb xalqın üst-üstə qalanan narazılığı, aşağı yaşayış səviyyəsi, siyasi azadlıqların olmaması fonunda imperiyanın Rusiya və Yaponiya müharibəsindəki məğlubiyyəti səbəb olmuşdu. Təsadüfi deyil ki, ictimai-siyasi motivlər əsasında başlayan, 1905-ci il inqilabının məcrasını dəyişən də erməni burjuaziyasının və sonralar Rusiyadakı sosialist quruluşunun baş memarlarından birinin qeyd etdiyi kimi, “burjuaziyanın pul kisəsindən asılı olan” erməni ziyalılarının körüklədiyi “Qafqazda erməni dövləti” ideyası idi. Bu, həmin vaxtlar idi ki, Saroyevoda Frans Ferdinanta atılacaq güllədən sonra “Yer üzünün ədalətlə bölüşdürülməsinə” başlayacaq müharibəyə 9 il vaxt qalırdı və zənginləşən, hər şeyə nail olduğunu zənn edən erməni burjuaziyasının xəyallarındakı “erməni dövləti”ni qurmaq üçün ideal şərait “ölməkdə və çürüməkdə olan” Rusiya imperiyasının ərazisindəki Güney Qafqazda görünürdü. Bunun üçünsə 1828-ci ildən- İrəvanda qurulan “erməni vilayəti”nin ərazilərində və Zəngəzur dağlarından keçərək Qarabağ yaylaqlarına qədər uzanan torpaqlarda “Ermənistan dövləti” yaratmaq xəyalpərvərlik kimi görünmürdü. Bunu şərtləndirən bir neçə fakta ötəri baxmaq kifayətdir ki, Qərbi Azərbaycanda, İrəvan xanlığının ərazisində Erməni Vilayəti yaradılana qədər ərazidə demoqrafik vəziyyətə baxmaq bəs edər. Həmim vəziyyət 1826-cı ilə aid statistikada müsəlmanların ümumi sayının 117, 849 nəfər olduğu halda, xristianların ümumi sayı: 25, 151 nəfərdirsə, 1828-ci ildə Türkmənçay sülh müqaviləsi bağlanıldıqdan 4 il sonra vəziyyət dəyişir və müsəlmanların sayı 82, 073 nəfərə düşürsə, xristianların sayı 82, 377 nəfərə çatır. Ərazidə demoqrafik vəziyyətin dinamikası erməni millətçiliyinin regionda imtişarı üün zəmin olur. “Daşnaksütyun” partiyasının ideoloji əsasları, artıq Bakı nefti ilə zənginləşən erməni milyonçularının, habelə donor dövlətlərin vəsaitləri hesabına yaradılan ilk erməni silahlı birləşmələrinin, özlərinin adını sevgi və ehtiramla çəkdikləri “Hayduk” dəstələrinin ilkin hədəflərini göstərdilər: bunlar həmin ərazilərdə minillərlə yaşayan yerli türk-müsəlman əhali idi. Təsadüfi deyildi ki, məhz həmin zolağın üstündə, Zəngəzur mahalında yaşayan insanlar “Hayduk” dəstələrinin ilk qurbanlarına çevrildilər. Sonradan genişlənərək bir ucu Dərələyəz mahalından keçməklə Vedibasar, Göyçə mahallarına, oradansa Lori dərələrinə, digər ucu Cavanşir qəzasını adlamaqla Şuşaya qədər gedib çıxan ərazilərdə yerli sakinlərin silahlı “Hayduk” dəstələri tərəfindən soyqırımına məruz qalması erməni millətçilərinin gələcək planları üçün hazırlıq mərhələsi idi. Yeri gəlmişkən, bu aksiyalar milli və dini mənsubiyyətinə görə töküıən ilk qan və onunla da başlayan, istər obıvatel azərbaycanlıların, istərsə də statistik ermənilərin nəinki tarixinə, təhtəlşüuruna yazılacaq “erməni-müsəlman davası”nın ilk səhifələri idi.

         Bununla da yuxarıda qeyd edildiyi kimi, Güney Qafqazda iki xalq arasında başlayan və 115 il davam edən faciələrlə dolu hadisələrə start verildi. Bütün bunlar barədə “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfransın panel iclasında istər Azrbaycan, istərsə də Türkiyə tarixçiləri və ekspertləri geniş danışdılar.

Bir daha qeyd etməyi lazım bilirik ki, baş verən hadisələr birbaşa Rusiya İmperiyasının 1828-ci ildə İrəvan xanlığının bazasında yaradılan Erməni Vilayətinin nümunəsində o yerlərə köçürülən ermənilər üçün gələcəyə hesablanan ilk ümid təməli idi. 90 il sonra məhz həmən təməl daşları üzərində qurulan Ermənistan dövləti elan olunandan dərhal sonra onun ərazisini aborigen əhalidən təmizləməyə hesablanan əməliyyatlara başladı. Ermənistandada qurulan daşnak hökumətinin baş naziri Hovhanes Kaçaznuni 1923-cü ildə Rumıniyanın Konstantsa şəhərində keçiirlən “Daşnaksütyun” partiyasının konfransına təqdim etdiyi “Daşnaksütyunluq bir iş qalmadı” məruzəsində deyirdi: “Biz ilkin olaraq türklərin mütləq çoxluq təşkil etdiyi əraziləri təmizləmək yolunu tutduq”. Bu “təmizləmənin” ancaq Zəngəzur mahalındakı azərbaycanlı qurbanlarının sayı on mindən çox idi. Daşnak Ermənistanının yerində qurulan Sovet Ermənistanda isə azərbaycanlıların deyil, onların adı ilə bağlı olan toponimlərə qarşı soyqırımına start verildi. 1919-1935-ci illər arasında bu ərazidə 190-dan çox azərbaycanlıların  yaşayış məntəqəsinin adı dəyişdirildi. 1933-cü ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya bölməsinin Ermənistan bölməsi nəzdində respublikada bunu icra etməli olan Coğrafiya Komissiyası yaradıldı. Komissiyanın verdiyi rəy əsasında 1936-cı ildə İrəvan şəhərinin adı dəyişdirilərək Yervan oldu. Əlbəttə, məqsəd ancaq şəhərin adının dəyişdirilməsi yox, onun “tükcə danışan” memarlığını “milliləşdirərək” idi və buna görə də Sovet Ermənistanının “beynəlmiləçi” rəhbərliyi erməniəsilli memarı, retrospektiv neoklassizm ustası, 1914-cü ildə şəhərsalma üzrə ən nüfuzlu mütəxəssislərdən biri, İmperator Rəssamlıq Akademiyasının akademiki Aleksandr Ovanesoviç Tamanyan İrəvanın baş planını hazırlamaq üçün İrəvana dəvət etdi. 1923-cü ildə İrəvana köçən, Xalq Komissarları Sovetinin baş mühəndisi və Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü təyim olunan Tamanyan ona həvalə edilən işlərin həyata keçirilməsinə başladı. Onun fəaliyyəti barədə 1943-cü ildə Nijdenin rəhbərliyi ilə Erməni Milli Komitəsinin (Faşist Almaniyasının nəzarətindəki qurum) Krımda nəşr etdirdiyi "Hay azq" (“Erməni milləti”) jurnalının ikinci nömrəsində onun İrəvandakı fəaliyyətini belə ümumiləşdirilirdi: “Tamanyanın üslubu kiçik bir əyalət şəhərinin Ermənistanın müasir paytaxtına, böyük sənaye və mədəniyyət mərkəzinə çevrilməsinə kömək etdi, tikililərə milli ruh verdi”. Faşizmin ruporu olaraq nəşr edilən jurnalda söhbət İrəvan tikililərinə memar Tamanyanın verdiyi “milli ruh”dan gedirdi. 

Yuxarıda qeyd edilənlərin fonunda 1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri A.A. Qromıkonın Qarabağ məsələsi ilə bağlı azərbaycanlı və erməni deputatların iştirakı ilə keçirilən iclasın stenoqramına baxmaq bu gün də maraqlıdır. İclasda Ermənistan nümayəndə heyəti adından çıxış edən və “məsələnin hüquqi həllini təklif edən” İrəvan Universitetinin rektoru, akademik Sergey Ambartsumyanın sözünü keçmiş SSRİ-nin faktiki rəhbəri, Azərbaycanlılara qarşı mənfi münasibəti heç kimdə şübhə doğurmayan Mixail Qorbaçov başladığı cümləni yarıda kəsərək soruşur: “Siz tələbələrinizi belə öyrədirsiniz?”.

"Yoldaş Qorbaçov! Mən dəqiq elmlərdən dərs deyirəm"- deyə, rektor cavab verir. Qorbaçov növbəti sualını səsləndirir: 

-         Bakıda nə qədər erməni yaşayır? 

-         200 mindən çox...

-         Bakıdakı ermənilər haqqında düşünmüsünüzmü?

Universitet rektoru cavab verməkdə çətinlik çəkir və ölkə rəhbəri növbəti sualını verir:

-         Mənə deyin, əsrin əvvəllərində İrəvanda nə qədər azərbaycanlı var idi?

Ambartsumyan bu suala cavab verə bilməyəcəyini bu cür izah edir ki, ömrü boyu dəqiq elmlərlə məşğul olub, dəqiq statistika olmadığı üçün cavab verməkdə çətinlik çəkir.

SSRİ-nin siyasi rəhbərin “ömrü boyu dəqiq elmlərlə məşğul olan” akademikə cavabı belə olur:

-         Bilməyə borclusunuz. Yadınıza salım: əsrin əvvəlində İrəvanda əhalinin 43 faizi azərbaycanlı idi. İndi azərbaycanlılar neçə faizdir?

-         İndi çox azdır. Yəqin ki, bir faiz.

-         Mən erməniləri azərbaycanlıları oradan qovmaqda günahlandırmaq istəmirəm...

          Məhz II Dünya Müharibəsinin başlaması ilə Sovet Ermənistanında azərbaycandilli toponimlərinin qırğını prosesini səngiməsinə baxmayaraq, sonradan bu istiqamətdə fəaliyyətin nəticəsi olaraq 1930-1991-ci illər ərzində Qərbi Azərbaycanda 600-dən çox türk toponiminin adı dəyişdirildi. Ümumilikdə isə 1918-ci ildən 1980-ci illərin ortalarına qədər 254 türk mənşəli yaşayış məntəqəsinin adı Ermənistanın xəritəsindən tamamilə silindi, azərbaycanməşəli toponimlərə vurulan cəllad baltaları 1991-ci ildən sonra da davam etdi.

           Məqsəd bu coğrafiyada əsrlərcə yaşayan xalqın izini silmək istəyindən başqa bir şey deyildi və o istək bu gün də Qərbi Azərbaycan ərazisində yaranan Ermənistan dövlətinin aparıcı siyasəti olaraq qalamaqdadır. Xatırlatma üçün qeyd edək ki, yaxın zamanlarda “Yutub” sosial şəbəkəsində1993-cü il iyulun 23-24-də keçirilən “Yerkrapa” hərbi təşkilatının Birinci Qurultayında səhra komandirləri qarşısında Ermənistan prezidentinin çıxışı o siyasətin dəyişmədiyini təsdiq edir. 

Levon Ter-Petrosyan lideri olduğu Erməni Ümummilli Hərəkatı və onun silahlı qolu “Yerkrapa”nın ermənilərin 600 ildən bəri (ermənilərin Qərbi Azərbaycana gələrək məskunlaşdığı tarixi isə1828-ci ildir- M.H) həll çözə bilmədyi problemi həll etdiyini vurğulayır.

           Çıxışını davam etdirən Ter-Petrosyan, əslində, ermənilərin Dağlıq Qarabağ avantürasının əsl məqsədini özü də bilmədən açır, aparılan siyasətin hansı siyasətə hesablandığını qeyd edir: “Təsəvvür edin ki, əgər bu gün Ermənistanda, 1988-ci ilə qədər burada yaşayan digər millətlərdən olan (azərbaycanlıları nəzərdə tutur- M.H) 170 min insan yaşamaqda davam etsəydi, bu gün bizim dövlətimiz olmazdı. Biz nə şimal rayonlarımızı, nə də Göyçə (Sevan) rayonunu qoruya bilməzdik.

Unutmayın, yadınıza salım ki, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiya bölgələrində azərbaycanlılar çoxluq, Zəngəzur bölgəsində əhalinin böyük hissəsini təşkil edirdi. İndi bu problem həll olunub. Bu problemi biz öz hərəkatımızla həll etdik”. 

Bu çıxışı ilə 32 il əvvəl Levon Ter-Petrosyan yarımçıq şərqşünas olduğu kimi də yarımçıq siyasətçi olduğunu təsdiq etdi və həmin “odlu” nitqindən bir neçə il sonra prezidentlik postunu da yarımçıq tərk etdi.

Tarixə ekskurs epizodları ilə iştirakçıları maraqlandıran faktların səsləndiyi Konfransda tarixi vətənlərindən ölüm təhdidi altında çıxarıldıqları, onların əsrlər boyu yaratdıqları mədəni irsin və qəbiristanlıqların məhv olunması ilə bərabər, 100 illik ədalətsizliyin həll olunması yolları da göstərildi. Konfransada Ermənistan hökumətini qərbiazərbaycanlıların doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını qeyd-şərtsiz təmin etməyə və bunun üçün beynəlxalq hüquqa uyğun real addımlar atmağa çağırış edən bəyanat qəbul edildi. Bəyanatda beynəlxalq təşkilat və qurumlara səslənən soydaşlarımız qayıdış hüququnun təmin edilməsini regionda yaşayışın bərqərar olması üçün zəruri şərt olduğu bildirilir. 

Qardaş Türkiyə Respublikasının paytaxtında keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfransda o məqam xüsusi vurğulandı ki, Ümummilli Liderin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətdə olduğu dövrlərdə qayıdış üçün siyasi və hüquqi əsasların yarandı. Qayıdışın təməl prinsipləri 1997-ci il dekabrın 18-də Prezident Heydər Əliyevin imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından  kütləvi surətdə deportasiyası haqqında” Fərmanda belə əsaslandırılırdı: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində  xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət  nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən- min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından  didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran  edilmişdir”. Daha sonra 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının  hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və  onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə Prezident Heydər Əliyevin sədrliyində Dövlət Komissiyası yaradıldı və bu istiqamətdə çox mühüm ictimai-siyasi, elmi-tədqiqat işlərinin yeni mərhələsi başladıldı. Prezident İlham Əliyevin biləvasitə qayğısı, təşəbbüsü və siyasi iradəsi ilə Qərbi Azərbaycan İcmasının səsi xüsusilə Vətən Müharibəsində qazanılan Zəfərdən sonra həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda eşidildi.

Bir əsrdə ölüm, işgəncə və bunlardan ağır olan Vətən həsrəti ilə yaşayan insanlarımızda qayıdışa inamı da bu faktorlar şərtləndirir.

 

Mahirə Hüseynova,

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru,

QAİ İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor.  

 

 

 

 

Seçilən
17
1
xalqqazeti.az

2Mənbələr