Kriptovalyuta bazarında son saatlarda sürətli ucuzlaşma müşahidə olunub.
Valyuta.az xəbər verir ki, 13 iyun 2025-ci il tarixində Bitcoin (BTC), Ethereum (ETH) və digər aparıcı altkoinlərin qiymətində ciddi eniş qeydə alınıb. Yenidən yüksəlişə keçməkdə olan bazar, İsrailin İrana hava zərbələri endirməsi və ABŞ Federal Ehtiyat Sisteminin (FED) mövqeyi səbəbindən növbəti dəfə enişə məruz qalıb.
“The Block” nəşrinin məlumatına görə, enişə səbəb olan əsas faktor İsrailin İranın nüvə və hərbi obyektlərini hədəf alan hava zərbələri olub. Hadisə bölgədə geosiyasi gərginliyi artırıb və bu, riskli aktivlər hesab olunan kriptovalyutaların satışına təkan verib. Tarixi tendensiyalara əsasən, Yaxın Şərqdə artan gərginliklər investorların bu tip aktivlərdən uzaqlaşmasına səbəb olur.
Bazarda müşahidə olunan son rəqəmlərə görə, "Bitcoin" son 24 saat ərzində 4%-dən çox dəyər itirərək 104 000 dolların altına düşüb, daha sonra qismən bərpa olunaraq 104 400 dollara qədər yüksəlib. Ethereum isə 10%-ə yaxın ucuzlaşaraq 2500 dollar səviyyəsinə geriləyib. Digər populyar altkoinlər – “XRP”, “Solana” (SOL), “Dogecoin” (DOGE) və “Avalanche” (AVAX) da 6% ilə 15% arasında dəyər itkisi ilə BTC və ETH-ni izləyib.
Qiymət enişinə səbəb olan ikinci əsas amil isə ABŞ-də son inflyasiya göstəriciləridir. İstehlakçı qiymətləri indeksinin (CPI) gözləntiləri aşması və istehsalçı qiymətlərinin artması fonunda iyun ayında FED-in faiz endirimi ehtimalı demək olar ki, aradan qalxıb. Hal-hazırda faiz dərəcələrinin dəyişməz qalma ehtimalı 97,3% səviyyəsində qiymətləndirilir. Bu vəziyyət kriptovalyuta bazarına əlavə təzyiq göstərib.
“Coinglass” platformasının verdiyi məlumata əsasən, son 24 saat ərzində cəmi 1,14 milyard dollar dəyərində levered ticarət mövqeləri ləğv edilib. Bu məbləğin 1,04 milyard dolları uzunmüddətli, 101 milyon dolları isə qısamüddətli mövqelərə aiddir. Ümumilikdə, 246 993 investor zərər çəkib və ən böyük ləğv “Binance” birjasında BTC/USDT ticarət cütlüyündə baş verib.
Sərvanə Rəmixanova