Yaxın Şərqdə yeni gərginliyin artması fonunda qızılın qiyməti aprelin 22-dən bəri ilk dəfə olaraq 1 troya unsiyası üçün 3450 dolları ötüb.
Bizim.Media xəbər verir ki, bu barədə Comex ticarət platformasının (Nyu-York Ticarət Birjasının bölməsi) məlumatlarında qeyd olunub.
Bakı vaxtı ilə saat 05:20-yə olan məlumata görə, avqust qızıl fyuçersləri 0,07% artaraq 1 unsiya üçün 3 450,2 dollar təşkil edib. Saat 07:01-də qiymətlər 3 467 dollara (+0,56%) yüksəlib və bu, gündəlik maksimuma çevrilib. Bununla belə, Bakı vaxtı ilə saat 09:16-da metal 3447,3 dollara (-0,01%) ucuzlaşaraq dəyər itirməyə başlayıb.
Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.
Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. Buna cavab olaraq İran İsrailə 100-dən çox PUA buraxıb.
Bizim.Media