AZ

Milli Qurtuluş salnaməsi

Ölkəmizdə "Konstitusiya və Suverenlik ili" çərçivəsində həm də ölkəmizin hüquqi dövlət quruculuğu, milli tərəqqisi və ümummilli inkişafına, onun suverenliyinə xidmət edən əvəzsiz insanları da xatırlamaq böyük borcdur. Bu cür insanlar arasında ilk yada düşən, özünün tarixi missiyası və miqyası ilə özünəməxsusluq qazanan Ümummilli Lider Heydər Əliyev və onun adı ilə bağlı olan Böyük  Qurtuluş hadisəsidir.

Tarixin elə bir həssas anı olur ki, güclü, qüdrətli bir şəxsiyyətə hava-su kimi ehtiyac yaranır. Bu şəxsiyyət az qala bir tarixi xilas etməyə, dolayısı yox, məhz birbaşa öz millətini, xalqını, ölkəsini qurtarmağa müvəffəq olur. Bu şəxsiyyətin fəaliyyət əzmi mənsub olduğu millətin milli mövcudluq taleyinə çevrilir. Ümummilli Lider Heydər Əliyevin də Azərbaycan tarixi və siyasi həyatında böyük meydana gəlişi məhz bu cür tale əhəmiyyətli missiyanın həyata keçirilməsi ilə müşaiyət olunmuşdur. Heydər Əliyev özünün milləti və ölkəsi yolundakı xidmətləri ilə xalqının ən böyük hörmət və sevgi ünvanına - Azərbaycan xalqının Ümummilli Lideri adına layiq görülmüşdür.

Dərin Böhrandan Böyük Qəhrəmana

Nə vaxt xalqımız tarixin bir dönəmində dara qısnandısa, çıxılmazlığa düçar oldusa, ümummilli lider Heydər Əliyev onun ümid qapısı oldu. Azərbaycanın 1990-1993-ci illərdəki  dövrü də məhz tarixin belə bir mürəkkəb, qarışıq bir dönəmi idi. 1988-ci illərdən başlanan milli azadlıq uğrunda xalq hərəkatının əzmi nəticəsində Sovet imperiyasının çöküşü ilə hakimiyyətə gələn qüvvələr milli müstəqilliyi əldə saxlamağa müvəffəqiyyət göstərə bilmədilər. Azərbaycanın müstəqilliyi yenidən təhlükə altına düşdü. Beləliklə, 1990-1993-cü illər qısa zaman kəsiyi Azərbaycan xalqının tarixi taleyinin həll olunma məqamı, müstəqilliyin itirilmə təhlükəsi kimi problemlərlə səciyyəvi olaraq tarixə yazıldı. Dilemma qarşısında qalan Azərbaycan xalqının böyük qəhrəmanlıq hesabına əldə etdiyi müstəqilliyi, milli azadlığı təhlükə altında idi. Vətəndaş qarşıdurması xalqın taleyini durmadan təhdid edirdi. Bu xaos qarşısında aciz qalan, nə edəcəyini bilməyən, birdən-birə vəzifə görüb beşəlli hakimiyyətə sarılan naşı hökumət nümayəndələri isə xalqa müxtəlif yuxular sayıqlayırdılar. Sözsüz ki, belə gərgin, mürəkkəb ictimai-siyasi vəziyyətdə müxtəlif qonşu və qonşu olmayan ölkələrin casusları, kəşfiyyat adamları da araqarışdırma, qarşıdurma yaratma  işləri ilə məşğul idilər. Surət Hüseynov hadisəsi isə bilavasitə hakimiyyət boşluğu və səriştəsizlikdən irəli gələrək xalqla hökumət uçurumundan doğan özbaşınalıq, xaos hakimiyyət böhranı yaratmışdı. Ölkədə mövcud olan vətəndaş müharibəsi təhlükəsi isə özü ilə bərabər ölkə suverenliyinə qaçılmaz təhlükə yaratmışdı. Bu məqamda "hakimiyyəti saxlamağa çalışanlar da, hakimiyyətə gəlmək istəyənlər də silahın gücünə arxalanırdılar. Dövlətçilik, idarəetmə sahəsində heç bir təcrübəsi və səriştəsi olmayan kriminal düşüncəli bir qrup insanın hakimiyyətə gəlməsi nəticəsində ölkənin sərvətləri talan edilib xaricə satıldı... Silahlı qüvvələr isə xırda dəstələrlə ayrı-ayrı adamların tabeliyində idilər. Hakimiyyət davası vətən təəssübkeşliyini üstələyirdi. Bu məqsədlə də döyüşən qüvvələr cəbhədən, vətənin müdafiəsindən Bakıya çağırılır və müdafiəsiz qalan vətən torpaqları döyüşsüz olaraq düşmənə təslim edilirdi. Məkrli qonşularımıza da elə bu lazım idi". Bu mənada 15 iyun günü tarixi zərurətin nəticəsi idi.

Böyük Xilaskarlıq Missiyası

Belə məqamda bütün çıxılmaz problemlərin qarşısında acizliyini qəbul edən hökumət özü də Heydər Əliyevə müraciət etmək zərurətini  başa düşdü. Atalarımız "Əlimiz yananda ağzımıza təpirik" deyiblər. Heydər Əliyev ucalığı və dahiliyi həm də ordadır ki, o, çətin günün, dar məqamın adamı, ümid, inam yeridir.  Elə bu məqamda da yeganə ümid ocağı, bütün ağıllarda yanan işıq yeri Heydər Əliyev şəxsiyyəti idi. Bütün ağıllarda yalnız bir xilas məqamı, qurtuluş yolu görsənirdi: Heydər Əliyevə güman. Mürəkkəb, xaotik, təhlükəli vəziyyət insanların həyatını, hətta bir ölkənin taleyi və aqibətini təhdid qarşısında qoymaqla, dostu da, düşməni də bir qərara gətirmişdi: Heydər Əliyevsiz nicat yoxdur. Dara düşən arxa axtaran kimi təhlükənin ciddiliyini başa düşən xalq da ona ədalətli, humanist, xalq mənafeli, idarəçilik təcrübəsi bəxş etmiş Heydər Əliyevi xilsakar kimi yenidən görürdü və bağrına basmaq üçün gözünü yollara dikmişdi. Bu zamanda ümummilli lider Heydər Əliyev xalqı ilə birlikdə səriştəsiz adamların səhvi ucbatından Azərbaycanın əsas hissəsindən ayrı düşmüş, çətin blokada şəraitində yaşayan Naxçıvanda ciddi dövlətçilik işləri ilə məşğul idi. Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı ən möhkəm addımlar, zəruri tədbirlər də Heydər Əliyevin başçılığı ilə Naxçıvanda həyata keçirilirdi. Xalqın bu vəziyyətdə bütün ümid gözləri, nəzərləri özündə xilaskarlıq missiyası daşıyan Naxçıvana-Heydər Əliyevə yönəlmişdi. Çünki: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü, iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəbn  vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam" - deyən Heydər Əliyev böyük tarixi vəzifə kimi xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi. Həmişə xalqa arxalanmaqla xalqlaşan, gücündə, qüvvətində dağlaşan ulu öndərimiz bir daha həyat və fəaliyyəti ilə çətin sınaqlardan, çıxılmaz dilemmalardan keçə-keçə "Xalq-Heydər Əliyev", "Heydər Əliyev-Xalq" vəhdətini nümayiş etdirərək xilaskarlıq mücəssəməsinə çevrildi. Xalqını ümidsiz, ölkəsini başsız, vətəni müdafiəsiz qoymayan dahi lider olduqca həyati təhlükəli və ciddi surətdə qorxulu olmasına baxmayaraq, lider üçün vacib, zəruri yüksək keyfiyyət olan görünməmiş cəsarətlə  Bakıya - dərdindən ağrım-ağrım ağrıyan paytaxta getdi. Siyasətimizin atası ulu öndər Heydər Əliyev hərblə çözümlənməyən bu nifaqları uzaqgörən incə siyasətlə nizamladı. Xalqın yekdil rəyi, birmənalı tələbi ilə ulu öndər Heydər Əliyev 15 iyunda Milli Məclisin Sədri seçildi. Ulu öndər bütün varlığı, enerjisi ilə yeni siyasi mübarizəyə qədəm basdı. Sözün əsl mənasında, Azərbaycanda böyük quruculuq erası, milli dövlətçilik epoxası başlandı. Ulu öndərin dövlətçilik fəaliyyəti nəticəsində milli dövlətçilik ənənələri formalaşdı. Azərbaycan milli müstəqilliyinə və dövlətçiliyinə yenidən qovuşdu.

Nə qədər ki Heydər Əliyev dühası yaşayır!..

Bəli, 15 İyun xalqımızın kəşməkəşli tarixinin ən yaddaqalan şanlı səhifəsidir. Məhz bu tarixdə - 15 iyunda azadlıq və dərin dövlətçilik inkişafı ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası ilə öz əsl mənasını tapdı. Ümummilli lider Heydər Əliyevlə başlayan yeni Azərbaycan tarixi öz səhifələrini uğurlarla, yenidənqurma və quruculuq keyfiyyətlərilə yazmağa başladı. Ümummilli liderimizin görüş və baxışları, fəaliyyət və təcrübəsi ilə ümummil1i vəzifələr, milli siyasət, ümummilli inkişaf doktrinası, dünyaya inteqrasiya və beynəlxalq nüfuz məsələləri müəyyənləşdi və həyata keçirildi. Bu inkişaf özünü o qədər sıx, qırılmaz və aydın surətdə müəyyənləşdirdi ki, "Heydər Əliyev - Azərbaycan, Azərbaycan - Heydər Əliyev" ideoloji-mənəvi birliyi özünü ifadə etdi. Heydər Əliyevlə müəyyənləşən siyasi kurs və fəaliyyət mexanizmi  Azərbaycana əbədi müstəqillik, daimi suverenlik, həmişəlik, qarşısıalınmaz inkişaf, daima güclənməkdə və özünü müəyənləşdirməkdə olan hərbi-siyasi güc və beynəlxalq siyasətdə hesablaşması vacib olan tərəf hörməti qazandırdı. Heydər Əliyev nadir şəxsiyyəti bunlardan ziyadə dünyanın siyasi xəritəsinə öz qələmilə təsir edib Azərbaycan sərhədlərini və mövcudluğunu cızmağa qadirliyini nüməyiş etdirdi.  15 İyun MİLLİ QURTULUŞ GÜNÜ Azərbaycan tarixinin Heydər Əliyev - Xalq birliyinin ən bariz, pozulmaz qanunu, ümumən Azərbaycan və dünya tarixində XİLASKARLIĞIN HEYDƏR ƏLİYEV NÜMUNƏSİ kimi məna tapdı. Bu mənada Heydər Əliyev dərsi almış, uğurlu varis və davamçı, xalqımızın fəxri, dünyaya demokratiya və liderlik nümunəsi göstərən hörmətli Prezidentimiz İlham Əliyev demişkən: "Nə qədər ki müstəqil Azərbaycan var, nə qədər ki biz varıq,  Heydər Əliyev ideyaları yaşayacaq".

Yeni Əsrin Yeni Missiyası: Qələbə Epoxası Və İlham Əliyev Missiyası

Azərbaycan xalqı əvəzsiz liderinin siyasi kursunu bu gün özünün çoxsaylı səsi, dəstəyi, iradəsi ilə yaşadır. Ölkə başçısı cənab İlham Əliyevin uğurlu və ləyaqətli bir siyasi varis olaraq bu siyasi kursu davam etdirməsi Azərbaycanı daha da böyük nailiyyətlərə aparır. "Mən ona özüm qədər inanıram"- deyən Ulu Öndərin etimadı və xalqın inamını dövlət başçısı İlham Əliyev doğrultdu. Hər addımda daha da irəliyə, böyük uğura və siyasi nailiyyətə imza atan Azərbaycan özünün iqtisadi inkişafı və xalqın maddi rifahı, əmin-amanlığı kimi vacib məsələlərdə də görünməmiş müvəffəqiyyətlərə imza atdı. Tam qətiyyətlə demək olar ki, gənclik ruhu, vətənpərvərlik ideyaları və siyasi qətiyyətilə liderlik kürsü- sünə qədəm qoyan Prezident cənab İlham Əliyevin tarixi missiyası ilə ölkəmizin həyatında yeni bir mərhələ başlandı.Azərbaycan yeni mərhələdə bütövlükdə regionun ən güclü ordusu, dayanıqlı və sabit iqtisadi inkişafı, hətta kosmik gücü olan nüfuzlu, inkişaf etmiş və yenilməz ölkəsinə çevrildi. Qüvvətli və qüdrətli Azərbaycan Respublikası bölgədəki gücünü uzaqgörən və Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik bacarığı  və bütün tapşırıqları vaxtında, uğurla icra etməyə qabil Müzəffər Ordumuzla 2020-ci ilin noyabrında 44 günlük Vətən müharibəsində nümayiş etdirdi. Ölkəmiz Lələtəpə və Günnüt zəfərinin ardından xainliyini yerə qoymayan mənfur ermənilərə daha qətiyyətli cavabı məhz 2020-ci ilin 44 günlük Vətən müharibəsində verdi. 30 ilə yaxın müddətdə səbri daşan Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmri ilə erməni hərbi təcavüzünə qarşı uğurlu əks-həmlə əməliyyatı həyata keçirdi. Şir ürəkli Azərbaycan əsgərləri dünyanın hərb tarixinə qızıl hərflərlə yazılan döyüş əməliyyatları nümayiş etdirdi, ən müasir silahlarla davranışı sayəsində öz torpaqlarını işğaldan azad etməyə qabil və qalib oldu. Azərbaycan Ordusu vəhşicəsinə Xocalı soyqırımını törədən, uşağa, qadına, qocaya acımayan, torpaqlarımız üstündə daşı daş üstə qoymayan, hətta kolu, ağacı, otu-alafı belə yandırıb quru xozana döndərən, hər cür ağır texnika ilə silahlanmış erməni quldurlarına cavab olaraq 30 ildə qurulmuş keçilməz sədləri, ən hiyləgər tələləri aşaraq canı ilə, qanı torpaqlarımızı suvarıb Vətənimizi düşməndən, yağıdan azad etdi. Azərbaycan Ordusu ən yüksək döyüş məharətilə düşmən tapdağında olan müqəddəs  Şuşamızı azad etdi və Azərbaycan xalqına böyük Zəfər sevinci yaşatdı. Güclü və qabil ordunun qüdrəti ilə uzaqgörən, müdrik və mahir diplomat olan Ali Baş Komandanın xalqla birliyi Azərbaycan xalqını Zəfərə apararaq yeni bir tarixə imza atdı.

Ümummilli Liderimiz Azərbaycan naminə yaşadığı həyatın, mənalı ömür yolunun siyasi mübarizələrlə dolu olan anlarını göz önünə gətirərək deyirdi: "İndi bütün həyatımı təhlil edərək görürəm ki, hər halda bir başlıca hadisə də var. O da bundan ibarətdir ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam".Bu gün hər bir Azərbaycan vətəndaşı minnətdarlıq duyğuları ilə xatırlayır ki, ölkəmiz bütün bu uğurlara Ümummilli Liderin ideyalarına sədaqət və onun arzularının gerçəkləşməsi yolunda çəkilən zəhmət sayəsində nail olmuşdur. Ulu Öndərimizin də dediyi kimi, bu gün Azərbaycan dünyaya Günəş kimi doğur! Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin siyasi konsepsiyası və bu müdrik təlimin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Ölkəmiz son dövrlərdə böyük qələbələr yaşayır. İkinci Vətən müharibəsində Azərbaycanın əldə etdiyi böyük zəfər ölkəmizin beynəlxalq siyasətində də özünü təzahür etdirir. Dünyaya sülh və qardaşlıq örnəyi olaraq yüksək etimad və etibarlılıq şəraitində keçirilən "Yaşıl Dünya naminə Həmrəylik ili" və COP29 Beynəlxalq tədbiri ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun təzahürü idi. Bütün sahələrdə dünyanın ən iri və güclü dövlətlərinin ölkəmizlə apardığı əməkdaşlıq siyasəti də Azərbaycanda yürüdülən xarici siyasət kursunun düzgün istiqaməti və uğurunun ifadəsidir. Dünya liderlərinin Azərbaycana səfəri, müxtəlif beynəlxalq tədbirlərdə ölkə başçımız cənab İlham Əliyevə göstərilən yüksək etimad məhz mahir bir diplomatın uğur düsturu, ölkəsinə qazandırdığı zəfər siyasətinin nəticəsidir. Azərbaycan Respublikası Przedineti cənab İlham Əliyevin və ölkənin Birinci xanımı, Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevanın müxtəlif ölkələrə, o cümlədən Çin dövlətinə səfəri və təntənəli qarşılama mərasimi, imzalanan sənədlər beynəlxalq aləmdə Azərbaycan imicinin əyani təzahürüdür. Qərbi Azərbaycana Böyük Qayıdış missiyası sahəsində də ölkəmiz uğurlu siyasət yürüdür. Artıq azad edilmiş ərazilərimizdə ikinci - Laçın aeroportunun qardaş ölkə liderlərinin iştirakı ilə təntənəli açılışı da tərəqqi və quruculuq işlərilə bərabər, dayanıqlı sülhə və beynəlxalq iqtisadi əməkdaşlığa doğru atılan etibarlı addımların əmin səsi olaraq xalqımıza baş ucalığı gətirir. Azərbaycan artıq dünya siyasətində Bir Laçın kimi qıy vurur. Xalqımız buna da əmindir ki, böyük ticarət yolu olan Zəngəzur yolunun fəaliyyətə başlaması ilə Azərbaycan daha böyük nailiyyətləri bağrına basacaqdır. Bütün qələbələri ilə ölkəmiz Cənubi Qafqaz regionuna sülh və əmin-amanlıq bəxş edəcək, sülh carçısı olaraq çıxış edəcəkdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan İkinci Xilaskarlıq missiyasını yaşayır.

Ramiz QASIMOV

Naxçıvan Müəllimlər İnstitutunun dosenti,

filologiya üzrə fəlsəfə doktoru

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
32
olaylar.az

1Mənbələr