TDT hərbi-siyasi blokun əsası kimi səhnəyə çıxır; Azərbaycan parlamentinin qərarı ilə yeni proses başlanır - şərh
Dünya yeni geosiyasi çalxalanmalar və siyasi yerdəyişmələr dövrünə qədəm qoyarkən köhnə müttəfiqliklər bir-bir dağılır, müharibələrin kölgəsində isə yeni güc mərkəzləri yaranır.
Belə bir zamanda Türk Dövlətləri Təşkilatı (TDT) təkcə mədəni və iqtisadi yaxınlaşma platforması kimi yox, həm də gələcəkdə güclü bir hərbi-siyasi blokun əsası kimi səhnəyə çıxır. Bu gün türk dövlətlərinin qarşısında seçim dayanır: mədəni birlik olaraq qalmaq, yoxsa siyasi-hərbi reallığa çevrilmək. Bu seçim yalnız bir ölkənin yox, bütün bölgənin gələcəyini müəyyənləşdirəcək.
Məlumdur ki, Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizmi təsis ediləcək. Bu barədə Milli Məclisə qanun layihəsi daxil olub. Türk Dövlətləri Təşkilatının “mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə olunaraq bu gün keçiriləcək növbədənkənar iclasa tövsiyə edilib.
“Yeni Müsavat” bildirir ki, Türk Dövlətləri Təşkilatı dövlət başçılarının hələ 2023-cü ilin martın 16-da Ankarada keçirilmiş zirvə görüşündə təşkilatın Mülki Müdafiə Mexanizminin yaradılmasına qərar verilib. Bu mexanizmin yaradılması 2023-cü ilin 6 martında Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərdən sonra daha böyük aktuallıq kəsb edib. Ankarada keçirilmiş TDT 9-cu Zirvə görüşündə baş verə biləcək mümkün fəlakət və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və vaxtında həll edilməsi üçün təşkilata üzv dövlətlərin fəlakətlərin idarə edilməsi üzrə milli qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəlinib.
TDT Zirvə görüşünün nəticələrinə dair mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir təsisatın yaradılmasını vacib hesab etdiyini, bu mexanizmin TDT ölkələrinin müvafiq qurumları arasında əməkdaşlığı daha da gücləndirəcəyini bildirib. Nəzərdə tutulan Mülki Müdafiə Mexanizminin yaradılması isə gələcəkdə bu cür fəlakət hallarının qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında daha çevik hərəkət etməyə imkan verəcək.
Ramil Məmmədli
Bu mövzuda “Yeni Müsavat”a danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, TDT-nin hərbi bloka çevrilməsi uzunvədəli prosesdir. Onun sözlərinə görə, Mülki Müdafiə Mexanizminin yaradılması bu yöndə ilkin addımlardan biri sayıla bilər, lakin daha çox hərbi deyil, mülki xarakter daşıyır. “Bu mexanizm üzv ölkələrin fövqəladə hallarda bir-birinə operativ dəstək verməsi üçün nəzərdə tutulan əməkdaşlıq formatıdır. Söhbət təbii fəlakətlər - zəlzələ, meşə yanğınları və digər hallarda TDT-yə üzv dövlətlərin qarşılıqlı yardımlaşmasından gedir. Azərbaycanda bu istiqamətdə iş Fövqəladə Hallar Nazirliyinə tapşırıla bilər. Ancaq hazırkı geosiyasi qarışıqlığın içərisində TDT-nin bir hərbi alyans kimi meydana çıxması üçün bütün şərtlər hazır deyil. Əvvəla, Türkiyə özü NATO dövlətidir, ordusu bu blokda qüdrətinə görə ikinci güc hesab edilir. Həmçinin digər türk dövlətlərindən Qazaxıstanla Qırğızıstan KTMT üzvüdür. Müşahidəçi statusu olan Macarıstanın da NATO ölkəsi olduğunu nəzərdən qaçırmamalıyıq. Azərbaycan isə Qoşulmama Hərəkatının üzvüdür. Yeganə Özbəkistan qalır. Bu mənada "Türk NATO"sunun yaranması üçün geniş müzakirələrə və həlledici qərarlara ehtiyac var. Bütün hallarda bu birliyin içindən hərbi-siyasi blok çıxacağını istisna etmirəm. Yəni adıçəkilən ölkələrin digər platformalarda iştirakının TDT-nin gələcəkdə hərbi qanadının yaranmasına maneəsi olmamalıdır".
Hərbi təhlilçinin fikrincə, KTMT özünün qürub çağını yaşamaqdadır, NATO isə ABŞ olmadan böyük müdafiə bloku ola bilməz: “Ukrayna böhranı Şimali Atlantika Alyansının monolitliyini eksperimentdən çıxardı. Eyni zamanda onun hərbi potensialını nümayiş etdirdi. Bu blokda elə üzv ölkələr var ki, onların hərbi imkanları olduqca aşağıdır. Onlar ciddi təhdidlə üz-üzə qalanda, alyans dəstək verməsə, müdafiə oluna bilməzlər. Bu reallıq da Türk dünyasının yüksəlişi üçün yeni fürsət pəncərələri açır. Əgər bu birliyi inkişaf etdirməkdə prinsipiallıq və qətiyyət sona qədər davam etdirilərsə, gələcəkdə TDT-nin hərbi-siyasi blok kimi meydana çıxması mümkündür. Amma buna qısqanclıqla yanaşan güc mərkəzlərinin olacağı şək-şübhə doğurmur. Hərçənd belə bir blok heç də NATO və ya KTMT əleyhinə yönəlməyib. Bu, müdafiə xarakterli güc ola bilər. İndiki mərhələdə isə yeni mexanizm növbəti addımlardan biri kimi qiymətləndirilməlidir. Azərbaycanın ardınca digər üzv ölkələrin parlamentlərinin də analoji qərarı vermələri zəruridir. Ümumiyyətlə, biz böyük bir coğrafi ərazini əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə sübut edib. Zəngin təbii sərvətlər, onların çatdırılması üçün müasir infrastruktur, Orta Asiya və Qafqazı Aralıq dənizi və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix və mədəniyyət bizim ən böyük sərvətimizdir. Niyə də bu potensialdan, resurslardan istifadə etməklə böyük güc olaraq dünyaya çıxmayaq?!”
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının yaranma tarixi 2009-cu ilə təsadüf edir və təşkilatın ilkin məqsədi türk dövlətləri arasında müxtəlif sahələrdə əməkdaşlığı gücləndirməkdir. Bu təşkilatın yaranması, həm tarixi kökləri, həm də müasir dövrdəki siyasi və iqtisadi reallıqları nəzərə alaraq, Türk dünyasının potensialını daha səmərəli istifadə etməyi hədəfləyir. Türk Dövlətləri Təşkilatı, həm də hərbi əməkdaşlıq və təhlükəsizlik sahəsində üzv dövlətlər arasında koordinasiyanı təmin edir. Ortaq hərbi təlimlər və təhlükəsizlik strategiyaları regionun stabilliyinə və üzv dövlətlərin müdafiə qabiliyyətinin artırılmasına xidmət edir. Bu sahədə həyata keçirilən tədbirlər Türk dünyasının qlobal güc olaraq nüfuzunu daha da artırır.
TDT-nin strukturu müxtəlif idarəetmə orqanlarından ibarətdir. Təşkilatın ən yüksək qərar qəbul edən orqanı Dövlət Başçıları Şurasıdır. Bu şura, üzv dövlətlərin prezidentlərinin iştirakı ilə ildə bir dəfə keçirilir və əsas strateji qərarları qəbul edir. Bundan əlavə, Xarici İşlər Nazirləri Şurası, Yüksək Səviyyəli Məmurlar Komitəsi və Katiblik kimi digər idarəetmə orqanları da mövcuddur. Hazırda Türk Dövlətləri Təşkilatının üzv dövlətləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır. Türkmənistan isə müşahidəçi statusuna malikdir. Bu dövlətlər arasında əməkdaşlıq, müxtəlif sahələrdə, xüsusən də siyasi, iqtisadi və hərbi sahələrdə inkişaf edir.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”