AZ

Daşınmaz əmlakın qeydiyyatında yeni hüquqi mexanizm gəlir – Torpaq kateqoriyası ilə bağlı uyğunsuzluğa 15 günlük araşdırma

Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində hüquqi prosedurlar yenilənir. AzPost xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 13-də keçirilən iclasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Yeni qanun layihəsi, torpağın kateqoriyası (məqsədli təyinatı) ilə bağlı kadastr məlumatları və təqdim olunmuş sənədlər arasında uyğunsuzluq yarandıqda prosesin necə tənzimlənəcəyini müəyyən edir.

Layihəyə əsasən, belə uyğunsuzluq aşkarlandıqda qeydiyyat orqanının vəzifəli şəxsləri 15 iş günü ərzində araşdırma aparacaq. Bu araşdırma yerquruluşu sənədlərinin təhlili yolu ilə həyata keçiriləcək.

Araşdırmanın nəticəsinə görə:

  • Sənədlərdəki məlumatlar təsdiqini taparsa, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və torpaq kadastrında düzəlişlər ediləcək;

  • Uyğunsuzluq sübuta yetirilərsə, qeydiyyat orqanı hüquqların qeydiyyatından imtina edə biləcək.

Qanunvericiliyə bu cür araşdırma mexanizminin daxil edilməməsi səbəbindən bu günə qədər məsələ məhkəmə mübahisələri ilə həll olunurdu. Qeydiyyat orqanlarının fərqli qərarları isə hüquqi qeyri-müəyyənlik və ziddiyyətli məhkəmə qərarları yaradırdı.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi bu sahədə hüquqi mövqe müəyyən etsə də, qanunvericilikdə dəqiq mexanizmin olmaması səbəbindən tətbiqdə problemlər qalırdı.

AzPost.az

Seçilən
23
1
azpost.info

2Mənbələr