AZ

7 yaşını qeyd edən Report Media Məktəbi: burada təlim prosesi heç də asan olmayıb

Report Media Məktəbinin yaradılmasından 7 il ötür. 2018-ci il iyunun 13-də ilk qrupla təlim prosesinə başlanılıb. Yazıda layihənin fəaliyyətinə qısa nəzər yetirilib.

Report Media Məktəbinin yaradılması bir günün, bir ilin işi deyil. Bu proses illər boyu davam edib. Təlimin faydalı olması üçün xeyli zəhmət sərf edilib.

Media məktəbinə ehtiyac nədən duyulur?

Media məktəbinin akademik təhsildən fərqi nədədir? Niyə belə bir layihəyə ehtiyac duyulur? Problem akademik təhsilin quruluşuna bağlıdır. Jurnalistika fakültələrində əsasən nəzəri biliklər tədris edilir. Universitet insanı təşkilatlandırır, bilik qazandırır. Ən tənbəl tələbə belə ali təhsil ocağında nəsə qazanır, kimsə az, kimsə də çox məlumatlanır. Ali təhsil almaq orduda xidmət kimidir, istər-istəməz dərsə getməli, tapşırıqları yerinə yetirməlisən, bir növ insanı nizama salır.

Jurnalistika məktəbində isə başqa məsələlər ortaya çıxır. Burada etik qaydalardan uzun-uzadı danışmağın adı yoxdur. Bu barədə tələbə illərlə universitetdə eşidib. Etikanı başa salmaq üçün simulyasiya oyununda hansısa vəziyyəti yaradaraq düzgün qərarı qəbul etmək tələb olunur. “Jurnalist yalnız işıqlandırmalıdır, yoxsa münaqişə zonasında çətin durumda olan bir ailəyə yardım etməlidir” sualına nəzəri yöndən cavab verə bilməzsən. Vəziyyəti gərək yaşayasan, qərarı da onda verəsən.

Tədris prosesini qurarkən da xeyli sual yarandı. Məsələn, məktəb agentliyin, yoxsa ölkə mediasının marağına xidmət etməlidir? Əgər özümüzə işçi axtarırıqsa, onda müraciət edənlərin sırasından bir neçə perspektivli jurnalisti seçib onları hazırlamaq yetər. Məsələyə daha geniş yanaşırıqsa, deməli daha böyük qruplarla çalışmalıyıq. Nəticədə mətbuatın ümumi marağını önə çəkdik.

Yaxşı nəticən varsa, mütləq uğur qazanacaqsan

Report Media Məktəbinin 9 məzunu hazırda agentlikdə çalışır
Report Media Məktəbinin 9 məzunu hazırda agentlikdə çalışır

Yeddi ildə 19 qrupun buraxılışı olub və təxminən 180 tələbə sertifikat alıb. Adətən media məktəbin ildə 3 buraxılışı olur. Seçim turunda bir yerə 5-7 namizəd gəlir. Kim daha iradəli, ötkəm olubsa, yer ala bilib. Media məktəbi bitirənlərdən 27 nəfərə yaxın jurnalist “Report”da işlə təmin edilib. Kimdə işıq görmüşüksə, digər qurumlara da yönləndirmişik. Report Media Məktəbinin hər bir tələbəsi bir qaydanı dəqiq bilir: əgər yaxşı nəticən varsa, mütləq uğur qazanacaqsan.

Bu illərdə yüzlərlə namizədin sırasından 8-10 nəfərlik qruplar yığmışıq. Qaydalara uyğun olmaq, tədris prosesində fəallıq göstərmək, yaxşı nəticə əldə etmək elə də asan deyil. Kimi dözüb davam gətirir, kimsə də yarıdan qoyub qaçır. Sertifikat almayan tələbələr də olub. Yəqin gedən elə bəri başdan getsə, yaxşıdır, güc və qüvvəmizi qalan şəxslərə yönəldərik. Jurnalistikada yalnız möhkəm və psixoloji durumu yerində olanlar yer ala bilər.

Hərdən təlimdə deyirik, bugünkü işimiz bir simulyasiya oyunudur, amma sabah sizi daha ağır işlər gözləyir. Jurnalist hər çətin vəziyyətə hazır olmalıdır, xəbər alan kimi mikrofonu əlinə alıb hadisə yerinə tez çatmaq üçün. Vaxtında yetişmədisə, xəbər yollamadısa, heç getməsə yaxşıdır. Bu gün informasiya bəzən heç 15 dəqiqə belə yaşamır, xəbər lentinə çıxan kimi “ölməyə” başlayır. Deməli başqalarından daha cəld olmalısan. Jurnalist xarici dil bilməli, yazı yazmağı bacarmalı, gözəl nitqə sahib olmalıdır. Ən vacibi isə digərlərini məlumatlı olmağı ilə təəccübləndirməlidir. İdealda belədir, həyatda isə yox.

Bu günün gənci nə Şekspiri tanıyır, nə də Dostoyevskini

Media məktəbində təlim prosesi heç də asan olmayıb. Bu günün gənci nə Şekspiri tanıyır, nə də Dostoyevskini. İctimai-siyasi hadisələrdən baş çıxara bilmir. Bəzən “iki xalq artistinin adını söylə”, “regionda bizə sərhəd olan digər dövlətlərin adını de” kimi sadə sualların cavabını bilməyən nə qədər namizədlə rastlaşmışıq. Report Media Məktəbinin tələbələri sırasında kitab oxumağı sevməyən, bircə dəfə teatrda olmayan, heç bir tanınmış simanın görüşünə getməyənlər də az olmayıb. Azərbaycan yazıçılarının əsərlərini ilk dəfə Report Media Məktəbində oxuyanlar da var. Tələbələr müasir Azərbaycan ədəbiyyatından bir çox yazıçı və şairi tanımadıqlarını, tanınmış media simalar barədə ilk dəfə məlumatı “Report”da aldıqlarını tez-tez etiraf ediblər.

Kompleksli insanlar da olub. Biri səs faylı göndərməyi bacarmayıb, digəri foto çəkdirməkdən yayınıb. Öz yazdığı esseni səsləndirməkdən çəkinən tələbə də olub. Hərə bir formada gözdən yayınmaq istəyib, amma jurnalistika qorxaqların yeri deyil, burada gizlənə bilməzsən. Kimisə güclə monitorinqə, sorğuya yönəltmişik, kimsə də dirəşib getməyib. Kimsə çətinliyi dəf edib peşəyə gəlib, kimsə də qoyub qaçıb.

Jurnalistin səsi gur-gur guruldamalıdır

Özgüvəni yerində olmayandan yararlı jurnalist olmaz. Jurnalistin səsi gur-gur guruldamalıdır, yeri gələndə yuxarı, yeri gələndə aşağı tonla danışmalıdır. Verdiyin sual özünə aydın deyilsə, deməli qarşı tərəfə heç aydın olmayacaq. Tələbənin intellektual səviyyəsi aşağı, söz ehtiyatı azdırsa, elə mətbuatda gününü boşa verməklə keçirəcək.

Bu günün gəncliyi xeyli məlumatlıdır. Onları dünyanın ekoloji problemləri narahat edir, minimalizm, vegetarianlıq, multukulturalizm kimi anlayışlar gənclərə çox yaxındır. Azərbaycan gəncliyi hər yeniliyə açıqdır, sadəcə nəyə doğru addımladığını dəqiq bilməlidir.

Bu sualları hər bir gənc jurnalist gözübağlı cavablandırmalıdır

Tələbənin bu gün nəsə bilməməsi vacib deyil. Əsas məsələ təlim kursunu bitirən şəxsin əvvəlki ilə sonrakı vəziyyəti arasındakı uçurumu aradan qaldırmasıdır. Jurnalistin Azərbaycanı əhatə edən ölkələrdən xəbərdar olmaması, regionda baş verən prosesləri izləməməsi nəticədə onun peşədə qalması üçün təhlükədir. Bəzən jurnalisti kiçik bir səhvə görə işdən azad edirlər, üzünə də qapılar bu səbəbdən bağlanır. Ölkə parlamenti necə fəaliyyət göstərir? Nazirlər Kabinetinə hansı qurumlar daxildir? Bu sualları hər bir gənc jurnalist gözübağlı cavablandırmalıdır.

Report Media Məktəbinin hər bir məzunu kursun sonunda xeyli məsələdən baş çıxarmağı artıq bacarır, baş verənlərlə maraqlanmağa başlayır. Xəbərdarsansa, deməli silahlanmısan.

Tələbəyə mütləq Azərbaycanı və milli dəyərləri daha yaxşı tanıtdırmaq lazım gəlir. Ən gözəli üzdə görünməyən, kənarda qalan dəyərləri praktik olaraq göstərməkdir. Düzgünlükdən danışan adam gərək özü doğru olsun. Milli mətbəxi sevən birisi gərək onun gözəlliyini də aça bilsin. Yapon suşisi yeyib bozbaşı tərifləmək olmaz axı.

Sadəcə Azərbaycan ədəbiyyatından danışmayasan gərək. Seyran Səxavəti, Fəxri Uğurlunu, Aqşin Yeniseyi, İlqar Fəhmini tələbələrlə görüşə dəvət edəsən. Özü də həmin yazıçının ən azı 2 kitabını tələbə mütləq təlim boyu oxumalıdır. Xalq yazıçısı Natiq Rəsulzadə, Xalq şairi Sabir Rustəmxanlıdan tutmuş Cəlil Cavanşir, Pərviz Seyidli, Samirə Əşrəf kimi istedadlı yazarlar qonağımız olublar. Azərbaycan mətbuatının ən tanınmış jurnalistləri də çox həvəslə görüşə gəliblər.

Report Media Məktəbi Azərbaycan media mühitinin bəlkə də ən uğurlu layihələrindən birinə çevrilib. Məzunlar agentliyi özünə doğma bir yer kimi sanırlar. Təlim bitir, amma bu məkan tələbələri hələ də bir maqnit kimi özünə cəlb edir. Məktəbi bitirən tələbə bura bir əməkdaş kimi dönəcəyi günü səbirsizliklə gözləyir.

Seçilən
46
report.az

1Mənbələr