AZ

Cəmiyyətə vurulan zərbə: Fiziki və psixoloji fəsadlar, mənfi nəticələr…

Son 15-20 ildə ölkədə ən çox müzakirə edilən məsələlərdən biri də erkən nikahlardır. Erkən nikah ictimai problem olmaqla yanaşı, demoqrafik problem kimi də dəyərləndirilməlidir. Aparılan təhlillər göstərir ki, bir çox valideynlər erkən nikahın mənfi nəticələri, yaratdığı fiziki və psixoloji fəsadları, hüquq pozuntuları barədə məlumatlı deyillər.

Erkən nikah dedikdə ilk ağla təbii ki, qızlar gəlir. Qızlara qarşı əsas insan hüquq və azadlıqlarının pozulması halı kimi erkən nikah həm də gender bərabərsizliyi faktorudur. Əvvəllər erkən nikahlar ailələrin özəl həyatı kimi dəyərləndirilsə də, zaman keçdikcə problemin gətirdiyi fəsadlar ictimai məsələnin müzakirəsini genişləndirib. Azərbaycan Respublikasında erkən nikahların qarşısının alınması ilə bağlı bir sıra hüquqi və inzibati xarakterli addımların atılmasına baxmayaraq, problemlər hələ tam həllini tapmayıb. Regionlarda qız uşaqlarının erkən yaşda evləndirilməsi hallarına rast gəlinməkdədir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, ölkəmizdə yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Məcəllənin 1.5-ci maddəsində isə qeyd olunur ki, dini kəbinkəsmə hüquqi əhəmiyyətə malik deyil.

Azərbaycanda nikah yaşı 18-dir və bu yaşdan aşağı şəxslərin ailə qurmasına icazə verilmir.

Erkən nikah problemu çoxsaylı sosial, psixoloji, iqtisadi və hüquqi nəticələrə səbəb olur. Müşahidələr göstərir ki, erkən nikahın yaratdığı fəsadlar çoxşaxəlidir. Belə ki, erkən yaşda qızların ərə verilməsi yeniyetmələrin fiziki və psixoloji inkişafına zərər verir. Bu, həm də onların təhsil almasını, əmək bazarına daxil olmalarını və öz həyatlarındakı potensialı reallaşdırmalarını əngəlləyir. Erkən yaşda evlənən qızlar təhsil almaqdan və iqtisadi müstəqillik əldə etməkdən məhrum olurlar, nəticədə məişət zorakılığına, ailə içindəki gücsüzlüyə və sosial təcridə də məruz qalırlar. Erkən nikah həm də yeniyetmə yaşda ana olmağa namizədlərdə riskləri artırır, eyni zamanda doğulacaq uşaqların və anaların sağlamlığına ciddi təhlükə yaradır.

Erkən nikahın təkcə fiziki sağlamlıq üçün deyil, həm də sosial cəhətdən gətirdiyi fəsadları var. Bu problem eyni zamanda fərdlərin gələcək inkişaf imkanlarını məhdudlaşdırır.

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN)  sədri, Əməkdar jurnalist Nadir İsmayılov deyir ki, bəzi valideynlərin erkən nikahların sonradan boşanmalara səbəb olduğu barədə təsəvvürləri yoxdur. Onun sözlərinə görə, hələ də bəzi yoxsul ailələrdə qızları yük olaraq görməkdədirlər: “Belə ailələrdə təhsilin qızlar üçün əhəmiyyətsiz hesab edilməsi, evləndirmənin təhsildən üstün olması ön plandadır. Bəzi valideynlər “artıq yük”dən tez xilas olmaq üçün qızları erkən yaşda ərə verməyə çalışırlar. Nəticədə onların arzu və istəkləri boğulur, fərdi təşəbbüslərinin reallaşmasının önünə betondan sədd çəkilir”.

Nadir İsmayılov vəziyyətdən çıxış yolları barədə də danışıb. Bildirib ki, erkən nikah probleminin aradan qaldırılması üçün kompleks və davamlı yanaşmalar tələb olunur: “Məsələn, hesab edirəm ki, əvvəla maarifləndirmə işləri gücləndirilməlidir. Yəni, cəmiyyətin, xüsusilə də valideynlərin, dini liderlərin və yerli icma nümayəndələrinin erkən nikahın fəsadları barədə məlumatlandırılması vacibdir. Televiziya, sosial media, məktəblər və mədəniyyət mərkəzləri bu sahədə effektiv vasitə ola bilər”.

İctimai Birlik sədri deyib ki, ikinci məqam təhsilin əlçatanlığının artırılması ilə bağlı ola bilər: “Qız uşaqlarının davamlı təhsilə cəlb olunması, xüsusilə də kənd və ucqar bölgələrdə məktəbdən yayınmanın qarşısının alınması erkən nikah riskini azaldır. Çünki təhsil alan qızların ailə qurmağa tələsmədiyi müşahidə olunur. Digər bir vacib məqam isə hüquqi nəzarətin gücləndirilməsidir. Erkən nikah hallarına görə valideynlər və nikahı təşkil edən şəxslər üçün qanunvericilikdə nəzərdə tutulmuş cəzaların tətbiqi ciddi şəkildə həyata keçirilməlidir”.

Nadir İsmayılov hesab edir ki, başqa bir məqam gənclərlə fərdi işin aparılmasından ibarətdir:“Erkən yaşda ailə qurmağa meylli gənclərlə psixoloq, müəllim və sosial işçilərin fərdi çalışması onların gələcəklə bağlı daha sağlam qərarlar verməsinə kömək edə bilər. Nəhayət, qənaətimcə ənənəvi nüfuza malik şəxslərin - din xadimlərinin, ağsaqqalların və müəllimlərin erkən nikaha qarşı çıxması ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Hesab edirəm ki, bu tədbirlərin birgə və ardıcıl şəkildə həyata keçirilməsi erkən nikah hallarının azaldılmasına və gənclərin daha sağlam, savadlı və məsuliyyətli şəkildə ailə qurmasına imkan yaradar”.

A. Zeynalov

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.


Telegram kanalımız
Seçilən
1
1
yenisabah.az

2Mənbələr