AZ

“Honkonq Hava Yolları” zəlzələ şayiəsinə görə Yaponiyaya uçuşları təxirə salıb

Pekin, 13 iyun, AZƏRTAC

“Honkonq Hava Yolları” şirkəti zəlzələ və sunami xəbərləri fonunda Yaponiyaya uçuşları dayandırıb.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, şirkət Yaponiyada böyük zəlzələ və sunaminin baş verəcəyi ilə bağlı şayiələrə görə iyul və avqust aylarında Yaponiyanın cənubundakı Kaqosima və Kumamoto prefekturalarına bütün uçuşları ləğv edib.

Şirkət dörd illik fasilədən sonra ötən ilin yazında Kaqoşimaya uçuşları bərpa etmişdi. Dekabrda isə səyahət tələbatının çoxalması səbəbindən həftəlik uçuşların sayını 4 dəfəyə çatdırmışdı. Amma Yaponiyada zəlzələ olacağı barədə son aylar şayiələrin yayılmasından sonra sözügedən prefekturalara bilet satışı azalıb. Nəticədə may ayından etibarən Honkonqla Yaponiyanın müxtəlif istiqamətləri arasında uçuşların sayı da azalıb.

Yaponiya Milli Turizm Təşkilatı söz-söhbətin heç bir elmi əsası olmadığını bildirib və insanları rəsmi təşkilatların verdiyi elmi məlumatlara əsaslanaraq səyahət planları qurmağa çağırıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
12
2
azertag.az

3Mənbələr