İyunun 12-də Lənkəran şəhərində Gənclər və İdman Nazirliyi ilə Türk Dövlətləri Təşkilatının (TDT) birgə təşkilatçılığı ilə “Türk Dünyası Gənclər Paytaxtı 2024” beynəlxalq proqramının bağlanış mərasimi keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə iştirak edən Özbəkistanın nümayəndə heyəti Lənkəran Dövlət Universitetinə (LDU) səfər edib.
Universitetin rektoru Natiq İbrahimovla keçirilən görüşdə tərəflər Özbəkistanla Azərbaycan arasında elm və ali təhsil sahəsində formalaşan əməkdaşlıqdan, bu istiqamətdə son dövrlərdə atılan addımlardan və gələcək perspektivlərdən danışıblar. Görüş zamanı iki ölkənin ali təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Bildirilib ki, nümayəndə heyətinin tərkibinə Özbəkistanın Ümumdünya Gənclər Assosiasiyasının sədri və heyət rəhbəri Otabek Şavkatov, Özbəkistan Könüllülər Assosiasiyasının layihə rəhbəri Sunnatillo Kujaev, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası yanında Gənclər Parlamentinin üzvü Məhəmmədnur Murodxanov, eləcə də Gənclərin Problemlərinin Öyrənilməsi və Perspektivli Kadrların Hazırlığı İnstitutunun şöbə müdiri Nodirxan Abbosov daxil olub.
