AZ

Əmlakların qeydiyyatı ilə əlaqədar yenilik olacaq

Hüquqların dövlət qeydiyyatının aparılması qaydası dəyişir.

Hurriyyet.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılır. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir.

Qeyd etmək lazımdır ki, praktikada hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə göstərilən torpağın kateqoriyası (məqsədli təyinatı) ilə dövlət torpaq kadastrında saxlanılan məlumatlar (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriya) arasında uyğunsuzluq hallarına rast gəlinir. Bu məsələ ilə bağlı qanunvericilikdə dəqiq tənzimləmə olmadığından qeydiyyat orqanlarının hüquqların qeydiyyatından imtina barədə qərarlarından məhkəmələrə müraciət edilirdi. Bu isə çoxsaylı məhkəmə mübahisələrinin yaranmasına və eyni zamanda fərqli məhkəmə qərarlarının qəbuluna səbəb olurdu. Məsələnin aktuallığını nəzərə alaraq və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan hüquqi mövqeləri müəyyən etsə də, bu sahədə yaranan məsələlərin qanunvericilik qaydasında  tənzimlənməsinə zərurət vardır.

Qanun layihəsi aşağıdakıları nəzərdə tutur:

- qeydiyyat üçün təqdim olunan sənəddəki torpağın kateqoriyası (məqsədli təyinatı) ilə kadastr məlumatı arasında uyğunsuzluq aşkar edildikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırmanın aparılması. Qeyd etmək lazımdır ki, bu cür araşdırmanın aparılmasının qanunvericilikdə təsbit olunmaması səbəbindən məsələ tam araşdırılmır, bəzən qeyri-müəyyən qalırdı. Eyni zamanda belə araşdırmanın aparılması qeydiyyat orqanının mülahizəsindən asılı olurdu;

- aparılan araşdırmanın nəticəsinə əsasən aşağıdakı tədbirlər görüləcək:

- təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir;

- təqdim edilən sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə isə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.

Beləliklə, qanun layihəsi qeydiyyat üçün təqdim olunan sənəddəki torpağın kateqoriyası (məqsədli təyinatı) ilə kadastr məlumatı arasında uyğunsuzluq aşkar edildikdə müvafiq araşdırmanın aparılmasının, araşdırma nəticəsində uyğunsuzluq təsdiq edildikdə isə torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilməsinin hüquqi əsaslarını təsbit edir.

Qafqazinfo.az

Seçilən
32
8
hurriyyet.az

7Mənbələr