Dünya dəyişir. Bu dəyişim – ən yaxın örnəyi – 22.02.2022-ci ildə Rusiyanın Ukraynaya “girməz”, “girməməlidir” deyildiyi halda, illa da girdiyi gündən etibarən, yeni bir fazaya keçib. Güc mərkəzləri yenidən formalaşır, bəli. Bəli, hegemoniyanın sınırları silahların radiusu ilə birgə uzanıb gedir... Bu gün söhbət Rusiya-Ukrayna cəbhəsindən getmir amma. Amma bu dəfə sanki sükutla gələn bir xəbər, bəlkə saniyəlik partlayışlarla bir dövlətin hərbi beyni sıradan çıxarıldı… - İran vİran olmaqdan qoruna bilmir - qoruyucuları özü sıradan çıxarılır. Bu nədi belə?
İran Silahlı Qüvvələrinin ali komandanlarının, o cümlədən Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqerinin öz evində – gecənin bir aləmi – hədəf alınaraq öldürülməsi, yalnız bir hərbi əməliyyat deyil, təbii. Təbii, bu, strateji, psixoloji müstəvidə gerçəkləşmiş (belə deyək) cərrahi zərbədir – həm simvolik, həm texnoloji, həm də siyasi baxımdan. - Fələstin, Suriya yönündə əməliyyatlara ara verməmiş İsrailin İrana o uzaqlıqdan bu dəqiqliklə zərbələr endirməsi çox dərin mətləblərdən xəbər verir, çox!
İsrail uzun illərdir İranın nüvə proqramını təhlükə kimi qiymətləndirir və bu yöndə beynəlxalq ictimaiyyətə ismarıclar verir. Amma indi ismarıc dönəmi keçmişdə qalıb, qaliba. Qaliba, israillilər Tehranda İsrailin dağılacağı günü “sayan” rəmzi-psixoloji saatı vurmağa heç ehtiyac duymayıb, daha irəli gedib. Hazırda “fəaliyyət dönəmi”dir. Təkcə nüvə obyektləri deyil, həmin obyektlərə nəzarət edən beyinlər də hədəfdədir. Və bu hədəflər Tehranın mərkəzində, yaşayış məkanlarında, ən yüksək təhlükəsizlik statusu olan bölgələrdə vurulub.
Yayılan bilgilərə görə, həyata keçirilən hücumlar uzaqdan atılan raketlərdən daha çox içəridən idarə olunan, yüksək dəqiqlikli mobil qurğularla baş tutub. Bu, həm texnoloji imkanların sınırsızlığını, həm də İran içində baş verən təhlükəsizlik işinin çöküş dərəcəsini göstərir. Örnəyi, zamanında Azərbaycan Respublikasına qarşı içəridə, dışarıda eyləmlər üçün xərclədiyi paraları, ayırdığı vaxtı, xərclədiyi resursları və s. öz iç təhlükəsizliyinə yönəltsəydi daha yaxşı olmazdımı? Rusiya, Gürcüstan azərbaycanlıları arasında məzhəbi Qum tökümlərinə xərclənən vəsaitlər, yönələn beyinlər Tehranın özündən uzaqlaşması, özünə gərəksiz güvəniydimi ya nə? Hələ Ermənistan adlanan baştutmamış dövlətlə, hələ-hələ keçmiş qondarma rejimlə Qarabağda birgə çalışmalar hərlənib, dönüb Tehrana dəyməliydi…
Evin tikilsin, İsraili hədələyir və savaş gözləyirdinsə, özünlə uğraşaydın də, bizdən niyə əl çəkmir və belə dördəlli yapışırdın?..
Beynəlxalq hüquqda dövlətlərin suverenliyi və ərazi bütövlüyü ali prinsip kimi tanınır; lakin indi fakt odur ki, İran bu prinsipləri gerçəklikdə itirmək üzrədir – çünki öz yüksək rütbəli komandanlarını belə qoruya bilmirsə, sıravi vətəndaşın təhlükəsizliyini necə qoruyacaq?
Örnəyi, Baş Qərargah rəisi – istənilən ölkədə – təkcə hərbi şəxs deyil – o, dövlətin iradəsinin, milli təhlükəsizliyin, ideoloji qürurun simvolu sayıla bilər. Budur, Baqerinin öldürülməsi, sadəcə bir itki sayılmaz; rejimin öz bünövrəsində sarsılmasının göstəricisidir bu. Bu, həm də psixoloji üstünlüyün qarşı tərəfin əlinə keçməsi deməkdir.
İranın cavab reaksiyası – bir neçə ballistik raketlə İsrailə cavab atışları – hələlik çox simvolik səviyyədə qalıb. – İki əsas səbəbdən: birincisi, texniki və strateji baxımdan İranın zərbə imkanları İsrailin hava və kibertəhlükəsizlik sistemləri qarşısında yetərsizdir; ikincisi və onlarçün ən pisi – (artıq vurğuladığımız kimi) psixoloji üstünlük artıq qarşı tərəfdədir.
Əgər İsrail İranın ən qorunan yetkililərinin yerini zərgər dəqiqliyi ilə bilir, onları nöqtə atışları ilə vurursa və bu hücumlar içəri təhlükəsizlik sistemlərini, SEPAH-ı və s. aşaraq gerçəkləşirsə, təkrarçılıq olmasın, bəli, bu, rejimin içəridən çökdüyünün göstəricisidir.
Bütün bu proseslərin fonunda Azərbaycan ictimaiyyəti və dövləti üçün əsas məsələ, heç şübhəsiz, öz milli təhlükəsizliyimizi möhkəmləndirmək, milli birliyimizi qorumaq və bölgəsəl sürəclərdən bir növ təsirlənməməkdir.
Azərbaycanın Güney və Quzey bölümləri tarixən bir xalqın ayrılmış parçaları kimi var olsa da, bu kimi təhlükəli məqamlar göstərir ki, Güneyin də, Quzeyin də gələcəyi mümkün ortaq sabitlikdən, uhulət və suhulətdən keçir. İran içində, öz dədə-baba torpaqlarında yaşayan milyonlarla azərbaycanlının təhlükəsizliyi və hüquqları, bu kontekstdə daha da güncəlləşir.
Azərbaycan Respublikasının rəsmi dairələrinin emosiyadan uzaq, strateji və ayıq-sayıq mövqeyi bu cür qlobal gərginlikdə milli maraqları qorumaq baxımından – dünən də, bu gün də – həlledicidir.
İranın öz vətəndaşlarını, ali komandanlarını belə qoruya bilməməsi, onun bölgəsəl güc iddiasına çox ağır zərbədir. Biz sövq-təbii, milyonlarla soydaşlarımızın öz dədə-baba yurdunda əmin-amanlıq içində yaşamasını istəyirik. İstəyirik ki, bizim bölgə savaş meydanına çevrilməsin, irimiqyaslı miqrasiya halları ilə üz-üzə qalmayaq. Biz yalnız bölgəmizdə deyil, bütün Yer üzündə barışdan, anlaşmadan yanayıq. Keşkə, hər şey bizim iradəmiz, gücümüz içində olsaydı - o zaman dünya gül-gülüstanlıq olardı...
Yeni dönəmin hərbi, siyasi, iqtisadi, mədəni və digər kateqorilər üzrə konseptləri dəyişir, dəyişdirir. Umudumuz: uslu, urvatlı dövlətlər qalib çıxsın!
Bu isə düşünən beyinlərin, qorunan dəyərlərin, gücləndirilmiş dövlətin işidir. Örnəyi, beş il öncəki 44 günlük savaş, iki il öncəki 24 saatdan daha az sürən antiterror tədbirləri, bir il öncə isə Qazaxın 4 kəndinin qaytarılması kimi…
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI