Bakıda tanınmış rusiyalı memar, Beynəlxalq Memarlıq Akademiyasının professoru, Rusiya Memarlar İttifaqı İdarə Heyətinin üzvü, Moskva Memarlar İttifaqının vitse-prezidenti və beynəlxalq memarlıq mükafatları laureatı Aleksey Ginzburqun “Tarixi şəhər: İnkişaf prosesində milli kimliyin qorunması” mövzusunda mühazirəsi təşkil olunub.
Bu barədə “Report” Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, komitənin təşkilatçılığı və ADA Universitetinin dəstəyi ilə baş tutan tədbir memarlıq sahəsinin peşəkarlarını, dövlət və özəl sektor nümayəndələrini, eləcə də ixtisaslaşmış fakültələrin tələbələrini bir araya gətirərək, şəhər mühitinin inkişaf perspektivlərinin müzakirəsi üçün əhəmiyyətli platforma yaradıb.
Sürətli şəhər inkişafı fonunda tarixi irsin qorunması məsələlərindən bəhs edən A. Ginzburq memarlıq və bərpa layihələrində müasir həllərlə tarixi kontekstin vəhdətini ön planda saxlayan təcrübəsini iştirakçılarla bölüşüb.
Qeyd edək ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilən ilk maarifləndirici tədbirdir. Təşəbbüsün məqsədi memarlıq mütəxəssislərinin inkişafına dəstək vermək, beynəlxalq dialoqu gücləndirmək və tarixi irsi qorumaq şərtilə davamlı memarlıq mədəniyyətini təşviq etməkdir. Azərbaycan memarlığının inkişafında əhəmiyyətli rol oynayan belə tədbirlər qabaqcıl təcrübələrin mübadiləsinə və dayanıqlı şəhər inkişafı strategiyalarının həyata keçirilməsinə təkan verir.