AZ

AĞSU ŞƏHƏRİ ƏRAZİSİNDƏKİ ŞIXMƏZİD XANƏGAH KOMPLEKSİNDƏ ARXEOLOJİ TƏDQİQATLAR (15 MAY – 13 İYUN 2025-Cİ İL)

Ağsu şəhəri ərazisində yerləşən Şıxməzid xanəgah kompleksi ilk dəfə 2012-ci ildə Ağsu arxeoloji ekspedisiyası tərəfindən “Narlı pir qəbristanlığı”na baxış zamanı qeydə alınıb və ilkin arxeoloji tədqiqatlara başlanılıb. Bu tədqiqatlar nəticəsində 400 kv.m sahəni əhatə edən möhtəşəm tikinti qalıqları, eləcə də ətrafında qəbir kameralarının üstü saxsı səhənglərlə örtülmüş, bu baxımdan hələlik analoqu olmayan qəbir tipləri aşkarlanıb. Bu abidə barəsində ilkin olaraq XVI əsr Osmanlı müəllifi Xulvi, XIX əsr Azərbaycan şairi Seyid Əzim Şirvani, daha sonra isə Cəmil Aleksandroviç Nasıfinin 1926-cı ilə aid qeydlərində məlumata rast gəlinir. Ağsudan 1,5 km şimalda yerləşən, Şamaxı Cümə məscidi ilə eyni dövrə və plan quruluşuna malik, dəfələrlə dağıdılıb təmir olunan bir məscid və türbədən bəhs olunur.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci il çöl tədqiqat planına uyğun olaraq, 15 may tarixindən etibarən bir ay ərzində professor Qafar Cəbiyevin rəhbərliyi altında Ağsu arxeoloji ekspedisiyası tərəfindən Şıxməzid xanəgah kompleksində yenidən arxeoloji tədqiqatlar aparılıb. Qazıntı işləri zamanı kompleksin şərq kənarı boyunca iri ölçülü, səliqə ilə yonulmuş mədən daşlarından hörülmüş divar qalıqları tam şəkildə açılıb, həmin istiqamətdə əlavə altı ədəd hücrə-otaq qeydə alınaraq qismən öyrənilib. Hücrə-otaqlarla xanəgahın giriş portalı arasında yer səthindən 2,5 metr dərinlikdə cənub-şimal istiqamətində uzanan daha bir divar qalığı aşkar edilib. Qalınlığı bir metrdən çox olan bu divarın sonrakı dövrlərdə tikilmiş hücrə-otaqlara aid divarlarla əlaqəsi müşahidə edilməyib. Bu isə Şıxməzid xanəgah kompleksində tikintinin ən azı iki mərhələdə həyata keçirildiyini göstərir. Qeyd edək ki, tikinti zamanı möhkəmləndirici material kimi kirəcdən istifadə olunub.

Tədqiqatlar zamanı xüsusi maraq doğuran məsələlərdən biri iri ölçülü mədən daşlarının haradan və hansı üsullarla gətirilib yonulması məsələsidir. Qeyd etmək lazımdır ki, bəzilərinin uzunluğu 1-1,5 metr, eni və qalınlığı isə 60-80 sm olan bu blok daşların əldə edilməsi və işlənməsi kifayət qədər çətin olub. Digər diqqətçəkən məqam isə ərazidə mədəni təbəqənin xeyli kasıb olmasıdır. Ərazinin ayrı-ayrı nöqtələrində demək olar ki, mədəni qalıqlara rast gəlinmir. Bu hal kompleksin fasilələrlə fəaliyyət göstərməsi ilə əlaqələndirilə bilər. Hələlik öyrənilən sahədə aşkara çıxan tapıntılar əsasən az sayda kaşı fraqmentləri, bişmiş kərpic və məişət keramikasından ibarətdir.

Ekspedisiya xanəgah kompleksinə daxil olan “Narlı pir qəbiristanlığı” ərazisindəki Şıxməzid türbəsində də paralel olaraq tədqiqat işlərinə başlayıb. Yerli sakinlərin verdiyi məlumata görə, türbə XX əsrin 30-cu illərində “Allahsızlar cəmiyyəti” tərəfindən özülünə qədər dağıdılıb. 1989-cu ildə yerli memar Xanlar Hüseynovun layihəsi əsasında həmin özül üzərində dəmir-beton konstruksiya və onun üzərində ağ rəngli odadavamlı bişmiş kərpic divarlar inşa edilib. Divar özülə uyğun olaraq səkkizguşəli planla hörülüb. Türbənin içərisində iki nar ağacı mövcuddur ki, bu səbəbdən qəbiristanlıq “Narlı pir qəbiristanlığı” kimi tanınır. Burada dəfn olunan Şirvan xan ailəsi üzvləri barədə akademik Berjenin redaktorluğu ilə tərtib olunan şəcərədə də məlumat vardır.

Türbənin içərisi tullantılardan təmizlənərkən kərpic döşəmə aşkarlanıb. Türbənin mərkəzində qiblə istiqamətində qəbir yeri müəyyənləşdirilib. Qəbir yeri təmizlənərkən şərq tərəfində sərdabənin üzərində iki oyuq əmələ gətirən dörd əhəngdaşı plitəsi aşkar edilib. Həmin oyuqların qarşısından sərdabənin bişmiş kərpicdən ibarət tağlı hissəsi üzə çıxıb. Sərdabənin içərisində aparılan tədqiqatlar zamanı müxtəlif dövrlərə aid qarışıq materiallar aşkar olunub. Tapıntılar əsasən çoxsaylı səkkizguşəli bütöv kaşı və fraqmentləri, saxsı qabların hissələri, dəmir mismar, mıx, nal, alətlər, çoxlu mis sikkələr və şüşə qab nümunələrindən ibarətdir.

Türbənin qapısının şərq tərəfdə olduğu ehtimal edildiyi üçün orada 2x2 metr ölçüdə yoxlama qazıntısı qoyulub. Yer səthindən 70 sm dərinlikdə aşkar edilən və üzərində pilləkən funksiyası daşıyan blok daş olan kərpic döşəmə (uzunluğu 1 metr, eni 0,6 metr) qapının həmin istiqamətdə olduğunu təsdiqləyib. Qazıntı 1,8 metr dərinliyə qədər aparılaraq divarın özül hissəyə qədər tikinti xüsusiyyətləri öyrənilib. Burada bir ədəd mis pul, çoxlu dəmir mismar və mıxlar, kaşı və keramika fraqmentləri, müxtəlif bəzək nümunələri aşkarlanıb.

Yuxarıda deyilənlər bütövlükdə Azərbaycanın İslam dövrü arxeoloji irsinin yeni dövrün çağırışları kontekstində dərindən və hərtərəfli araşdırılması baxımından çox mühüm elmi əhəmiyyət kəsb edir.

Seçilən
6
1
qht.az

2Mənbələr