AZ

TDT-nin Baş katibi: Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq genişlənir

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycana göstərdiyi birgə səylərə və dəstəyə görə dərin təşəkkürümü bildirirəm. Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresinin yüksək səviyyədə təşkili onkologiya sahəsində əməkdaşlığımıza verilən əhəmiyyətin bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində çıxışı zamanı deyib.

O qeyd edib ki, Türk dövlətləri arasında bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlıq genişlənir və güclənir.

“Türk dövlətlərinin gələcəyə baxışı bizə daha sıx əməkdaşlığa malik, güclü və səmərəli təşkilata çevrilmək imkanı verir.

Ötən il oktyabr ayında Şuşada keçirilən TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası zamanı imzalanan Birgə Bəyannamə əməkdaşlığımızı yeni mərhələyə daşıyıb. Cari il aprel ayında Astanada təşkil olunan növbəti görüş isə bir daha qətiyyətimizi nümayiş etdirib. Həmin görüş çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə imzalanmış Anlaşma Memorandumu da bu yolda mühüm addımlardan biri olub”, - deyə Baş katib bildirib.

O əlavə edib ki, xərçəng təkcə fərdi insanları deyil, bütövlükdə səhiyyə sistemlərini çətin vəziyyətə sala bilən ciddi qlobal problemdir. Bu səbəbdən profilaktik tədbirlərin gücləndirilməsi, vaxtında diaqnostika və keyfiyyətli müalicə imkanlarının bütün vətəndaşlar üçün əlçatan olması ən vacib hədəflərdən biri olmalıdır.

Seçilən
18
azertag.az

1Mənbələr