AZ

Hindistan İrəvana hansı qırıcıları verir?

Polkovnik: “2020-ci ildə Ermənistanın arsenalındakı Rusiya silahlarının taleyi necə oldusa, Hindistan silahlarının da aqibəti o cür olacaq”

Hindistanın Milli Müdafiə Kollecinin nümayəndə heyətinin Ermənistan Respublikasına “tanışlıq səfəri” son dövrlərdə İrəvanla Dehlinin siyasi və hərbi təmaslarını intensivləşdirməsi fonunda diqqət çəkir.

Səfər rəsmi səviyyədə tanışlıq adı altında təqdim olunsa da, bu hadisənin arxasında daha dərin və narahatedici geosiyasi niyyətlərin dayandığı aydın görünür. General-mayor Samart Naqarın rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanın hərbi rəhbərliyi ilə görüşlər keçirir, müxtəlif obyektlərlə tanış olur və bu yolla Hindistan-Ermənistan hərbi əlaqələrinin gələcək istiqamətlərini formalaşdırmağa çalışır.

Bu arada məlum olub ki, Ermənistan Hindistanla "Su-30MKI" çoxməqsədli qırıcıların mümkün alınması ilə bağlı danışıqlar aparır. Bu barədə Cənubi Qafqazda hərbi-strateji gərginliyin artmasına və Azərbaycan Hərbi Hava Qüvvələrinin əhəmiyyətli dərəcədə güclənməsinə işarə edən Yeni Dehlidəki mənbələr bildiriblər.

Azərbaycan Pakistanla 40 ədəd "JF-17 Thunder Block III" qırıcılarının tədarükü ilə bağlı müqavilə əsasında döyüş təyyarələri parkını əhəmiyyətli dərəcədə genişləndirir.

İlkin sifarişə 16 ədəd daxil idi, lakin iki dəfədən çox artırıldı. Platformalar, döyüş sursatı, logistik dəstək və uçuş heyətinin təlimi daxil olmaqla, sövdələşmənin ümumi məbləği 4,6 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Bunun fonunda Hindistan Ermənistanla hərbi-texniki əməkdaşlığı, o cümlədən müxtəlif növ silahların tədarükünü sürətləndirib. Bu qarşılıqlı fəaliyyət xəttinin bir hissəsi kimi Yeni Dehli İrəvana Rusiya lisenziyası əsasında Hindistanda istehsal olunan "Su-30MKI" qırıcılarını almağı təklif edib.

Hindistanın “Jetline Marvel” aviasiya nəşri məlumatlı mənbələrə istinadən yazır ki, Ermənistan "Su-30MKI" qırıcılarına “iqtisadi cəhətdən sərfəlil” kimi baxır. “Jetline Marvel”in məlumatına görə, Ermənistan Hindistan tərəfi ilə Su-30MKI-nin alınması üçün “yüksək səviyyəli danışıqlara” başlayıb. Rusiya platforması əsasında yaradılmış "Su-30MKI" qırıcısı Hindistanın tələblərinə uyğunlaşdırılıb.

"Su-30MKI"nin modernləşdirilmiş versiyaları qısa və orta mənzilli “hava-hava” raketləri, o cümlədən yerli “Astra” hava-hava raketləri, həmçinin “Rudram” antiradar raketləri ilə təchiz edilib.

Ermənistan Hərbi Hava Qüvvələrinin zərbə potensialını artırsa da, yaxın gələcəkdə regional strateji balans Azərbaycanın xeyrinə dəyişməkdə qalır. Azərbaycanın döyüş aviasiya donanmasının davam edən modernləşdirilməsi prosesini nəzərə alaraq, Ermənistan təkcə təchizat məsələsini deyil, həm də uçuş heyətlərinin təlimi, texniki xidmət, infrastrukturun əsaslandırılması və mövcud hava hücumundan müdafiə sistemləri ilə operativ uyğunluq məsələlərini həll etməli olacaq.

Son nəticədə Hindistan-Ermənistan əməkdaşlığı Azərbaycan üçün yeni bir təhlükə yaratmır, çünki bu cür münasibətlər strateji əsasdan məhrumdur. Lakin bu, regionun sabitliyi və əməkdaşlıq ruhuna qarşı olan dağıdıcı tendensiyadır. Azərbaycan bu prosesləri diqqətlə izləyir və öz regional mövqeyini daha da gücləndirərək, həm Hindistanın qeyri-sağlam siyasətinə, həm də Ermənistanın yeni təxribat planlarına qarşı çevik cavab verməyə qadirdir.

Medianın

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a şərhində bildirdi ki, Ermənistan kimdən silah, nə qədər hərbi təyyarə alsa da, bu, Ermənistanı xilas etməyəcək: “Bu yaxınlarda baş verən Hindistan-Pakistan hərbi qarşıdurması sübut etdi ki, Pakistanın hava hücumundan müdafiə silahları və hücum silahları daha güclüdür. Azərbaycan isə Pakistanla sıx hərbi əməkdaşlıq münasibətlərindədir. Ermənistan nə zamansa Hindistan silahları və qırıcı təyyarələrinə arxayın olub Azərbaycana qarşı hərbi müdaxilə etsə, aqibəti 2020-ci ildəki kimi olacaq. 2020-ci ildə Ermənistanın arsenalında olan Rusiya silahlarının taleyi necə oldusa, Hindistan silahlarının da aqibəti o cür olacaq. Bir neçə gün öncə ABŞ-ın "Forbes" jurnalında “Ermənistan Azərbaycanın "JF-17" qırıcılarını almasına necə cavab verə bilər?” adlı irihəcmli məqalə dərc olunmuşdu.  Məqalədə yazılırdı ki, Pakistan hökuməti cümə günü sosial media platforması X-də təsdiqləyib ki, Azərbaycan 4,6 milyard dollarlıq müdafiə sazişi çərçivəsində "JF-17" qırıcılarının sifarişini 16-dan 40-a qaldırıb. "JF-17C Block III" qırıcısının 4.5-ci nəsil olması ilə diqqət çəkən müəllif qeyd edir ki, bununla da Azərbaycan qırıcıların sayı baxımından Ermənistanı 10 dəfə geridə qoyub. Eyni zamanda Azərbaycanın xeyli köhnəlmiş olsa da, keyfiyyətli təmirdən çıxmış MiQ-29 qırıcı donanmasını, İsrail və Türkiyə istehsalı olan qabaqcıl dronlarını nəzərə almasaq belə, 40 ədəd "JF-17C Block III" qırıcısı rəsmi Bakıya ciddi üstünlüklər verir.

Ermənistan Pakistanla Azərbaycan arasında baş tutmuş bu silah alış-verişindən xeyli narahatdır. Lakin imkan baxımından zəif olan Ermənistan üçün varlı Azərbaycanla silahlanma sahəsində rəqabət aparmaq çətindir. Bu rəqabətdə Hindistandan qırıcılar alınması da vəziyyəti Ermənistanın xeyrinə dəyişməyəcək".

Polkovnik qeyd etdi ki, Hindistan Rusiya istehsalı olan Su-30MKI döyüş təyyarəsini lisenziya əsasında hazırlayır. Hindistan tezliklə bu təyyarələrin bir hissəsini ixrac edə bilər və şübhəsiz ki, Ermənistanı potensial müştəri kimi görür: “İrəvan artıq bu onilliyin əvvəlindən Hindistan istehsalı olan silahlar üzrə rekord həcmli müqavilələr imzalayıb. Hindistan çox güman ki, Azərbaycanın Hindistanın əzəli rəqibi olan Pakistandan qırıcı almasına cavab olaraq Ermənistanı öz qırıcıları ilə təchiz etməyə maraqlıdır. Azərbaycanla havada rəqabət aparmaq üçün yeni qırıcılar əldə etməklə yanaşı, Ermənistan böyük ehtimalla öz hava hücumundan müdafiə sistemlərini də Hindistan, İran və ya digər ölkələrin texnologiyaları ilə təkmilləşdirməyə çalışacaq. Lakin Hindistanın Ermənistana silah satması, nə Ermənistanı xilas edə bilər, nə də Azərbaycana təzyiq vasitəsi ola bilər. Azərbaycanın arxasında güclü iqtisadiyyat, müasir ordu, regional və qlobal səviyyədə güclü diplomatik əlaqələr dayanır. Həm Türkiyə, həm Pakistan, həm də digər nüfuzlu ölkələrlə tərəfdaşlıq edən Azərbaycan bu gün nəinki Cənubi Qafqazın, hətta Avrasiyanın əsas oyunçularından birinə çevrilib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, Cənubi Qafqazda yeni siyasi reallıq yaratmış bir dövlətdir. Bu reallığı Hindistan silahları ilə dəyişmək mümkün deyil”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Seçilən
0
musavat.com

1Mənbələr