BAKI, 13 iyun. TELEQRAF
“İsrailin İrana hücumu nəticəsində bir neçə nüfuzlu hərbi komandir, elm-ictimai xadim həlak olub”.
Teleqraf xəbər verir ki, bunu İranın keçmiş prezidenti Məhəmməd Xatəmi deyib.
Sabiq prezident Fransa, Almaniya, Böyük Britaniya və ABŞ-ni hücumlarda İsrailə yardım etməkdə ittiham edib.
Xatəmi qeyd edib ki, bu hücumlar sözügedən dövlətlərin təqdimatı əsasında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İrana qarşı qətnamə qəbul etməsi ilə üst-üstə düşüb.
“İranın danışıqlara, məsələlərin rasional və sülh yolu ilə həllinə üz tutduğu, sülh, tərəqqi və təhlükəsizliyi təmin etmək üçün qonşuları və müxtəlif ölkələrlə münasibətləri və əməkdaşlığı genişləndirməyə və inkişaf etdirməyə çalışdığı bir vaxtda Amerika rəsmilərinin İslam Respublikasına qarşı getdikcə daha sərt və bəhanə gətirən bəyanatları sadə bir təsadüf deyil”, - sabiq prezident əlavə edib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, ali dini rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.
İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.