AZ

İsrail-İran münaqişəsi Azərbaycana necə təsir edəcək? - ŞƏRH

Yaxın Şərqdə yeni bir gərginlik ocağı qızışmaq üzrədir: İsrail və İran arasında uzun illərdir davam edən dolayısı münaqişə artıq birbaşa toqquşma mərhələsinə keçmək üzrədir. Bu qarşıdurmanın regional miqyasda təhlükəsizlik arxitekturasını dəyişdirəcəyi ehtimal olunur. Azərbaycan üçün isə bu münaqişə bir neçə istiqamətdə həm təhlükəsizlik, həm diplomatik, həm də iqtisadi müstəvidə risklər və imkanlar yaradır.

Bəs İsrail-İran qarşıdurması Azərbaycana necə təsir edə bilər?

İsrail və İran arasında qarşıdurma təkcə iki dövlət arasındakı rəqabət deyil – bu, ideoloji, dini, geosiyasi və strateji maraqların toqquşmasıdır. İran "müqavimət oxu" çərçivəsində "Hizbullah"ı, Suriya, husiləri və İraqdakı müxtəlif şiə qruplaşmaları vasitəsilə İsraili təzyiq altında saxlamağa çalışır. İsrail isə bu qrupları region üçün təhdid sayaraq, İranın nüvə proqramını öz milli təhlükəsizliyi üçün birbaşa təhdid hesab edir.

Azərbaycan öz neft və qaz ixracatının böyük bir hissəsini Qərb bazarlarına yönəldir. Əgər İranla İsrail arasında müharibə regiondakı enerji xətlərinə və ümumilikdə enerji bazarına təsir edərsə, Azərbaycanın neft-qaz gəlirləri qısamüddətli dövrdə artsa da, uzunmüddətli qeyri-sabitlik riskləri də qaçılmaz ola bilər.

Azərbaycan həm İsraillə strateji tərəfdaşlıq, həm də İranla qonşuluq münasibətləri saxlayır. Qarşıdurmanın dərinləşməsi Bakı üçün diplomatik balanslaşdırma çətinliyini artıracaq.

İranın Cənubi Azərbaycan bölgəsindəki etnik məsələlər və Azərbaycanın cənub sərhədlərində mümkün təxribat riski Bakı üçün diqqət mərkəzində olacaq. İran–İsrail gərginliyinin artması fonunda İranın daxili sabitliyi pozularsa, bu, sərhəd boyunca qaçqın axını və ya sabitliksizliklə nəticələnə bilər.

Hər iki ölkənin Azərbaycandakı təsir dairəsi, xüsusilə də media və dini strukturlar üzərindən informasiya müharibəsi güclənə bilər. Bu isə daxili ictimai-siyasi ab-havada süni qütbləşmə yarada bilər.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama erən iqtisadçı-ekspert Eldəniz Əmirov deyir ki, İsrailin İrana qarşı həyata keçirdiyi hücum regionda vəziyyəti kəskin dəyişə bilər.

"Bu təsirlər həm regionada ümumi təhlükəsizlik mühitinə, həm nəqliyyat dəhlizlərinə, həm idxal-ixrac balansına, həm neft qiymətlərinə, həm də mümkün miqrasiya axınlarına görə qiymətləndirilə bilər. Şimal-Cənub Dəhlizi üzrə isə dərhal ciddi iqtisadi risk görmürəm. Çünki, İran tərəfində infrastruktur hələ də tam tamamlanmayıb və bu marşrut indiyə qədər də tam gücü ilə işləmirdi. Bir müddət əvvəl onsuzda əsas limanı partlayış sıradan çıxarmışdı. 

2024-cü ildə Azərbaycan–İran ticarət dövriyyəsi 647 milyon dollar olub, bunun 633 milyon dolları İranın ixracıdır. Yəni biz bu qədər idxal etmişik. İran əsasən Azərbaycana meyvə-tərəvəz, quru çərəzlər, bəzi dərman vasitələri, plastik məmulatlar, tikinti materialları və məişət texnikası ixrac edir. Qısamüddətli gecikmələr və qısa qiymət artımı bu sahələr üzrə mümkündür, lakin ümumi iqtisadi sabitliyi sarsıdacaq səviyyədə deyil".

İqtisadçı-ekspert deyir ki əgər münaqişə uzanarsa, İrandan Azərbaycana doğru humanitar və iqtisadi axının, xüsusilə də biznesi çökən sahibkarların və mülki əhalinin artması mümkündür.

"Bu isə bir tərəfdən istehlak artımı və sosial xidmətlərə təzyiq yarada bilər, digər tərəfdən isə yeni əmək resursları və iqtisadi inteqrasiya imkanları formalaşdıra bilər. Belə hallarda, xüsusən də İran vətəndaşlarının Azərbaycanda uzunmüddətli yaşamağa meyil göstərməsi fonunda, əmlak bazarında tələbin artması və daşınmaz əmlak qiymətlərində yüksəliş müşahidə oluna bilər. Həmçinin münaqişənin uzun davam etməsi, region ölkələrinin ticarət planlarını və dünya bazarında neft qiymətlərini dəyişə bilir. Odur ki, çox şey situasiyanın davam etmə müddəti və miqyasından asılı olacaq".

Seçilən
13
2
operativmm.az

4Mənbələr