Haylar dini siyasi təzyiq vasitəsinə çevirmək cəhdlərindən əl çəkmək istəmirlər
Hayların sülhə son dirənişlərini müşahidə etməkdəyik. Bu zaman erməni lobbisi, diaspor təşkilatları Azərbaycana siyasi-ideoloji təzyiq göstərməkdən ötrü ən müxtəlif üsullardan, o cümlədən xristianların dini hisslərindən belə yararlanmağa çalışırlar. Onların məqsədi dünya xaçpərəstlərinin dini duyğularını “əzabkeş ermənilərin” üzərinə yönəltməkdir. Avropada, ABŞ-da güclü maliyyə dayaqlarına malik erməni diasporunun “yemlədiyi” bəzi media vasitələrinin Azərbaycana qarşı qərəzli mövqe tutduqlarını, ara-sıra “informasiya hücumu” təşkil etdiklərini bilirik və bu barədə kifayət qədər yazmışıq. Bu anti–Azərbaycan düşərgəyə qoşulanların sırasında nüfuzlu nəşrlər, reytinqli telekanallarla yanaşı, konkret qurumlar, “beyin mərkəzləri”, hətta dini konfessiyalar da var.
Son vaxtlar ABŞ-dakı hay lobbisinin Azərbaycana qarşı təşkil etdiyi ideoloji diversiyaların icraçısı qismində Ümumdünya Kilsələr Şurası çıxış etməyə başlayıb. Hərçənd, bu qurumun haylara xristian təəssübkeşliyi göstərməsi heç də yenilik sayılmamalıdır. Bu barədə bir qədər sonra bəhs edəcəyik.
***
Məlumdur ki, Birləşmiş Ştatların yeni administrasiyası fəaliyyətində ənənəvi dəyərlərin qorunmasını rəhbər tutur. Aydın məsələdir ki, bu dəyərlər sırasında xristianlıq ön planda gəlir. Respublikaçı Prezident Donald Tramp dindar olmasa da, xristian dini ehkamlarının təbliğatçısı rolunda çıxış edir. Bu da öz növbəsində onun komandasının ümumən baxışlar sisteminə təsir göstərir. Belə incə diplomatik məqamdan yararlanmağa çalışan ABŞ-dakı ermənipərəstlər özlərinin anti-Azərbaycan fəaliyyətlərində məhz bu incəliyin üzərinə getməyə, ona siyasi sərmayə qoymağa cəhdlər göstərirlər. Ermənistan iqtidarı bu kontektdə xaricdəki “dayı”larının ifasına “bek-vokalistlik” edir. Aydın məsələdir ki, İrəvan bunu bir qədər fərqli formada, yarıgizli şəkildə həyata keçirir. Amma yeri gələndə, “ümumi işə” konkret dəstəyini də əsirgəmir. Buna misal olaraq, Ermənistan baş naziri Nikol Paşinyanın Donald Tramp prezident səlahiyyətlərinin icrasına başlayandan dərhal sonra, cari ilin fevralında Vaşinqtona səfərini göstərmək olar. Səfərin rəsmən açıqlanan məqsədi Paşinyanın Birləşmiş Ştatlarda düzənlənən 5-ci Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində iştirakı idi. Yəni, Nikolun bu toplantıya qatılmaqda əsas “missiyası” ermənilərin xristian dininə çox yaxından bağlılığını reklam etmək və fürsət tapıb Trampla görüşmək idi. Bu cəhdin baş tutmaması Nikol Paşinyanın Ağ Evin “dairəvi kabineti”ndə qəbul edilməməsi ilə sübut olundu.
Göründüyü kimi, indi erməni lobbisi “ikinci dini dalğaya” start verib. Dövrəyə Ümumdünya Kilsələr Şurası (ÜKŞ) daxil olub. Oxuculara xatırladaq ki, ÜKŞ-nin Baş katibi Jerry Pilley 27-28 may tarixlərində Berndə keçirilən dini konfrans zamanı 2023-cü ildə Laçın dəhlizinə yaxın əraziyə getdiyi vaxt, guya, “...fiziki yaraların, həm də öz kökündən qoparılan insanların iztirablarının şahidi” olduğunu dilə gətirib. Yəni, açıq-aşkar separatçı çıxış edib və Qarabağ ermənilərinin geriyə qayıtmaq haqqından danışıb.
Təbii ki, Jerry Pilleyin təxribatçı açıqlamasının cavabını Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə verməli idi. Belə də oldu. A.Paşazadə Jerry Pilleyə ünvanladığı məktubda qeyd edib ki, ÜKŞ kimi beynəlxalq kilsə təşkilatının erməni məkri və iftiralarına istinad edən sənədlərində islamofob dəst-xətt aydın sezilir: “Bu isə təşkilatın adına ləkə gətirir. İnsanları sülhə deyil, zorakılığa təhrik edən erməni kilsəsi erməni xalqını “ölənədək savaşa” səsləməklə onun gələcəyini növbəti təhlükələrə və fəlakətlərə sürükləyir. Bu məramla çağırış edirəm ki, erməni kilsəsinin, kövrək sülh şəraitini pozan qızışdırıcı, revanşist, həqiqətə uyğun olmayan təbliğatına və xristian təəssüb-
keşliyindən sui-istifadə cəhdlərinə ÜKŞ tərəfindən bundan sonra dəstək verilməsin. Öz xalqına heç bir nicat yolu qoymayan, onu yeni faciələrə sürükləyən erməni kilsəsinin destruktiv təsirinin ÜKŞ-nin rəsmi mövqeyi olaraq dünyaya bəyan edilməsinə son qoyulsun”.
Bəli, ÜKŞ lideri öz açıqlaması ilə bəlkə də fərqinə varmadan, kövrək sülhün davamlı sülhə çevrilməsini istəməyən, təhrikçi, daşnak-revanşist qüvvələrin yanında dayanmış olur ki, bu da bütün dinlərin təbliğ etdiyi humanist dəyərlərin adına yaraşmayan hərəkətdir. QMİ sədrinin məktubunda məhz bu konteksti xüsusi qeyd etməsi diqqətimizdən yayınmadı: “Biz Ümumdünya Kilsələr Şurasını ədalətli dinlərarası dialoq və səmərəli əməkdaşlıq müstəvisi kimi tanımışıq. 1993-cü il fevralın 8-də Montrödə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dəyərli addım atılıb, məhz ÜKŞ-nin vasitəçiliyi ilə iki ölkənin dini liderlərinin iştirakı ilə yüksəksəviyyəli görüş təşkil olunub”.
O xatırladıb ki, ÜKŞ-nin o vaxtkı Baş katibi Konrad Rayzerin tapşırığı ilə Azərbaycana səfər etmiş nümayəndə heyəti təcavüzə məruz qalmış, etnik təmizləmə siyasəti nəticəsində doğma torpaqlarından qaçqın və məcburi köçkün olaraq didərgin salınmış azərbaycanlıların ağır vəziyyəti ilə yerindəcə – çadır şəhərciklərində tanış olub, qayıtdıqdan sonra ölkəmizə humanitar yardım göstərmək barədə qərar qəbul edib”.
Hesab edirik ki, A.Paşazadənin məktubda Jerry Pilleyin diqqətinə çatdırdığı bu xəbərdarlıq mesajı isə qarşı tərəfi düşünməyə vadar edəcək: “Məkr, qərəz və revanşizmi xristian dininin postulatları, İsa Məsihin tövsiyələri ilə ziddiyyət təşkil edən, şərəf və nüfuzu öz ölkəsində belə mübahisələndirilən, ruhani müqəddəsliyini itirməkdə olan erməni kilsə rəhbərlərinin təsirindən nə qədər tez uzaqlaşarsınızsa, ÜKŞ-nin beynəlxalq imici bir o qədər az zərər görər”.
Bəs, üstündən 32 il keçəndən sonra nə baş verdi ki, ÜKŞ-nin Azərbaycana münasibəti 180 dərəcə dəyişdi, indi, o, haypərəst mövqedən çıxış edir? Çox şey dəyişdi. İşğalçı Ermənistan qanunsuz ələ keçirdiyi torpaqlarımızdan çıxarıldı, Qarabağda separatçı rejimə son qoyuldu. Bütün bunları xaricdəki erməni lobbisi, diaspor təşkilatları, eləcə də rəsmi İrəvan hələ də həzm edib qurtara bilmir...
***
Bu, ÜKŞ-nin ölkəmizə qarşı birinci və sonuncu “xristian demarşı” deyil. Diqqətli oxucuların yadında olar, ötən il ÜKŞ Mərkəzi Komitəsinin iclasının yekun sənədində birtərəfli xarakter daşıyan və erməni tərəfinin mənafelərinə xidmət edən bənd qəbul edilib. Məlumdur ki, belə bir bəndin qəbul olunmasında erməni kilsəsinin “xüsusi” rolu olub. Hələ 2022-ci ilin 31 avqust - 8 sentyabr tarixlərində ÜKŞ-nin 11-ci Asambleyasında da oxşar addım atılmışdı. Bununla əlaqədar Azərbaycanda fəaliyyət göstərən müsəlman, pravoslav, yəhudi və alban-udi konfessiyalarının rəhbərləri təmsil etdikləri icmaların ümumi rəyini bu cür ifadə etmişdilər: “Sözügedən sənəddə bütün dini icmaların əsrlər boyu sülh və əmin-amanlıq içində yaşadığı vətənimiz Azərbaycana qarşı qərəzli, əsassız və ədalətsiz ittihamlar yer alır. Sənədin təşəbbüskarları Ümumdünya Kilsələr Şurasının təqdim etdiyi platformadan öz məkrli siyasi məqsədləri üçün sui-istifadə edir, məqsədyönlü şəkildə bu mötəbər qurumun üzvləri olan xristian icmalar arasında 30 il ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış Azərbaycana münasibətdə yanlış fikir formalaşdırmaq cəhdlərini davam etdirir”.
Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra o bölgələrə çoxsaylı səfərlər edən beynəlxalq təsisatlar, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri Ermənistan tərəfindən törədilən urbisid, ekosid, mədəni və dini abidələr, müsəlman, alban-udi ibadətgahlarına qarşı vandalizm əməllərinin həqiqi miqyasının canlı şahidi olub, bu cinayətləri sənədləşdiriblər.
ARAYIŞ: Ermənistan tərəfindən Azərbaycan ərazilərinin hərbi işğalı nəticəsində 700-dən çox tarixi və mədəniyyət abidəsi, o cülmlədən 927 kitabxana, 808 mədəniyyət mərkəzi, 85 musiqi və sənət məktəbi, 100 mindən çox eksponatı ilə 22 muzey, 4 sənət qalereyası, 4 teatr və 2 konsert salonu məhv olunub və talan edilib, yandırılmış torpaq siyasəti tətbiq edilib. Bu ərazilərdə qalan və qeydiyyatda olan 67 məsciddən 65-i tam dağıdılıb, digər 2-si isə acınacaqlı vəziyyətə salınıb. İşğal dövründə təkcə İslam dini abidələri deyil, həmçinin Qafqaz Alban Apostol Kilsəsi və Pravoslav Xristian abidələri erməni vandalizminin hədəfinə çevrilib. Hazırda işğaldan azad olunmuş ərazilərimizə səfər edən beynəlxalq ictimaiyyətin nümayəndələri yerlə bir edilmş Ağdamı “ruhlar şəhəri”, “Azərbaycanın Xirosiması” adlandırırlar.
Artıq bütün dünya bilir ki, 30 il işğal altında qalmış ərazilərimizdə tarix və mədəniyyət abidələri məqsədyönlü şəkildə məhv edilib. Onların etnik, hətta dini mənşəyinin qəsdən saxtalaşdırılması və mənimsənilməsi isə beynəlxalq humanitar hüquqa, müvafiq saziş və müqavilələrə ziddir. Bu, eyni zamanda, “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının, “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il konvensiyasının ermənilər tərəfindən açıq şəkildə pozulmasıdır. Sonda bir maraqlı detalı da nəzərinizə çatdıraq: Azərbaycana qarşı uydurma “erməni soyqırımı”, “etnik təmizləmə” kimi iddialar yalnız xristian dövlətləri tərəfindən səsləndirilir. Saxtakar ermənilərin “genosid” iddiasını yalnız xristian dövlətlərinin parlamentləri tanıyır. Bunun xristian həmrəyliyi ilə bağlılığı varmı? Varsa da, bu, hayların xislətində oturmuş saxtakar, hiyləgər həmrəylikdir. Belə həmrəyliyi isə heç bir din qəbul etməz.
İmran BƏDİRXANLI
XQ
Ekspert rəyi
Tofiq ABBASOV,
siyasi icmalçı
– Əgər Ümumdünya Kilsələr Şurasının rəhbəri, doğrudan da, ermənilərin təəssübünü çəkirsə, məsələlərə həssaslılqla yanaşırsa, gərək əvvəlcə münaqişənin tarixinə və mahiyyətinə nəzər yetirsin. XIX əsrin əvvəllərindən, çar Rusiyasının maraqlarına uyğun olaraq, Qafqaza ayaq açan ermənilər yalnız vasitə və alət rolunu oynayıblar. O dövrdən etibarən erməni kilsəsi dövlətçilik xəyalları ilə yaşayan xalqın önündə gedib, onu yönəldib və idarə edib. Bu kilsə heç vaxt Tanrının sözünü deyil, radikalizmi və faşizmi təbliğ edib. Hayların gizli dualarında ortodoks, lüteran və digər kilsələrin ünvanlarına lənətlər yağdırılır. Çünki onların düşüncəsinə görə, digər dinlərin hamısı qondarmadır. Bunu mütəxəssislər sübuta yetiriblər.
Son iki yüz ildə Azərbaycan xalqının yaşadığı dəhşətlərin baiskarı məhz erməni kilsəsi olub. Həm din xadimləri, həm də onların ətrafında birləşən erməni quldur dəstələri. Bu gün heykəllərini qoyduqları “qəhrəmanların” hamısı başkəsən, qaniçənlərdir. Qarabağ münaqişəsi başlayanda ermənilərin katalikosu II Vazgenin dediyi yadımızdadır. O söyləmişdi ki, ərazilərimzi genişləndirmək naminə biz Azərbaycanda yaşayan erməniləri qurban verməyə hazırıq. Bunların davası dini inanc, dinc, rahat yaşayış yox, ərazi davasıdır. Bu həqiqətlərdən bölgəyə təşrif buyurmuş ÜKŞ-nin rəhbəri Jerry Pilleyi də agah etmək lazımdır.