AZ

Dəhşətli savaşın AYAQ SƏSLƏRİ: "Regionda genişmiqyaslı münaqişə..."

Bu gecə İsrailin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumları dünya gündəmini silkələyib. Tehran isə cavabın gecikməyəcəyini bəyan edir. Bəs bu qarşıdurma daha geniş regional münaqişəyə çevrilə bilərmi? İranın ABŞ bazalarına və ya Fars körfəzi üzərindən neft logistikasına yönəlik cavab zərbəsi ehtimalı nə qədər realdır? Hazırda sual doğuran əsas məsələlərdən biri də odur ki, bu dəfə də İsrail-İran qarşıdurması əvvəlki illərdə olduğu kimi qısamüddətli qarşılıqlı zərbələrlə yekunlaşacaqmı, yoxsa vəziyyət nəzarətdən çıxaraq yeni hərbi və siyasi mərhələyə keçəcək?
Moderator.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmməd bildirib ki, İsrailin İrana hərbi zərbələr endirməsi gözlənilən addım idi. Onun sözlərinə görə, İsrail dəfələrlə bəyan etmişdi ki, İranın nüvə silahı əldə etmək niyyəti və bu ölkənin İsrailə təhlükə yaratması qəbuledilməzdir. Rəsmi Təl-Əviv bu təhlükəni aradan qaldırmaq üçün konkret şəkildə hərbi zərbələrə hazırlaşırdı:
“Son dövrlərdə ABŞ və İran rəsmiləri arasında danışıqlar aparılsa da və Donald Tramp məsələnin diplomatik yolla həllinə çalışacaqlarını dilə gətirsə də, vəziyyəti izləyənlər üçün bu gedişatın bir nəticə verməyəcəyi aydın idi. İsrail son günlərdə diplomatik nümayəndəliklərini təxliyə etməyə başlamışdı, müxtəlif səviyyələrdə verilən bəyanatlar da yaxın zamanda hərbi əməliyyatların başlayacağına işarə edirdi. Artıq bundan əvvəl İsrail iki dəfə İrana zərbə endirmişdi. Lakin hər iki halda İran tərəfi ciddi müqavimət göstərmiş, hava hücumundan müdafiə sistemləri zərbələrin əksəriyyətini zərərsizləşdirmişdi. Xüsusilə, ilk eşelon məhv edildikdən sonra gözlənilmədən ikinci hava hücumundan müdafiə sistemi işə düşmüş və İsrailin planlaşdırdığı dağıdıcı nəticələrin qarşısını almışdı.
 İsrail tərəfi bu dəfə isə tamamilə fərqli bir addım atdı. Belə ki, hava hücumlarına başlamazdan öncə İsrail aviasiyası İranın hava hücumundan müdafiə sistemlərini və radarlarını hədəfə alaraq sıradan çıxardı. Bunun ardınca isə səkkiz vilayətdə yerləşən 60-a yaxın strateji məntəqəyə raket zərbələri endirildi. Bu zərbələrin hədəfləri sırasında İranın nüvə obyektləri də olsa da, həmin obyektlərdə heç bir zərərin qeydə alınmadığı bildirilib. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) açıqlama verərək radiasiya səviyyəsinin normada olduğunu bəyan edib. İsrailin İranın yüksək rütbəli hərbçilərinin – o cümlədən Baş Qərargah rəisi, bir neçə general və nüvə alimlərinin yaşadığı ünvanları dəqiqliklə müəyyənləşdirərək hədəf alması İsrail kəşfiyyat orqanı Mossad-ın bu əməliyyatda mühüm rol oynadığını sübut edir. Lakin bu eyni zamanda İranın xüsusi xidmət orqanlarının zəifliyi kimi də qiymətləndirilə bilər. İsrailin zərbələri nəticəsində İranın ballistik raket bazaları, hərbi aviasiya vasitələrinin bir çoxu sıradan çıxarılıb. İran ordusu bu hücumla ciddi itkilər verib. Yaxın günlərdə İran tərəfinin  qarşılıq verilməsi, hətta ağır zərbələrin endirilməsi mümkündür”.
 
S.Məmməd qeyd edib ki, İsrailin baş naziri əməliyyatın uğurlu olmasına baxmayaraq, əhaliyə sığınacaqları tərk etməməyi tövsiyə edib:
“Bu da İranın cavab zərbələrinin gözlənildiyindən xəbər verir. Hətta hücum başlamazdan əvvəl İsrail mediasında və regional xəbər portallarında baş nazirin Təl-Əvivdən ayrılması barədə məlumatlar yayılmışdı. Bu toqquşma uzunmüddətli müharibəyə çevrilməyəcək. Çünki iki ölkə arasında birbaşa sərhəd yoxdur və bu da quru qoşunlarının əməliyyatını qeyri-mümkün edir. Hazırkı vəziyyət kontaktsız – yəni yalnız hava hücumları və raket zərbələri ilə aparılan müharibədir. Bu isə bir neçə gün davam edə bilər. Tərəflər bir-birinə maksimal zərbə endirməyə çalışacaq.
Onun sözlərinə görə, artıq İran ballistik raketlərlə və kamikadze dronlarla cavab hücumlarına başlayıb. Bu hücumların qarşısını almaq üçün ABŞ, İordaniya və Səudiyyə Ərəbistanı öz hava qüvvələrini səfərbər edib. İran qisas almayınca dayanmayacaq. ABŞ isə bəyan edib ki, İsraili müdafiə edəcək. Lakin əgər Vaşinqton bu prosesə birbaşa müdaxilə edərsə, İranın cavabı ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına yönələcək. Qətər, Səudiyyə Ərəbistanı, İordaniya və digər ölkələrdə yerləşən bu bazaların hədəf alınması regionda genişmiqyaslı münaqişəyə səbəb ola bilər. Bu halda prosesə digər dövlətlərin də qoşulması istisna deyil. Qarşıdakı günlərdə Yaxın Şərqdə gərginlik daha da artacaq və tərəflər bir-birinə maksimum zərbə endirməyə davam edəcəklər”.
 
Mehin Mehmanqızı
 
Seçilən
16
moderator.az

1Mənbələr