BAKI, 13 iyun. TELEQRAF
Ekologiya və Təbii Sərvətlər Nazirliyi son iki gündə, yəni iyunun 11-12-də ümumi dəyəri 9 milyon 998 min 575 manat olan 4 müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, Nazirlik “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyindən 8 995 500 manat dəyərində “KamAZ-65115 6×4 KO427-80” markalı tullantı daşıyan avtomobillər alacaq. Müqavilə iyunun 5-dən qüvvəyə minib və dekabrın 30-a qədər qüvvədə olacaq.
Qurum həmçinin nəqliyyat vasitələrinə zəmanət müddəti ərzində texniki xidmətinin göstərilməsi üçün “Hayat Group” MMC ilə 9 723 manat dəyərində müqavilə bağlayıb. Müqavilənin müddəti dekabrın 25-dək nəzərdə tutulub.
Bundan əlavə, nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınması məqsədilə Nazirlik “Aliyev Motors Company” MMC ilə də əməkdaşlığa başlayıb. 8 352 manat məbləğində olan bu müqavilə 2 aylıq - iyunun 11-dən avqustun 11-ə qədər olan dövrü əhatə edəcək.
Son olaraq, Nazirlik avtomat meteoroloji stansiyaların alınması və quraşdırılması üçün “Lab Test” Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri 985 000 manat olub. Sözügedən işlərə 2 iyun tarixindən başlanılıb və ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.