AZ

Tofiq Zülfüqarov: İrana qarşı müharibə çoxdan gedir, koalisiya da var

BAKI, 13 iyun. TELEQRAF

“İsraillə İran arasında müharibə çoxdan başlayıb. İyunun 13-də səhər saatlarında baş verənlər bunun yeni mərhələsi, qarşıdurmanın yeni səhifəsidir”.

Bunu Teleqraf-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

O qeyd edib ki, Təl-Əvivlə Tehran arasında belə bir qarşıdurma gözlənilən olsa da, son hadisələrlə bağlı kifayət qədər informasiya yoxdur:

“Hadisələrin miqyası tam bəlli deyil. Tərəflər müharibə qanunlarına uyğun olaraq, bəyanatlar verirlər, özlərinin itkilərini azladır, qarşı tərəfi hədələyir və s. Vəziyyətin aydınlaşması üçün zamana ehtiyac var”.

İranla İsrail arasında genişmiqyaslı müharibənin olması, Tehrana qarşı bir neçə ölkənin iştirakı ilə koalisiyanın formalaşdırılması ehtimalına gəlincə, sabiq nazir vurğulayıb ki, artıq belə bir koalisiya var: “Müharibə gedir, İrana hava zərbələri endirilib. Bir neçə ölkə bu prosesdə iştirak edir. İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Tehrana qədər gəlib çıxıb. İran da İsrailə cavab verməyə cəhd göstərir. Amma Tehranın pilotsuz uçuş aparatları vurulur. Bunu müxtəlif dövlətlər öz hava məkanlarında edirlər. Səudiyyə Ərəbistanı Yəmənlə sərhəddə İrana bağlı qüvvələrə qarşı hansıa əməliyyat keçir, başqa addımlar atır. Bütövlükdə İrana qarşı zərbələrdə bir neçə ölkə iştirak edib”.

T.Zülfüqarovun fikrincə, İran rəhbərliyindəki bəzi qüvvələr ölkələrinin üzləşdiyi təhlükələrin istiqamətini və zamanını vaxtında düzgün qiymətləndirə bilmirlər: “Onların bəzi təhlükəsizlik ekspertləri bir neçə gün əvvəl Zəngəzur dəhlizi ilə bağlı danışırdılar, bunu təhlükə kimi qiymətləndirib qarşısını almaqdan dəm vururdular. İndi məlum oldu ki, təhlükə haradandır. İndi bu adamlardan soruşmaq lazımdır ki, real təhlükənin istiqamətini və zamanını niyə müəyyən edə bilməmisiniz?”.

Keçmiş XİN başçısı söyləyib ki, Azərbaycan qonşu ölkədə müharibənin olmasını istəmir: “İstənilən halda müharibə yaşı hal deyil, ölüm, itim, dağıntı olacaq. İranda yaşayan insanlarla etnik, dini, tarixi bağlılığımız var. Ona görə də müharibə olmasa yaxşıdır”.

Seçilən
14
teleqraf.com

1Mənbələr