Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində 2024-2025-ci tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib.
Bu barədə "Report"a DSX-dan məlumat verilib.
Bildirilib ki, tədbirdə Xüsusi Məktəbin pedaqoji heyəti, kursantlar və valideynlər iştirak etmişlər.
Çıxış edənlər Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan, yüksək bilik və peşəkarlığa malik, vətənə, xalqa və Müzəffər Ali Baş Komandana sadiq sərhədçi kadrların yetişdirilməsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Bildirilib ki, burada təhsil alan kursantlar təkcə nəzəri biliklərlə deyil, həm də müasir texnologiyalara əsaslanan təlimlərlə silahlanaraq gələcəyin sərhədçi zabitləri kimi formalaşırlar. Onların ali hərbi təhsilə hazırlanması, vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunması Xüsusi Məktəbin əsas fəaliyyət istiqamətlərindəndir.
Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-2025-ci ilin yekunlarına dair keçirilmiş imtahanlarda Xüsusi Məktəbin 11-ci siniflər arasında 3 kursantı, 9-cu siniflər arasında 15 kursantı fərqlənmə attestatına layiq görülüb, 11-ci siniflər arasında 21 kursantı, 9-cu siniflər arasında 45 kursantı 200-dən yuxarı bal toplayıb.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırıldıqdan sonra Xüsusi Məktəbi bitirən kursantlara döş nişanları təqdim olunub, məzunların xatirəsini əks etdirən adlı siyahı “Məzun simvolu” olan nar ağacına sancılıb.