Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 13 iyun, AZƏRTAC
2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” təkcə iki qardaş dövlətin münasibətlərinin yeni mərhələyə keçidi deyil, həm də regionun gələcək geosiyasi arxitekturasının konturlarını müəyyən edən strateji sənəddir. Bu bəyannamə, eyni zamanda, XX və XXI əsrin liderlərinin siyasi və mənəvi irsinin davamı kimi çıxış edir. Şuşa Bəyannaməsi tarixi ənənəyə və milli liderlərin vəsiyyətinə söykənir. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin "Bir millət, iki dövlət" fikirləri bu sənədin ruhunu təşkil edir. Şuşanın azad edilməsindən sonra burada bu cür sənədin imzalanması tarixi ədalətin bərpası və gələcəyə yönəlik birlik mesajı kimi qəbul olunur. Prezident İlham Əliyevin bəyannamədə tarixi Qars müqaviləsinə istinad etməsi bu aktın həm də yüzillik geosiyasi yaddaşa dayandığını göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli səsləndirib.
Onun sözlərinə görə, Şuşa Bəyannaməsi bir millətin iki dövlətinin milli iradəsinin təntənəsi, siyasi, hərbi, mədəni, iqtisadi əhəmiyyət daşıdığı qədər də mənəvi önəm kəsb edən bir sənəddir. Tarixdə mövcud olan türk dövlətləri arasında heç vaxt Şuşa Bəyannaməsi qədər geniş, əhatəli və qarşılıqlı münasibətlərin bütün spektrini özündə əks etdirən sənəd imzalanmamışdır. Həm bu baxımdan, həm qardaş Türkiyənin Azərbaycana açıq və birmənalı dəstəyi, ortaq hədəflərimizin birliyi, maraqlarımızın uzun və bəlkə də yüzillər davam edəcək bir zaman kəsiyi üçün uzlaşdırılması aspektindən Şuşa Bəyannaməsinin tayı-bərabəri yoxdur.
“Bəyannamə Azərbaycan və Türkiyənin strateji müttəfiqliyini beynəlxalq hüquqi çərçivəyə salmaqla yanaşı, bu münasibətləri bütün sahələr üzrə yeni mərhələyə keçirir. Sənəddə əks olunan müddəalar siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat, müdafiə sənayesi, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Eyni zamanda, bu sənəd təkcə ikitərəfli deyil, regional inteqrasiya baxımından da əhəmiyyətlidir.
Şuşa Bəyannaməsində müdafiə sahəsində qarşılıqlı hərbi yardım məsələlərinin əks olunması tarixi bir nailiyyətdir. Bu, həm də Ermənistan daxilində revanşist qüvvələrə və onların himayəçilərinə ciddi mesaj kimi qəbul olunmalıdır. Sənədin bu hissəsi göstərir ki, hər iki ölkə yalnız siyasi deyil, faktiki hərbi müttəfiqdir. Müdafiə sənayesi, pilotsuz uçuş aparatlarının istehsalı və hərbi modernləşmə sahəsində birgə fəaliyyət Azərbaycanın hərbi-sənaye kompleksinin inkişafında yeni mərhələni başladıb.
Şuşa Bəyannaməsi Zəngəzur dəhlizi vasitəsilə Şərqlə Qərbi birləşdirən yeni iqtisadi arteriyanın açılmasına da təkan verir. Bu dəhliz Türkiyə və Azərbaycanın fiziki-coğrafi bağlılığını gücləndirməklə yanaşı, bütün Türk dünyası üçün mühüm logistik və ticarət imkanları yaradır. Bəyannamədə qarşılıqlı investisiya təşviqləri, iqtisadiyyatın şaxələndirilməsi və yeni bazarlara çıxış mexanizmləri də nəzərdə tutulmuşdur.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Sənəddə iki ölkənin xarici siyasətinin əlaqələndirilməsi, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində məsləhətləşmələrin aparılması mühüm yer tutur. Bu yanaşma, iki ölkənin beynəlxalq arenada vahid mövqe sərgiləməsini və ortaq maraqlara əsaslanan diplomatik xətt yürütməsini təmin edir.
Bəyannamədə diasporalararası əlaqələrin, birgə media platformalarının və informasiya mübadiləsinin inkişafı məsələləri də xüsusi vurğulanır. Bu, dünya miqyasında türk və azərbaycanlı diaspor təşkilatlarının birgə fəaliyyətini gücləndirərək beynəlxalq müstəvidə daha təsirli təbliğat və lobbiçilik imkanları yaradır”, - deyə deputat bildirib.
O qeyd edib: “Şuşa Bəyannaməsi haqqında danışarkən, Azərbaycan-Türkiyə münasibətlərini indiki səviyyəyə çatdıran, misli görünməmiş qətiyyət və siyasi iradə nümayiş etdirən liderlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri haqqında söz açmamaq mümkün deyil. Azərbaycan-Türkiyə münasibətləri ortaq dil, tarix, mədəniyyət kimi mühüm əsaslara söykənir, şübhəsiz. Amma dünyada baş verən proseslər sübuta yetirdi ki, strateji münasibətlərin Azərbaycan-Türkiyə səviyyəsinə çatdırılması üçün ortaq dil, mədəniyyət və tarix kimi amillər yetərli deyil. Belə məsələlərdə milli iradəni olduğu kimi, dəqiqliklə, həm tarixi prosesləri düzgün təhlil edərək, həm də perspektivləri doğru dəyərləndirərək ifadə etmək, qarşılıqlı etimadlı münasibətləri inkişaf etdirmək mühüm əhəmiyyət kəsb edir.
İşğaldan azad olunmuş ərazilərin bərpası prosesində Türkiyənin iştirakı təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına, Ermənistanla sülh gündəliyinin irəliləməsinə və Cənubi Qafqazda sabitliyin bərqərar olmasına töhfə verir.
Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin hər zaman həm çətin, həm də xoş günlərdə birlikdə olacaqlarının, maneələri birlikdə dəf edəcəklərinin, birgə inkişaf yolundan vaz keçməyəcəklərinin mübarək imzalarla təsdiqi, qardaşlığın əhd-peymanı, mərdlik, ərlik, sədaqət andıdır.
Azərbaycan və Türkiyə bir-birinin yanında deyillər, birdirlər, bütövdürlər. Azərbaycan olan yerdə Türkiyə, Türkiyə olan yerdə Azərbaycan var.
Türkiyə-Azərbaycan birliyinin cazibədarlığı Türk dünyasının mənəvi bütövlüyü üçün də mühüm əhəmiyyətə malikdir. Kimsəyə sirr deyil ki, Azərbaycan və Türkiyənin təşəbbüsləri və iştirakları ilə həyata keçirilən layihələr, qarşılıqlı münasibətlərin indiki səviyyəyə çatdırılması digər qardaş xalqların da Türk dünyasının gələcəyinə böyük ümidlərlə baxmalarına zəmin yaradıb. Azərbaycan-Türkiyə münasibətləri Türk dünyasının siyasi, iqtisadi, mənəvi, ideoloji lokomotivi, hərəkətverici qüvvəsidir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.