Bakı, 13 iyun, AZƏRTAC
Cinayət və Cinayət-Prosessual məcəllələrə təklif edilən dəyişikliklər təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin iyunun 13-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanuna təklif edilən dəyişikliklər ilk növbədə insan və vətəndaş hüquq və azadlıqlarının, mülkiyyət və ictimai qaydanın daha effektiv formada cinayətkar qəsdlərdən qorunması məqsədi ilə hazırlanıb. Eyni zamanda, dəyişikliklər heç kimin qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, məhdudiyyətlərə məruz qalmamasına, qanunçuluğun, insan hüquq və azadlıqlarına hörmətin daha səmərəli şəkildə bərqərar olmasına xidmət edir.
Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan maddələrin dairəsinə, həmçinin şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə (Cinayət Məcəlləsi, maddə 74) halının da əlavə edilməsi təklif olunur. Bundan başqa, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyasına üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının təklif edilməsi, bu cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasından çıxarılmasına və az ağır cinayət hesab edilməsinə səbəb olur.
Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsi üzrə istintaq və təhqiqat orqanlarının struktur qurumlarının rəhbərlərinə cinayət təqibinə nəzarət çərçivəsində cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngiməsinin qarşısının alınması məqsədilə müvafiq səlahiyyətlərin verilməsi təklif edilir. Digər dəyişikliyə əsasən, cinayət işinin başlanmasına qədər aparılmasına icazə verilən iki və daha artıq istintaq və ya digər prosessual hərəkətlər həyata keçirildikdə, cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlamanın 30 gündən artıq olmayan müddətlə məhdudlaşdırılması nəzərdə tutulur. Həmçinin son dövrlərdə müasir informasiya texnologiyalarından istifadə olunmaqla əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması hallarında bu cinayətlərin təqibinin operativliyini təmin etmək məqsədilə Cinayət-Prosessual Məcəlləsinin 446 və 447-ci maddələrinə müvafiq dəyişikliklər təklif edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.