BAKI, 13 iyun. TELEQRAF
Dünya maliyyə bazarının əsas trendi olan rəqəmsal aktivlərə Azərbaycanda da maraq olsa da, hələlik bu yöndə konkret addımlar atılmır. "Triple-A"nın hesabatına görə, 2023-cü ildə ölkədə 120 000-dən çox insan kriptovalyutaya sahib olub. Əməliyyatların həcmi isə 4,4 milyard dollara çatıb. Bu sahədə əsas əməliyyatlar xarici platformalarda həyata keçirildiyindən, istisna deyil ki, dəqiq statistika daha yüksəkdir. İllərdir dövlət sektorunda blokçeyn texnologiyalarının tətbiqi müzakirə olunsa da yalnız son iki ildə “Virtual aktivlər və virtual aktiv xidmət təminatçılarının fəaliyyətinin tənzimlənməsi haqqında” qanun layihəsi üzərində iş aparılır. Qanunun bu ilin noyabrında qəbul ediləcəyi irəli sürülür.
“Crypto Consulting” MMC-nin direktoru və kriptoinvest.az portalının rəhbəri Elnur Quliyevin sözlərinə görə, son üç ildə Azərbaycanda "Bitkoin" və ümumilikdə kriptovalyuta alqı-satqısına maraq əhəmiyyətli dərəcədə artıb:
"Bunu "Binance", "OKX" və "Bybit" kimi qlobal kriptovalyuta birjalarında azərbaycanlı istifadəçilərin sayının ciddi şəkildə artması da sübut edir.
Azərbaycanda kriptovalyuta alqı-satqısında ən çox istifadə olunan üsullar bank kartları və birjalar üzərindən həyata keçirilən P2P (peer-to-peer) ödənişlərdir. Maraq daha çox Bakı, Gəncə və Sumqayıt şəhərlərində yaşayan vətəndaşlar arasında müşahidə olunur".
Ekspertin sözlərinə görə, Azərbaycandan olan istifadəçilər son zamanlar "Bitkoin"dən daha çox altkoinlərə investisiya etməyə çalışırlar. Bunun əsas səbəbi "Bitcoin"in qiymətinin hazırda 110.000 ABŞ dollarını keçməsi ilə əlaqədardır. Altkoinlər isə daha kiçik məbləğlərlə daha çox qazanc potensialı təklif edir və bu da onları yerli investorlar üçün cəlbedici edir.
Elnur Quliyev kriptovalyutalara investisiyanın bir sıra üstünlüklərini də vurğuladı:
"Kriptovalyutalara investisiyanın əsas üstünlüklərindən biri yüksək gəlir potensialıdır. Doğru zamanda yatırım edənlər qazanc əldə edirlər. Eyni zamanda bu bazar mərkəzsiz idarə olunur – yəni heç bir dövlət və ya qurumun birbaşa nəzarəti yoxdur. Bu isə maliyyə azadlığı, anonimlik və şəffaflıq deməkdir. Kriptovalyutaların qlobal istifadəyə açıq olması beynəlxalq sərhədləri aradan qaldırır və daha sürətli, ucuz ödənişlərə şərait yaradır. Bir üstünlük də yüksək likvidlikdir. 24/7 işləyən bir bazarda investorlar istədikləri vaxt alqı-satqı edə bilirlər."
Bununla yanaşı, ekspert kriptovalyutalara sərmayə qoyarkən nəzərə alınmalı risklərə də diqqət çəkdi:
"Ən ciddi risklərdən biri yüksək volatillikdir. Kriptovalyutaların dəyəri çox qısa müddət ərzində 20, 50, hətta 70 faiz dəyişə bilər. Bu, həm böyük qazanc, həm də ciddi zərər deməkdir.
Təhlükəsizlik məsələsi də vacibdir. Parolların unudulması, elektron cüzdanların və birja hesablarının hakerlər tərəfindən sındırılması nəticəsində investorlar bütün vəsaitlərini itirə bilərlər.
Bir digər problem isə tənzimləmə məsələsidir. Kriptovalyutaların Azərbaycanda və ümumilikdə bir çox ölkədə hüquqi statusunun tam aydın olmaması, xüsusilə korporativ investorlar üçün əngəllər yaradır. Bu sahədə aydın hüquqi çərçivəyə ehtiyac var."
Elnur Quliyev əlavə etdi ki, maarifləndirmə və hüquqi tənzimləmə məsələlərində irəliləyiş olacağı təqdirdə, Azərbaycanda kriptovalyuta bazarının daha da böyüməsi və təhlükəsiz investisiya mühitinin formalaşması mümkündür.
Qeyd edək ki, yeni qanunla kriptovalyutanın alqı-satqısı ilə bağlı platformaların özəl şirkətlər tərəfindən tənzimlənəcəyi, lakin dövlət nəzarətinin mövcud olacağı irəli sürülür.
Lakin ekspertlər hesab edir ki, Rusiyadakı kimi ciddi nəzarət tətbiq olunarsa, yerli kriptovalyuta bazarı tamamilə yox ola bilər. Çünki, Azərbaycanda ictimaiyyətin kriptovalyutalara yüksək marağına baxmayaraq, Rusiya, Türkiyə və Qazaxıstan kimi böyük vəsait dövriyyəsi yoxdur. Rusiya kriptovalyuta bazarına ciddi nəzarət edir. Bu da maliyyə axınlarına nəzarəti gücləndirmək və investorları qorumaq məqsədi daşıyır. 2024-cü ildə qüvvəyə minən yeni qanun isə qaydaları sərtləşdirib. Ödənişlər üçün kriptovalyutadan istifadəni məhdudlaşdıraraq pozuntulara görə cəzaların tətbiqini nəzərdə tutur.
Lakin qlobal təcrübə göstərir ki, kriptovalyuta sahəsinin tənzimlənməsi yalnız riskləri azaltmaqla qalmır, həm də ölkəni investorlar və fintek şirkətləri üçün daha cəlbedici edir. Azərbaycanda kriptovalyuta bazarının tənzimlənməsi dövlətə bu sektora nəzarət etməyə, istifadəçiləri qorumağa və büdcə gəlirlərini artırmağa imkan verəcək.
Məsələn, Rusiyada hüquqi şəxslər və fərdi sahibkarların kriptovalyuta əməliyyatlarından əldə etdikləri gəlir fərdi gəlir vergisi (PIT) və ya mənfəət vergisinə cəlb edilir. Fiziki şəxslər üçün vergi dərəcəsi gəlir səviyyəsindən asılı olaraq 13%-dən 22%-ə qədər dəyişir. Mədənçıxarma ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar üçün mənfəət vergisi 25% təşkil edir.
Qazaxıstanın təcrübəsi isə daha fərqlidir. Ölkədə kriptovalyuta hasilatı ilə məşğul olan rəsmi mədənçilər vergiyə cəlb ediliblər. Ümumilikdə bu sahədə 75 nəfər vergi ödəyicisi qeydiyyatdadır. Üç il ərzində onlar 17,7 milyard tenge vergi ödəyiblər. Bu məbləğin təqribən 11,6 milyard tengəsi istifadə olunan elektrik enerjisinin faktiki həcminə əsasən hesablanan rəqəmsal mədən haqları üçün olub. Azərbaycanda isə bu gün kriptovalyuta əməliyyatlarından əldə edilən gəlir fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir kimi qiymətləndirilir. Rəylərə əsasən, bu halda, belə gəlir vergisi daşınmaz əmlakın icarəsi vergisinə bənzəyir. Lakin gələcəkdə tənzimləyicinin qərarlarından asılı olaraq vergi 5% - 15% çərçivəsində müəyyən edilə bilər.
Bəs, kriptovalyuta əməliyyatlarının aparılmasından gəlir əldə edən fiziki şəxslər belə əməliyyatlar üzrə vergi öhdəliklərini necə yerinə yetirirlər?
Dövlət Vergi Xidmətindən Teleqrafa bildirildi ki, kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.
Nəzərə alsaq ki, rəqəmsal aktivlərin dəyəri volatildi onların satışı zamanı tətbiq ediləcək vergi məbləği ilə bağlı müəyyən suallar yaranır. Məsələn, fiziki şəxs 2020-ci il yanvar ayında dəyəri 500 dollar olan kriptovalyuta alıb və hələ onu satmayıb. Lakin həmin kriptovalyutanın dəyəri hazırda 1300 dollardır. Bu halda fiziki şəxs aldığı kriptovalyuta üçün vergini onu satanda və ya satmamış, yoxsa artan dəyərdən ödəməlidir?
Xidmətdən bildirildi ki, bu halda Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əməkhaqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.
Buna əsasən gəlirin əldə edildiyi vaxt alınmış kriptovalyutanın təqdim olunduğu vaxt hesab edilir və vergiyə cəlb olunan gəlir kimi kriptovalyutanın alındığı vaxtla təqdim edildiyi tarixə olan qiymət artımı əsas götürülür.
O ki qaldı, Azərbaycanda kriptovalyutalar üzrə əməliyyatların yerli bank kartları ilə aparılmasının mümkün olub-olmamasına Elnur Quliyev bildirib ki, Azərbaycanda bu proses bəzi platformalar vasitəsilə həyata keçirilir.
Onun sözlərinə görə, "Binance", OKX və Bybit birjalarının P2P (müştəridən müştəriyə) xidməti hazırda ən geniş istifadə edilən üsuldur. Belə ki, istifadəçi birja hesabından "Bitcoin" və "Tether" satır, qarşı tərəf isə bank kartına AZN köçürür.
Ekspertin sözlərinə görə, ikinci ən populyar üsul "Telegram OTC" alqı-satqı qruplarıdır. Bu qeyri-rəsmi və riskli üsuldur. Tərəflər bir-birinə etibar edərək rəqəmsal aktivlərini göndərir və bank köçürmələri həyata keçirilir.
Üçüncü üsul isə kripto cüzdanlar və ya mübadilə servisləri ilə köçürmələrin aparılmasıdır. Hansıki bu, sərfəli hesab olunmur, çünki elektron cüzdanlar üzrə yüksək komissiya xərcləri və vergi tutulmaları kriptovalyuta ticarətinin rentabelliyini azaldır.
Ekspert Samir Mehdiyev isə bildirir ki, Azərbaycanda "Bitcoin" alqı-satqısına maraq artsa da, bazar geniş deyil:
“Əhalinin böyük hissəsi hələ də bu barədə ya çox məlumatlı deyil, ya da ehtiyatla yanaşır. Bəziləri üçün maraqlı gəlir, bəziləri isə riskli hesab edir".
Samir Mehdiyev həmçinin kriptovalyutaların, xüsusilə "Bitcoin-in Azərbaycanda istifadəsinin əsas risklərinə və üstünlüklərinə toxundu:
"Üstünlüklərinə sürətli və sərhədsiz əməliyyatlar, investisiya fürsətlərinin geniş olması və texnoloji yeniliklər daxildir. Kriptovalyutalar ənənəvi pul sisteminin hazırda təklif edə bilmədiyi xüsusiyyətləri də təklif edirlər. Kriptovalyutaları hər kəs dünyanın istənilən yerində, istənilən vaxt banka və ya hökumətə ehtiyac olmadan xərcləyə,qəbul edə bilər. Kriptovalyutalarla pul köçürmələri daha sürətlidir, həm də əlavə bank komissiyaları tutulmur. Bu, xarici ölkələrlə işləyən və ya pul köçürən insanlar üçün əlverişlidir.
Ən böyük risk qiymətlərin daim dəyişkən olmasıdır. Bu gün aldığınız kriptovalyutanın sabah qiyməti kəskin şəkildə arta və ya azala bilər. Bu səbəbdən də stabil gəlir gözləmək çətindir və zərər riski yüksəkdir.”
Ekspert həmçinin qeyd edib ki, kriptovalyutalardan istifadə üçün texniki bilik müəyyən qədər vacibdir: “Şifrələrin itməsi, cüzdanlara girişin unudulması və ya səhv əməliyyatlar nəticəsində vəsaitlərin itməsi halları da baş verə bilər. Çünki bu sistemdə bank kimi bir qurum yoxdur ki, səhv etdikdə müraciət edib vəsaiti geri alasınız,” – deyə o əlavə edib.
Samir Mehdiyev eyni zamanda Azərbaycanda "Bitcoin"ni manata çevirməyin müəyyən çətinliklər yaratdığını bildirib:
"Azərbaycanda "Bitcoin"i manata çevirmək çətindir, çünki yerli birja yoxdur. İnsanlar kriptovalyutaları əsasən dollar və ya USDT-yə çevirib, sonra pulu kartlarına çəkirlər. Bu proses bəzən vaxt aparır, komissiya tutulur və banklar sual verə bilər".
Qeyd edək ki, hazırda kriptovalyuta bazarında 13.217-dən çox fərqli kriptovalyuta mövcuddur və ümumi bazar dəyəri 2.76 trilyon dollar təşkil edir. Halbuki bu rəqəm 14 aprel 2015-ci ildə cəmi 3.6 milyard dollar idi. Hər həftə orta hesabla 33 yeni kriptovalyuta yaradılır ki, bu da sahənin dinamikliyini göstərir.
"Binance" analitiklərinin açıqlamasına görə, mayda qlobal kriptovalyuta bazarı əvvəlki ayın yüksəliş tendensiyasını davam etdirərək 10,3% artıb. Eyni zamanda, ABŞ və Çin arasında gərgin ticarət danışıqları səbəbindən bazarın volatilliyi yüksək qalıb.
Ötən ay ən yüksək gəlirliyə qeyri-mərkəzləşdirilmiş kriptovalyuta birjası "Hyperliquid" (HYPE) sahib olub - 78,5% artıb. Bundan əlavə, gündəlik 18,9 milyard dollarlıq ticarət həcmi ilə "Hyperliquid" dünyanın ən böyük törəmə platformaları arasında beşinci yeri tutub.
İyun üzrə isə etibarlı birjalar “Uphold”, “Coinbase”, “Kraken”, “Binance” və “KuCoin” hesab edilir. Ən çox ticarət edilən kriptovalyutalar "Bitcoin" (BTC), "Ethereum" (ETH) və "Tether"dir (USDT). Təkcə "Bitcoin" ümumi kriptovalyuta bazarının təxminən 61%-ni təşkil edir və kapitalizasiyasi 1.7 trilyon dollardır.
Etibarlı kriptovalyuta məlumat platformalarından biri olan “CoinMarketCap”-ın 2025-ci il üzrə proqnozuna görə, "Bitcoin"nin qiyməti bu ilin noyabrına qədər 275 min dollara çata bilər.
2025-ci ilin iyun ayına olan ən son araşdırmaya əsasən, Hindistan "Bitcoin" bazarında liderdir. Burada əhalinin 16.8%-i, yəni təxminən 75 milyon insan "Bitcoin"ə sahibidir. ABŞ-da həm fərdi şəxslər, həm də şirkətlər "Bitcoin" bazarında fəal iştirak edirlər. Əhalinin 13.8%-i, yəni təxminən 28 milyon insan virtual valyutaya sahibidir.
Qonşu Türkiyədə əhalinin 27.1%-i - 12.8 milyon insan rəqəmsal aktivə sahibdir. Rusiyada kriptovalyuta əməliyyatlarının həcmi 2024-cü ilin dördüncü rübündə və 2025-ci ilin birinci rübündə əvvəlki iki rüblə müqayisədə 51,1% artıb. Hesabat dövründə kriptovalyuta axınının həcmi artaraq 7,3 trilyon rubl təşkil edib.
Gürcüstana gəlincə, ölkənin yetkin əhalisinin təxminən 15%-i ən azı bir dəfə köçürmə və ya ticarət üçün kriptovalyutadan istifadə edib. Daha bir statistikaya əsasən burada yetkin əhalinin 3,4% kriptovalyutaya sahibdir.