Bakı, 13 iyun, AZƏRTAC
Parlament Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin iyunun 13-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Layihədə 4 hüquqi akta ümumilikdə 12 maddə üzrə 34 adda dəyişiklik təklif olunub. Layihədə adıçəkilən digər qanunlara ediləcək dəyişikliklər “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklərdən qaynaqlanır. Layihədə nəzərdə tutulan və mütərəqqi müddəalarla zəngin olan yeni normalar tibb mütəxəssislərinin peşə yararlılığının, onların peşəkarlığının yüksəldilməsi işinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Sənəd layihəsində “Davamlı peşəkar inkişaf (DPİ)” anlayışı öz əksini tapıb. Təklif olunan yeni dəyişikliklərə əsasən, tibb işçilərinə şərait yaradılır ki, onlar öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə, ya da 5 il ərzində 250 kredit balı yığmaqla əldə etsinlər. Mütəxəssislər bu balı toplamaqla imtahandan azad olunurlar. Kredit balı hər il minimum 50 bal olmaqla, ümumilikdə 250 bal təşkil edir. Yəni, mütəxəssislərin bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə alternativ mexanizm tətbiq olunacaq. Sözügedən kreditləri toplayan şəxslər qüvvəsi 5 il olan sertifikasiya şəhadətnaməsi əldə edəcəklər. Bu məqsədlə də Qanunun 46-cı maddəsinin 3-cü hissəsi yeni redaksiyada verilir.
Bundan başqa, layihədə terminoloji dəqiqləşdirmə məqsədilə “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 47-ci və 48-ci maddələrində “tibb və əczaçılıq ixtisasları” sözləri “tibb və ya səhiyyə ixtisasları” sözləri ilə əvəz edilib. Həmçinin tibb mütəxəssislərinin ixtisaslarının dəyişdirilməsinə dair müddəanın “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda ləğv edilməsi təklif olunub.
Həmçinin mövcud qanunvericiliyin tələblərinə əsasən, sertifikasiya imtahanından keçməyən tibb işçisi yenidən 6 ay ərzində hazırlaşıb imtahan verə bilər. Bu zaman iş yeri saxlanılsa da, bu müddət ərzində onun aylıq əmək haqqının ödənilməsi mexanizmi ilə bağlı bir sıra ciddi problemlər mövcuddur ki, bunlar da əsaslı şikayətlərə səbəb olur. Yeni təklif olunan dəyişiklikdə bu məsələyə humanist yanaşma ortaya qoyulmuş və sözügedən 6 aylıq müddətdə işçilərin aylıq vəzifə maaşının saxlanılması məqsədi ilə Qanuna müvafiq dəyişiklik təklif edilib.