AZ

“Göyqurdlar” yığmanın oyunlarını boykot etdi – AFFA-dan tələbləri nədi?

“Göyqurdlar” Azarkeş Birliyi yığmanın oyunlarını boykot edib. “Football-plus.az xəbər verir ki, bu barədə məlumat fanklubun rəsmi sosial şəbəkə hesablarında paylaşılıb.

Tərəfdarlar azarkeş qrupunun martın 29-da rəsmi müraciətlə AFFA-ya bildirdiyi iradlara mayın 8-də məktub vasitəsilə verilən cavabın narazılıq doğurduğunu bildirib. “Göyqurdlar” federasiyanın bu məsələyə qeyri-ciddi, tənqidi tonda yanaşdığını və fankluba ünsiyyət normaları öyrətməyə çalışmaqla açıq şəkildə hörmətsizlik sərgilədiyini bildirib.

Azarkeşlər qurumun onları təcrid etdiyini, səsi çıxan tərəfləri susdurmağa yönəlmiş siyasət yürütdüyünü, bu üzdən millinin oyunlarını boykot etdiyini açıqlayıb. Onların iddiasına görə, AFFA tərəfdarların futbolçularla görüşünü qadağan edib və bu yöndə süni maneələr yaradıb. Həmçinin azarkeşlərin qurumun baş katibi Cahangir Fərəcullayevlə görüşmək tələbi geri çevrilib.

Fanklub bildirib ki, bu etiraz təkcə AFFA-ya deyil, həm də futbolu dəyərindən uzaqlaşdıran, azarkeşləri prosesdən kənarlaşdıran bütün şəxslərə qarşıdı. Tərəfdarlar federasiyanın sifarişiylə xarici şirkət tərəfindən hazırlanmış strategiyanın üzərindən yarım il keçməsinə baxmayaraq, bununla bağlı nə real addım atıldığını, nə də ictimaiyyətə hansısa məlumat verildiyini dilə gətirib.

Əlavə ediblər ki, AFFA-nın prezidenti Rövşən Nəcəfə ünvanlanan müraciətə struktur daxilində nümayəndəlik səviyyəsində cavab verilməsi protokol qaydalarına riayət olunmamasıyla yanaşı, azarkeşə verilən dəyərin göstəricisidi.

Sonda “Göyqurdlar” aşağıdakı tələbləri irəli sürüb.

1. Azarkeş-futbolçu bağının bərpası üçün görüşlərin və açıq tədbirlərin təşkilinə yenidən başlanılsın.
2. AFFA rəhbərliyi azarkeş birliyimizlə açıq və şəffaf dialoqa çıxsın.
3. Futbol idarəçiliyinə ictimai nəzarət tətbiq edilsin.
4. Futbolun ruhuna uyğun, hesabatlı və azarkeşə açıq idarəetmə modelinə keçid baş versin.


KƏNAN BAHADIR

Seçilən
37
1
football-plus.az

2Mənbələr