AZ

Milli Məclisin deputatları TÜRKPA-nın 14-cü plenar iclasında çıxış ediblər

Bakı, 13 iyun, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Şura və 14-cü plenar iclaslarında iştirak etmək üçün iyunun 11-12-də Qazaxıstanın Astana şəhərinə işgüzar səfər edib. Milli Məclisin nümayəndə heyətinin üzvləri iclaslarda iştirak və çıxış ediblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfərin ilk günü Milli Məclisin deputatı və nümayəndə heyətinin üzvü Anar Məmmədov TÜRKPA-nın rəhbəri olduğu Gənc Parlamentarilər Qrupunun hesabat məruzəsini və tövsiyə qərarını təqdim edib.

Milli Məclisin deputatı və nümayəndə heyətinin üzvü Tamam Cəfərova isə təşkilatın Qadın Parlamentarilər Qrupunun dönəm rəhbəri kimi qrupun iclasında iştirak edib. O, tədbirdə hesabat və tövsiyələrini təqdim edib.

İyunun 12-də keçirilən 14-cü plenar iclasda Milli Məclisin Səhiyyə komitəsinin sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov çıxış edərək, komissiyanın hesabat və tövsiyə qərarını səsləndirib. Hesabatda ötən dövrdə TÜRKPA-nın müvafiq sahə üzrə fəaliyyətinə və komissiyanın işinə dair geniş məlumatlar əksini tapıb, həmçinin üzv ölkələrin parlamentlərinin müvafiq komitələri arasında əməkdaşlıq məsələlərinə toxunulub.

TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının hesabat məruzəsini isə Milli Məclisin deputatı Günay Əfəndiyeva təqdim edib.

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev isə "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" model qanunu təqdim edib. Beş fəsil və 14 maddədən ibarət olan Qanun TÜRKPA üzv dövlətlərində, xüsusilə gənc nəslin ekoloji təhsil və maarifləndirilməsi sahəsində fəaliyyətinin hüquqi əsaslarını müəyyənləşdirir. Vurğulanıb ki, bu Qanun ekoloji mühafizə və təbii resurslardan səmərəli istifadə üzrə davranış normaları, eləcə də bu sahədə xüsusi biliklərin formalaşmasına yönəlmiş təcrübə və tədris prosesi baxımından TÜRKPA dövlətləri üçün əhəmiyyətli hüquqi sənəd olacaq.

Seçilən
43
48
azertag.az

10Mənbələr