Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsindəki cinayət işi üzrə verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com xəbər verir ki, işə hakim İbrahim İbrahimlinin sədrliyi ilə baxılıb.
Prosesdə təqsirləndirilən Cəlal Kazımovun həyat yoldaşı Nüşabə Kazımova, oğlu Emin Kazımzadə, qızı Aytən Niftəlizadənin müdafiəçisi, vəkil Əli Adıgözəlov çıxış edib.
Vəkil çıxışı zamanı ailə üzvlərinə məxsus əmlakların müsadirəsinə dair qərarın əsassız olduğunu bildirib. O, vurğulayıb ki, həmin əmlakların əldə edilməsi ilə bağlı sübutlar birinci instansiya məhkəməsinə təqdim edilsə də, bu sübutlara məhkəmə tərəfindən lazımi qiymət verilməyib.
Vəkilin sözlərinə görə, Aytən Niftəlizadənin adına olan ev ona qayınanası tərəfindən hədiyyə edilib, Emin Kazımzadənin mülkiyyəti isə ona əmisi tərəfindən bağışlanıb. Müdafiə tərəfi bu əsaslarla əmlakların üzərinə həbsin götürülməsini və apellyasiya şikayətinin təmin olunmasını istəyib.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə həmçinin dövlət büdcəsinə vurulmuş ziyanın tam ödənilmədiyini əsas gətirərək təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunmasına qərar verib. Bu əmlakların dövlət nəfinə keçirilməsi qərarı ziyanın ödənilməsinə yönəlib.
İttihama əsasən, təqsirləndirilən şəxslər Müdafiə Nazirliyinin müxtəlif strukturlarında vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəyiblər. Cinayət işi üzrə ümumilikdə 143 milyon manat məbləğində dövlət vəsaitinin mənimsənildiyi bildirilir. İttiham olunan şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, iş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Cinayət işi çərçivəsində digər təqsirləndirilən şəxslərin barəsində olan işlər ayrıca icraata ayrılıb və müvafiq məhkəmələrdə baxılır.
İş üzrə növbəti məhkəmə iclası iyunun 30-na təyin olunub.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com