2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 157 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 101 ölkəyə məhsul ixrac olunmuş, 150 ölkədən idxal olunmuşdur.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 16419,1 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 8286,2 milyon dollarını və ya 50,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 8132,9 milyon dollarını (49,5 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 153,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 18,2 faiz, real ifadədə 3,0 faiz artmışdır. İdxal real ifadədə 21,0 faiz artmış, ixrac isə 8,7 faiz azalmışdır.
2025-ci ilin yanvar-aprel aylarında qeyri neft-qaz məhsullarının ixracı 1068,6 milyon dollar təşkil etmiş və 2024-cü ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 16,1 faiz artmış, real ifadədə isə 8,2 faiz azalmışdır.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25,2 faizi İtaliya, 11,5 faizi Türkiyə, 10,8 faizi Rusiya, 8,4 faizi Çin, 3,6 faizi Almaniya, 2,8 faizi Birləşmiş Krallıq, 2,7 faizi ABŞ, 2,0 faizi Çexiya, hər biri 1,9 faiz olmaqla Avstraliya və Yunanıstan, 1,8 faizi Rumıniya, 1,7 faizi İsveçrə, hər biri 1,6 faiz olmaqla Gürcüstan və Qazaxıstan, hər biri 1,4 faiz olmaqla Xorvatiya və Bolqarıstan, 1,3 faizi Meksika, 1,2 faizi İran, 1,1 faizi Portuqaliya, 1,0 faizi Özbəkistan, hər biri 0,9 faiz olmaqla Ukrayna, Braziliya və Kanada, 12,4 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.