İndiyədək İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 1600-ə yaxın KOB subyektinin 37 sərgidə iştirakını təmin edib.
"Report" xəbər verir ki, bunu agentliyin sədrinin birinci müavini Samir Hümbətov “Yerli şirkətlərin tanıtım sərgisi"nə həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, xarici ölkələrdə KOBİA-nın dəstəyi ilə 100-dən çox KOB subyekti iştirak edib: “Bu onu göstərir ki, KOB-lar məhsullarını təqdim etməkdə maraqlıdırlar. Sərgi təkcə məhsul təqdimatından ibarət deyil. Paralel olaraq müzakirələr, təlimlər, tərəfdaşlıq əlaqələrinin qurulması, dəstək mexanizmlərinin izahı və sair bu çərçivədə keçirilir”.
O bildirib ki, bütün bu istiqamətlər qurum üçün əsas prioritetlərdəndir: “Bu tədbirləri təşkil etməklə biz platformanı ilbəil daha da genişləndiririk".