BAKI, TurkicWorld
ABŞ yüz minlərlə immiqranta ölkəni tərk etmələri üçün bildiriş göndərib.
TurkicWorld xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) Kuba, Haiti, Nikaraqua və Venesueladan olan yüz minlərlə mühacirə ölkədə yaşamaq və işləmək hüququ verən müvəqqəti statusun ləğv edildiyini açıqlayıb və onlara ölkəni tərk etmələri üçün bildirişlər göndərib.
Məlumata görə, bu qərar 2022-ci ildən etibarən Bayden administrasiyası tərəfindən tətbiq edilən xüsusi immiqrasiya proqramına əsasən ABŞ-da müvəqqəti hüquqi status almış 532 min nəfəri əhatə edir. Proqram çərçivəsində bu şəxslərə müvəqqəti yaşamaq və işləmək icazəsi verilmişdi.
Yeni qərara əsasən, həmin şəxslərin hüquqi statusu ləğv olunub və onlara ölkədən könüllü çıxış üçün elektron məktublar göndərilib. Məktublarda qeyd olunur ki, geri dönüş prosesinə başlayanlara 1000 dollar məbləğində səyahət yardımı ediləcək.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi mayın 30-da Donald Tramp administrasiyasının bu statusları ləğv etməsinə dair qərar qəbul edib. Bu qərar nəticəsində immiqrasiya siyasətində ciddi dəyişiklik baş verib və hazırda bölgədən olan yüz minlərlə insan ölkəni tərk etmə təhlükəsi ilə üz-üzədir.