AZ

İran DİN: "Hücumda uşaqlar, mülki şəxslər də həlak olub"

İsrailin İrana hücumu nəticəsində aralarında uşaqların da olduğu dinc sakinlər həlak olub. Xarici KİV-in yaydığı məlumata görə, bu barədə İran İslam Respublikasının daxili işlər naziri İskəndər Momeni dövlət teleradio şirkətinin efirində məlumat verib.


O, efir zamanı deyib: "Bir sıra hərbi rəhbərlərin və nüvə alimlərinin, eləcə də mülki şəxslərin, o cümlədən uşaqların şəhid olması ilə əlaqədar İran xalqına başsağlığı verirəm. Biz bu qorxaq və qeyri-insani cinayəti qətiyyətlə pisləyirik".

Onun sözlərinə görə, günahkarları ağır cəza gözləyir.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.


Tural

Seçilən
28
news365.az

1Mənbələr