“İclasımız Azərbaycan tarixinin gedişini dəyişmiş bir hadisənin ildönümü ərəfəsində keçirilir. İki gündən sonra xalqımız Qurtuluş bayramını qeyd edəcək”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentn bugünkü növbədənkənar içlasında 1993-cü il 15 iyun tarixində ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, əhəmiyyəti ilə bağlı çıxışında deyib.
S.Qafarova tarixi faktlara diqqət çəkib. O, qeyd edib ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin ali hakimiyyətə qayıtması Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndərin siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti sayəsində xalqımız müstəqil dövlətini qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bildi.
“Ümummilli Liderimizin məharətlə və əzmlə xilaskarlıq missiyasını həyata keçirməsi, hüquqi, demokratik və dünyəvi dövlətin möhkəm təməlini yaratması Azərbaycanın tarixinə milli qurtuluş və quruculuq dövrü kimi əbədi həkk olunmuşdur.
Ulu Öndərin başladığı tarixi missiya bu gün eyni əzm və iradə ilə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkəmizi keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəltmişdir. Azərbaycan dinamik iqtisadi artıma nail olmuş, nəhəng infrastruktur layihələri həyata keçirmiş, ordunu möhkəmləndirmişdir.
Bu gün Azərbaycan Respublikası dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli bir dövlətdir. Əminliklə söyləmək olar ki, Heydər Əliyev zəkasından güc almış Azərbaycan dövləti möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı dövrdə yeni böyük uğurlara imza atacaqdır”-S.Qafarova deyib.
S.Qafarova Milli Qurtuluş Günü münasibəti ilə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlamağı təklif edib.
Sədr bayram münasibəti ilə hər kəsi təbrik edib.