AZ

Mingəçevir Dövlət Universitetində insan kapitalının inkişafı: müasir yanaşmalar, regional tələblər və gələcəyə baxış

Bakı, 13 iyun, AZƏRTAC

Müasir dövrdə ali təhsil müəssisələrinin qarşısında duran əsas çağırışlardan biri əmək bazarının tələblərinə uyğun kadr hazırlığıdır. Xüsusilə region universitetlərində bu məsələ həm sosial, həm də iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır. Mingəçevir Dövlət Universiteti (MDU) bu istiqamətdə mühüm addımlar atmaqda davam edir. MDU-nun İnsan resursları şöbəsinin müdiri Əmrah Qürbətov AZƏRTAC-a müsahibəsində universitetdə tətbiq olunan insan resursları siyasəti, müəllim seçimi meyarları, mühəndislik təhsilinin gələcəyi və region gənclərinə yaradılan imkanlar barədə geniş məlumat verib.

-Mingəçevir Dövlət Universitetində insan resursları idarəetməsi və müəllim seçimi zamanı tətbiq olunan müasir yanaşmalar hansılardır? Bu sahədə hansı yeniliklər həyata keçirilir və yeni yanaşmalar tədris keyfiyyətinə necə təsir göstərir?

-Mingəçevir Dövlət Universitetində insan resursları idarəetməsi müasir və səmərəli yanaşmalara əsaslanır. Müəllim seçimi zamanı təkcə akademik göstəricilər deyil, həm də pedaqoji bacarıqlar, innovativ tədris metodlarına uyğunlaşma və rəqəmsal savadlılıq nəzərə alınır. Seçim prosesi mərhələli şəkildə - CV-lərə baxış, müsahibə, test mərhələsi, praktiki dərs təqdimatından ibarət olur. Bütün mərhələlər şəffaflıq prinsiplərinə uyğun keçirilir və nəticələr namizədlərlə açıq şəkildə paylaşılır.

Bundan əlavə, universitetdə müəllim heyətinin davamlı inkişafı üçün təlimlər, seminarlar və sertifikat proqramları təşkil olunur. Müəllimlərin motivasiyasını artırmaq üçün yaradıcılıq və təşəbbüskarlıq dəstəklənir, müasir pedaqoji metodların tətbiqi təşviq edilir. Bu yanaşma nəticəsində daha keyfiyyətli tədris mühiti formalaşır və tələbələrin bilik qazanma prosesi daha səmərəli olur.

-Regionlarda mühəndislik sahəsi üzrə müəllim ehtiyacının artması hansı amillərlə bağlıdır? Bu ehtiyacın yaranması nəyi göstərir?

-Son illər Azərbaycanda, xüsusilə də regionlarda sənayeləşmə, infrastrukturun yenilənməsi və mütərəqqi texnologiyaya əsaslanan istehsal sahələrinin inkişafı ciddi şəkildə sürətlənib. Bu dəyişikliklər yeni texniki biliklərə və bacarıqlara malik mütəxəssislərə tələbatı artırır. Belə bir şəraitdə yalnız tələbə hazırlığı deyil, bu tələbələri yetişdirəcək peşəkar və praktiki təcrübəsi olan müəllimlərin formalaşdırılması da prioritet məsələdir.

Mingəçevir Dövlət Universiteti sənaye təcrübəsinə malik, eyni zamanda, pedaqoji bacarığı olan mütəxəssislərin tədrisə cəlbini strateji hədəf kimi müəyyənləşdirib. Biz inanırıq ki, bu yanaşma həm təhsil keyfiyyətini artıracaq, həm də regionun iqtisadi inkişafına bilavasitə töhfə verəcək. Prezident İlham Əliyevin "Regionların inkişafı Azərbaycanın dayanıqlı gələcəyinin əsas sütunudur" fikri bizim bu istiqamətdəki fəaliyyətimizin ideya əsasını təşkil edir. Mühəndislik təhsili isə bu sütunun möhkəm dayağına çevrilməkdədir. Regionda kadr potensialını artırmaq üçün təhsil müəssisələrinin bu prosesdə fəal və məsuliyyətli iştirakı olduqca vacibdir.

-Tədris prosesinə yeni müəllimlərin cəlb olunması ilə hansı yeniliklərin tətbiqini nəzərdə tutursunuz və onların bu prosesdə rolu nə olacaq? Onlarda hansı əsas bilik və təcrübələrə üstünlük veriləcək?

-Mingəçevir Dövlət Universitetində əsas hədəfimiz tələbə yönümlü, praktikaya əsaslanan və əmək bazarının real tələblərinə cavab verən tədris modelini tətbiq etməkdir. Tədris prosesində layihə əsaslı öyrənmə, real sənaye problemlərinin müzakirəsi və interaktiv tədris metodlarının tətbiqi genişləndiriləcək. Bu yanaşma tələbələrin təkcə bilik deyil, həm də praktiki bacarıqlar əldə etməsinə xidmət edir.

Yeni müəllim heyətindən gözləntilərimiz yüksəkdir. Onların müasir tədris metodlarına bələd olması, innovativ düşüncə tərzinə sahib olmaları və tələbələrlə effektiv ünsiyyət qurma bacarığı ön plandadır. Əsas tələblərdən biri ən azı 3 illik sənaye təcrübəsinə sahib olmalarıdır. Bu, tələbələrin yalnız nəzəri deyil, real iş həyatına hazırlıqlı yetişdirilməsi baxımından vacibdir. Biz inanırıq ki, sənaye təcrübəsi olan mütəxəssislərin tədrisə cəlbi tələbələrin gələcək peşə fəaliyyətinə daha güclü təkan verəcək. Bu, həm təhsil keyfiyyətinin yüksəlməsinə, həm də regionda ixtisaslı kadr potensialının artmasına şərait yaradacaq.

-Regionun sənaye potensialı və perspektivləri baxımından mühəndislik təhsilinin rolu nədən ibarətdir? Bu sahəyə investisiya edilməsi regiona hansı töhfələri ola bilər?

-Mühəndislik təhsili sənaye regionları üçün yalnız akademik istiqamət deyil, iqtisadi inkişafın təməl daşıdır. Texnologiyaların sürətlə dəyişdiyi bir dövrdə sənaye sahələrinin rəqabət qabiliyyətli və innovativ qalması üçün yaxşı təhsilli mühəndislərə ciddi ehtiyac var. Regionlarda istehsal müəssisələrinin artması, infrastrukturun genişlənməsi və yeni texnoloji parkların yaradılması mühəndislik biliklərinə malik insan resurslarını ön plana çıxarır.

Bu səbəbdən mühəndislik sahəsində təhsil alan gənclərin yetişdirilməsi yalnız fərdi inkişaf deyil, həm də ümumi regional tərəqqi baxımından strateji əhəmiyyət daşıyır. Bu təhsilin verilməsi üçün isə müasir laboratoriyalar, təcrübəyə əsaslanan və sənaye ilə əməkdaşlıq içində olan universitet modeli vacibdir. Məhz bu model Mingəçevir Dövlət Universitetində tətbiq olunur və regionun iqtisadi ekosistemində real dəyişikliklər yaratmaq potensialına malikdir.

Gələcəkdə sənaye sektorunun ixtisaslı mühəndis kadrlarla təmin olunması regionda texnologiya əsaslı istehsal və ixracyönümlü fəaliyyətlərin artmasına zəmin yaradacaq. Beləliklə, mühəndislik təhsili regionun sosial-iqtisadi inkişafının mühüm hərəkətverici qüvvəsinə çevrilir.

-Təklif etdiyiniz mühəndislik təhsil modeli beynəlxalq təcrübə ilə nə dərəcədə uyğunluq təşkil edir? Bu modelin əsas üstünlükləri və universitetin beynəlxalq əməkdaşlıq istiqamətində atdığı addımlar nələrdir?

-Mingəçevir Dövlət Universitetində mühəndislik təhsili sahəsində tətbiq etdiyimiz yanaşma həm beynəlxalq təcrübəyə əsaslanır, həm də yerli reallıqlara uyğunlaşdırılır. Tədris modelimizdə iki əsas istiqamət var: biri ikili (dual) təhsil modeli, digəri isə ikili diplom və beynəlxalq əməkdaşlıq proqramlarının inkişafıdır. İkili təhsil modeli tələbələrin həm universitetdə nəzəri bilik almasını, həm də real müəssisələrdə praktiki bacarıq qazanmasını təmin edir. Bu sistem onların əmək bazarına daha hazırlıqlı daxil olmasına imkan yaradır.

Eyni zamanda, universitetimiz beynəlxalq tərəfdaşlıq istiqamətində də mühüm addımlar atır. Hazırda Düzce Universiteti ilə əməkdaşlığımız mövcuddur və bu çərçivədə müəllim və tələbə mübadiləsi həyata keçirilir. Paralel olaraq, İstanbul Texniki Universiteti və Bursa Texniki Universiteti ilə də əlaqələrin qurulması üçün danışıqlar aparılır. Məqsədimiz bu universitetlərlə ikili diplom proqramları, birgə elmi layihələr və akademik mübadilə imkanları yaratmaqdır.

Beləliklə, Mingəçevir Dövlət Universiteti təkcə yerli bazarın deyil, eyni zamanda, qlobal təhsil və texnologiya sahəsinin tələblərinə uyğun mühəndis kadrlar hazırlamaq üçün sistemli və çoxşaxəli bir yanaşma tətbiq edir.

-Regionda yerləşən sənaye müəssisələri ilə təhsil müəssisələri arasında hansı əməkdaşlıq modelləri nəzərdə tutulur? Bu əməkdaşlıq tələbə və müəllim heyətinə hansı imkanları yaradacaq?

-Mingəçevir Dövlət Universiteti regionun sənaye müəssisələri ilə təhsil arasında körpü rolunu oynayan əməkdaşlıq modelini tətbiq etməyə başlayıb. Əsas məqsədimiz tədris prosesini əmək bazarının tələbləri ilə uzlaşdırmaq və tələbələri real istehsalat mühitinə uyğun hazırlamaqdır. Bu çərçivədə tələbələrin sənaye müəssisələrində istehsalat təcrübəsi keçməsi prioritet təşkil edir. Bu təcrübə onlara həm biliklərini praktikada tətbiq etmək, həm də gələcək peşə seçimlərini daha məqsədyönlü müəyyənləşdirmək imkanı yaradır.

Müəllim heyəti ilə bağlı isə vurğulamaq istərdik ki, məhz bu səbəbdən yeni işə qəbul zamanı ən azı 3 illik sənaye təcrübəsinə malik mütəxəssislərə üstünlük veririk. Bu yanaşma o deməkdir ki, dərsləri tədris edən müəllimlər nəzəri biliklə yanaşı, real iş mühitini və sənaye proseslərini dərindən anlayır və tədris zamanı bu təcrübəni tələbələrlə bölüşə bilir. Bu, təhsilin keyfiyyətinə və praktiki yönümlülüyünə birbaşa təsir göstərir.

Digər tərəfdən, bu əməkdaşlıq modelinin tətbiqi sayəsində müəssisələr də gələcək işçilərini erkən mərhələdə müşahidə edə, onlarla işləmə təcrübəsi qazana bilir. Beləliklə, universitet-sənaye əməkdaşlığı regionda həm təhsil sisteminin, həm də iqtisadiyyatın davamlı inkişafına xidmət edir.

-Bu təşəbbüs region gəncləri üçün hansı karyera perspektivlərini aça bilər? Həyata keçirilən fəaliyyətlər onların gələcək həyatına necə təsir edəcək?

-Bu təşəbbüs region gəncləri üçün geniş və davamlı karyera imkanları yaradır. Gənclərin təhsil aldıqları yerdə peşəkar bilik və bacarıqlara yiyələnməsi onların həm yerli, həm də milli səviyyədə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərmələrinə şərait yaradır. Artıq regional universitetlər sadəcə diplom verən deyil, əmək bazarının tələblərinə uyğun real bacarıqlar aşılayan mərkəzlərə çevrilir.

Prezident İlham Əliyevin "Hər bir bölgə öz potensialını reallaşdırmalıdır" çağırışı ilə uzlaşan bu yanaşma, gənclərin öz doğma şəhər və rayonlarında qalaraq yüksək ixtisaslı mütəxəssis kimi yetişməsini hədəfləyir. Bu təşəbbüs, həm regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verir, həm də region universitetlərinə marağın və tələbə axınının artmasına səbəb olur. Yerli təhsil imkanlarının gücləndirilməsi gənclərin ailədən uzaqlaşmadan, sosial mühitlərindən ayrılmadan da uğurlu karyera qura bilməsinə şərait yaradır.

Bununla yanaşı, tədrisdə tətbiq olunan yeni yanaşmalar və əməkdaşlıq imkanları sayəsində tələbələr təhsillə yanaşı şəxsi inkişaf və iş həyatına hazırlıq baxımından da güclü dəstək alırlar. Bu isə onların gələcək uğurlarını təmin edən əsas təməllərdən biri olacaq.

-Gələcəkdə mühəndislik üzrə tədris sahəsinin genişlənməsi və texnoloji innovasiyalarla inteqrasiyası üçün hansı planlarınız var?

-Bu, əslində universitetimizin əsas hədəf istiqamətlərindən biridir və bu sahədə regional rəqiblərimiz mövcuddur. Məhz bu rəqabətli mühitdə Mingəçevir Dövlət Universitetində mühəndislik üzrə tədrisin gələcək inkişafı üçün hədəfimiz bu sahəni yalnız genişləndirmək deyil, eyni zamanda, müasir texnoloji trendlərlə sinxronlaşdırmaqdır. Bu istiqamətdə ilk olaraq mövcud mühəndislik proqramlarının təkmilləşdirilməsi və yeni, ixtisaslaşmış alt sahələrin, məsələn, enerji sistemləri, yaşıl texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və məlumat mühəndisliyi üzrə proqramların yaradılması gündəmdədir.

Tədrisə texnologiyanın birbaşa inteqrasiyası isə yalnız avadanlıqla məhdudlaşmır. Planlarımızda mühəndislik proqramlarının istifadəsi, rəqəmsal simulyasiya texnologiyalarının dərs prosesinə daxil edilməsi və real vaxt üzrə layihə idarəetmə platformaları ilə tələbələrin işləməsi var. Bu, onları universitet divarları içində dünya miqyasında rəqabətə hazırlayacaq.

Bundan əlavə, texnologiya yönümlü elmi-tədqiqat fəaliyyətləri üçün ayrı-ayrı ixtisaslaşdırılmış laboratoriyaların qurulması, universitet-sənaye birgə layihələrinin təşviqi və tələbələrin bu layihələrə cəlb olunması nəzərdə tutulur. Gənc tədqiqatçılar üçün mentorluq və startap təşəbbüslərinə dəstək proqramları isə bu modelin sosial və iqtisadi dayanıqlığını təmin edəcək.

Əsas hədəf, yalnız klassik mühəndislik bilikləri deyil, gələcəyin texnoloji reallıqlarına cavab verən, multidissiplinar düşüncə tərzinə malik mühəndislər yetişdirməkdir.

-Sonda müəllim namizədlərə nə mesaj vermək istərdiniz?

-Universitetimiz bütün sənaye nümayəndələri üçün açıqdır və əgər siz bu sahədə çalışan, bilik və təcrübənizi paylaşmaq istəyən bir mütəxəssissinizsə, bu, məhz sizin üçün bir fürsətdir. Biz yalnız müəllim axtarmırıq, eyni zamanda, tələbələrə ilham verəcək, onlara praktik bilikləri ötürəcək, düşünməyi və tətbiq etməyi öyrədəcək tərəfdaşlar axtarırıq. Siz Mingəçevir Dövlət Universitetində sadəcə hər hansı bir fənni tədris etməyəcəksiz. Siz bir regionun gələcəyinə, bir gəncin yoluna, bir ölkənin inkişafına töhfə verəcəksiniz.

Bu, sadəcə bir iş təklifi deyil. Bu, biliklə gələcək qurmaq, inkişafın bir hissəsi olmaq və öz sahəsində dəyər yaratmaq üçün bir çağırışdır. Əgər bu yolda özlərini təsdiq edə biləcəklərsə, onları komandamızda görməkdən məmnun olarıq.

 

Seçilən
1
1
azertag.az

2Mənbələr