AZ

Türk dövlətlərində ailə modelləri: sosial-fəlsəfi təhlil

I məqalə

Türk ailəsi tarixi rakursda

Türk dünyası tarix boyu coğrafi baxımdan geniş bir sahəyə yayılmaqla yanaşı, mənəvi baxımdan da ortaq köklərə, dəyərlərə və düşüncə sisteminə sahib olan mədəniyyət coğrafiyasıdır. Bu coğrafiyanı bir araya gətirən əsas mərkəzlərdən biri, şübhəsiz ki, ailə institutudur. Ailə yalnız sosial bir vahid deyil, eyni zamanda, insan varlığının, dəyərlər sisteminin və mənəvi formalaşmanın bünövrəsi kimi dərk olunur.
Qədim türk mifologiyasından bu günə qədər ailə modeli həm fərdi, həm də ictimai həyatın ən dərin qatlarına nüfuz edən mənəvi bir daşıyıcıdır. Müasir türk dövlətlərində bu model zamanla müxtəlif transformasiyalara uğrasa da, onun əsas mahiyyəti – birlik, fədakarlıq və kimlik üzərində qurulan struktur – dəyişməz qalıb. Bu gün ailə anlayışı təkcə sosioloji deyil, eyni zamanda etik bir çərçivədə də əhəmiyyət kəsb edir.
Qədim türk mifologiyasında ailə ilahi bir harmoniya modelidir. Oğuz Kağan dastanında ailə başçısı olan Kağan həm siyasi, həm də mənəvi lider kimi çıxış edir. Bu, ailənin yalnız bioloji deyil, eyni zamanda ruhi və ideoloji birlik olduğunu göstərir. Türk dünyasında ailəyə yanaşmada daha çox “təbii, əzəli, dəyişməz” – yəni ailənin insan ruhuna yazılmış ilahi bir quruluş olduğu düşüncəsi önə çıxır. Bu baxış ailəni dəyişkən və sosial təsadüflərin məhsulu kimi deyil, insan varlığının təbii davamı və mənəvi dayağı olaraq dərk edir.

Türk ailə modelinə elmi yanaşma

Ailə tarix boyu mütəfəkkirlərin diqqət mərkəzində olan mühüm mövzudur. Xüsusilə Şərq düşüncəsində ailə yalnız sosial struktur deyil, mənəvi və ilahi nizamın daşıyıcısı kimi qəbul olunur. Bu fəlsəfi və mədəni zəmini başa düşmək müasir Türk dövlətlərində ailə modelini dərk etmək üçün vacibdir.
Türk-İslam düşüncəsində ailə fərdin formalaşmasında ilk və ən təsirli mühit kimi qiymətləndirilir. Bu baxımdan ailə yalnız bioloji və hüquqi bir qurum deyil, həm də əxlaqi, psixoloji və sosioloji təsir gücünə malik məktəb funksiyası daşıyır. Ailənin bu kompleks rolu müxtəlif elmi sahələrdən araşdırılmasını zəruri edir. Sosiologiya, psixologiya, antropologiya və fəlsəfə kimi sahələr ailənin strukturunu, funksiyalarını və cəmiyyətə təsirini fərqli aspektlərdən tədqiq edirlər.
Məsələn, Şeyx Şəmsəddin Yəsəvi öz hikmətlərində ailəni mənəvi tərbiyənin beşiyi kimi təsvir edir və ailə bağlarının qorunmasını insanın daxili saflığı ilə əlaqələndirir. Onun fikrincə, ailə daxilindəki sevgi, mərhəmət və qarşılıqlı hörmət insanın Allahla əlaqəsinin güzgüsüdür.
Əl-Fərabi isə “Fazil şəhər” modelində ailəni cəmiyyətin əxlaqi əsaslarının formalaşdığı ilk mərhələ kimi təqdim edilirdi. O yazır ki, insan ideal cəmiyyətə doğru yolunu ailədə öyrəndiyi dəyərlər vasitəsilə tapır. Ailə ictimai məsuliyyətin də öyrədildiyi ilkin məkan kimi çıxış edir.
Antik yunan fəlsəfəsində də ailə mühüm yer tutur. Platon “Dövlət” dialoqunda ailə qurumunun təbiətini və onun cəmiyyətə təsirini müzakirə edir. Onun ideal dövlət modelində ailə münasibətlərinin müəyyən dərəcədə kollektivləşdirilməsi təklif olunsa da, ailəni sosial nizamın formalaşmasında əsas ünsürlərdən biri hesab edirdi. Platonun fikrincə, cəmiyyətin harmoniya içində yaşaması üçün ailə strukturunun düzgün qurulması və qorunması vacibdir.
Aristotel isə ailəyə daha təbii prizma ilə yanaşırdı. O, ailəni cəmiyyətin ilkin və təbii qurumu kimi qiymətləndirərək, bildirirdi ki, bu birlik yalnız gündəlik ehtiyacların ödənildiyi məkan deyil, həm də insanın əxlaqi və siyasi şüurunun formalaşdığı ilk mərhələdir. Aristotelə görə, dövlət ailələrin birləşməsindən yaranır və əgər ailələr möhkəm əxlaqi əsaslara söykənirsə, bütöv bir dövlətin sağlam təməlləri formalaşır.
Bu yanaşmanı Şərq fəlsəfəsində, xüsusilə Konfutsi təlimində də görürük. Konfutsi ailəni cəmiyyətin əsasını təşkil edən nüvə kimi görür və hesab edirdi ki, ailə daxilində formalaşan hörmət, səmimiyyət və məsuliyyət hissləri sonradan cəmiyyətə də sirayət edir. Yəni ailədə öyrənilən dəyərlər insanın sosial məsuliyyətini formalaşdırır.
Fəlsəfi məktəblərdən gətirilən nümunələrlə müqayisədə qədim türklərin yaşam tərzinə və yazılı abidələrinə nəzər saldıqda da ailənin cəmiyyət və dövlət həyatındakı əhəmiyyətini görmək mümkündür.
Orxon-Yenisey abidələri ailənin, soy-kökün və nəsil bağlarının müqəddəsliyini vurğulayır. Ailə burada sadəcə yaşayış vahidi deyil, dövlətçiliyin və idarəetmənin kiçik modeli kimi təqdim olunur. Ailə başçısının ədalətli və məsuliyyətli olması bütöv bir tayfanın rifahına birbaşa təsir edən amil sayılırdı.
Bütün bu fikirlər göstərir ki, türk ailə modeli yalnız bioloji və hüquqi bağlardan ibarət deyil. Bu modelin təməlində dərin tarixi, mənəvi və fəlsəfi qatlar dayanır. Ona görə də müasir türk cəmiyyətlərində ailənin funksiyalarını elmi əsaslarla tədqiq edərkən bu tarixi və mədəni təməlləri nəzərə almaq zəruridir.

Türk dövlətlərində ailə modelləri

Müasir Türk dövlətlərində ailə modelləri ortaq mənəvi köklərə əsaslansa da, hər birində tarixi, siyasi və iqtisadi şəraitdən doğan fərqli xüsusiyyətlər mövcuddur. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanda ailə anlayışı ortaq dəyərlərlə formalaşsa da, hər biri bu dəyərləri özünəməxsus şəkildə yaşadır.
Azərbaycan“Ailə – hər bir xalqın, hər bir cəmiyyətin, hər bir dövlətin əsasını təşkil edən amildir. Ailənin möhkəm olması cəmiyyətin, dövlətin möhkəm olması deməkdir.” Bu dərin fikirlər ümummilli lider Heydər Əliyevin Azərbaycan ailəsinə verdiyi yüksək dəyəri ifadə edir. Ailədə formalaşan dəyərlər — hörmət, məsuliyyət, vətənpərvərlik və sevgi — gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır.
Azərbaycan ailəsi min illərin süzgəcindən keçmiş dəyərlərin, mənəvi bağların və qarşılıqlı hörmətin parlaq bir nümunəsidir. Burada ailə anlayışı həm ata mirası, həm də ana nəvazişi kimi qorunur.
Model bir tərəfdən sovet dövründən miras qalan sosial strukturu əks etdirir, digər tərəfdən isə İslam mənəviyyatı və türk-müsəlman ənənələrinin təsiri altındadır.
Azərbaycan ailəsi hələ də patriarxal çalarlarını saxlayır: ailənin dirəyi ata, ailə ocağının istiliyini isə ana qoruyur. Lakin müasir çağırışlar bu ənənəvi modelə yeni nəfəs gətirib. Qadın artıq elm, siyasət, mədəniyyət, səhiyyə kimi sahələrdə də öz yerini möhkəmləndirib.
Prezident İlham Əliyev deyir: “Ailə dəyərləri bizim cəmiyyətimizin təməlidir. Azərbaycan xalqı hər zaman ailə dəyərlərinə, böyüyə hörmət, övlada qayğı prinsiplərinə sadiq olub və bu gün də bu ənənə qorunub saxlanılır.”
Birinci vitse-prezident Mehriban Əliyeva isə bildirir:
“Qadın həm ailənin dayağı, həm də cəmiyyətin fəal üzvüdür. Ailədə qadının rolu yalnız ana və həyat yoldaşı kimi deyil, həm də tərbiyəçi, dəyərlərin daşıyıcısı kimi dəyərləndirilməlidir.”
Azərbaycanın ailə siyasəti dövlət səviyyəsində möhkəm hüquqi baza ilə təmin edilir: Ailə Məcəlləsi, Gender Bərabərliyi və Uşaq hüquqları haqqında qanunlar, strateji fəaliyyət planları ailə institutunun qorunmasına xidmət edir. 2025-ci ildən gender bərabərliyi, atalıq məzuniyyəti, uşaqların iştirakı və hüquqlarının qorunması sahələrində yeni təşəbbüslər həyata keçirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regional mərkəzlər vasitəsilə əhali ilə birbaşa əlaqələr qurur, məişət zorakılığı, erkən nikah, gender bərabərsizliyi və uşaqların hüquqlarının pozulması kimi məsələlərdə mübarizə aparır. Dövlət ailəni yalnız sosial vahid deyil, milli inkişafın təməli kimi görür.
(ardı var)

Vüsalə Gülmalıyeva, 
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun etika şöbəsinin elmi işçisi

Seçilən
22
1
xalqqazeti.az

2Mənbələr