AZ

İsrail İranı bu kəşfiyyat məlumatları əsasında vurub: Əməliyyatlar bir neçə həftə davam edəcək - MÜSAHİBƏ

BAKI, 13 iyun. TELEQRAF

ReAl Partiyasının sədri Natiq Cəfərli "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Natiq bəy, İsrailin İrana hücumunun genişlənib irimiqyaslı hərbi əməliyyatlara çevrilmək ehtimalı varmı?

- Sözsüz ki, İsrailin İrana yerüstü hərbi əməliyyatlara başlaması mümkün deyil. Bu, Rusiya-Ukrayna müharibəsi deyil ki, ölkənin sərhədindən başlasın və rus qoşunu addım-addım irəliləsin. İranla bağlı vəziyyət tamam başqadır. Yerüstü əməliyyatlar mümkün olmadığına görə hava hücumları bir müddət davam edəcək. Çox güman ki, İran da öz növbəsində bu hücumlara cavab vermək məcburiyyətində qalacaq. Bunun qarşılığında İsrail növbəti dəfə İrana zərbə endirəcək. Daha sonra İran yenə cavab verməli olacaq.

- Belə çıxır ki, qarşılıqlı hava zərbələri hələ bir müddət davam edəcək...

- İran yenidən danışıqlar masasına qayıdana qədər bu hücumlar davam edəcək. Burada əsas məsələ yerüstü hücum əməliyyatları icra olunmadığına görə klassik müharibənin olmasının qeyri-mümkünlüyüdür. İran İsrailin hava zərbələrinə cavab verməsə, ölkə daxilində çox ciddi problemlər yaşana bilər. Bu halda rəsmi Tehran ölkə daxilində ciddi müqavimətlə üzləşər. Ümumiyyətlə isə hərbi eskalasiyanın bir neçə həftə artan xətlə yüksələcəyinin şahidi olacağıq.

- İsrail-İran qarşıdurmasına kənar təsirləri necə dəyərləndirirsiniz?

- Əslində proseslər indiki vəziyyətin yetişdiyindən xəbər verirdi. Suriya hadisələri fonunda İranın orada mövqelərinin zəifləməsi, Tehranın buradakı proksi qüvvələrinin sıradan çıxarılaraq “Hizbullah”a qədər olan yolun bağlanması, bunun fonunda İraqdakı dayaqlarının itirilməsi İsrail, ABŞ və Qərb ölkənin bir müddət öncə bu hücumlara hazırlaşdığından xəbər verirdi. Onlar da məhz bunu önləyici addım kimi hesablamışdılar. Suriyadakı əməliyyatlar da bunun tərkib hissəsi idi. Görünən odur ki, İranın bu bölgələrdəki proksi qüvvələri, yəni ona bağlı qüvvələr kifayət qədər gücdən salınsa da tamamilə sıradan çıxarılmayıb. Bu mənada “Husilər, “HƏMAS” və “Hizbullah” kimi İrana bağlı olan silahlı qruplaşmalar İsrailə müəyyən dərəcədə cavab verməyə çalışacaqlar. Amma əsas cavabı İran dövlətinin özü verməyə çalışacaq ki, bu da sırf daxili amillərlə bağlıdır.

- Hərbi əməliyyatların regiona təsirləri haqqında nə demək olar?

- Təbii ki, Azərbaycan regionda müharibənin olmasında maraqlı deyil. Dövlət rəsmiləri, Xarici İşlər Nazirliyi də dəfələrlə bəyan edib ki, Azərbaycan bölgədə qarşıdurmanın, müharibənin əleyhinədir. Ona görə də ölkəmiz bölgədə hansısa hərbi münaqişənin olmasını istəməz və istəmir. Bu, Azərbaycanın milli maraqlarına uyğun deyil. Yanğın yerinə çevrilən bir bölgədən danışırıqsa, istər-istəməz Azərbaycan da bundan təsirsiz ötüşməyəcək. Bu, iqtisadi, logistik layihələr üçün problemlər yarada bilər. Qeyri-sabit bölgə anlayışı uzun zaman davam edəcəksə, bunun əks təsirləri çox olacaq. Ona görə də Azərbaycan hər iki tərəfi məsələləri danışıqlar yolu ilə həll etməyə necə çağırırdısa, indi də rəsmi mövqe bundan ibarət olacaq.

- İsrailin İran daxilində dəqiq hava zərbələrini icra etməsi hansı amillərlə bağlıdır? Burada kəşfiyyat və əks-kəşfiyyat qruplarının rolu ilə yanaşı digər faktorların iştirakı haqqında ehtimallar nədən ibarətdir?

- Analizlər nəticəsində o nəticəyə gəlmək mümkündür ki, yerlərdə İsrailə kömək edən kifayət qədər ciddi bir şəbəkə mövcuddur. Bu şəbəkə Təl-əvivə birbaşa məlumatların ötürülməsini təmin edir. Çünki İran daxilində indiki hakimiyyətdən həddən artıq narazı olan qruplar var. Onların bu kimi kəşfiyyat məlumatlarının ötürülməsində çox güman ki, rolu olub. Eyni zamanda İsrail ordusu bu gün ən müasir silahlara malikdir. Naviqasiya və süni intellektin inkişaf etdiyi dövrdə İsrail ordusu bundan çox geniş şəkildə istifadə edir.

- Bu hərbi əməliyyatların Rusiya-Ukrayna müharibəsinə təsiri necə olacaq?

- Əslində bu hərbi əməliyyatların başlanması Ukrayna üçün heç də yaxşı xəbər deyil. Çünki indi dünyanın diqqəti bu bölgəyə cəmləşəcək. ABŞ-nin hərbi və diplomatik gücü bu müharibəyə yönəldikcə Ukraynaya olan dəstək azala bilər. Rusiya isə bu fürsətdən istifadə edib İran-İsrail-ABŞ arasında vasitəçilik baxımından özü üçün siyasi xal qazanmağa çalışacaq. ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasındakı sonuncu telefon danışığında Ukrayna mövzusundan sonra İran məsələsi müzakirə olunmuşdu. Yəni Kreml bu məsələdə öz maraqlarından istifadə edəcək. ABŞ isə indiki halda proseslərdən özünü kənarda saxlamağa çalışır. Ağ Ev “məlumatımız var, amma iştirak etməmişik” tezisi ilə çıxış edir. Bu da ondan xəbər verir ki, ABŞ İrana İsrailin bu hücumlarından sonra Tehranın daha yumşaq davranacağını və danışıqlar masasına oturaraq, məsələni sülh yolu həllində maraqlı olmasını təmin etməyə çalışır. Ağ Ev indiki halda bir növ İran üçün qapını açıq saxlamağa çalışır ki, “bu prosesdə iştirak etməmişik və hələ də danışıqlara hazırıq” mesajını verir.

Seçilən
14
teleqraf.com

1Mənbələr