AZ

Maliyyə naziri büdcənin faktiki və proqnoz göstəriciləri arasındakı fərqə münasibət bildirib

Maliyyə naziri Sahil Babayev 2024-cü ilin dövlət büdcəsinin faktiki və proqnoz göstəriciləri arasındakı fərqlə bağlı Milli Məclis üzvlərinin fikirlərinə münasibət bildirib.

"Report" xəbər verir ki, nazir mövqeyini parlamentin bu gün keçirilən plenar iclasında açıqlayıb.

"Qaldırılan məsələyə konseptual və kompleks baxılmalıdır. Belə ki, bu istiqamətdə həm gəlirin, həm də xərcin proqnozu və icrası ayrılıqda dəyərləndirilməlidir. Kəsirin əslində bu iki anlayışın derivativi olduğunu nəzərə alsaq, bu göstəricilərdəki dəyişiklik kəsirin həcminə də təsir edir. Gəlirin proqnoza nisbətən daha çox icrasında əsas səbəb neftin qiyməti ilə əlaqəlidir. Çünki, biz büdcənin proqnozlaşdırılması zamanı neftin qiymətini konservativ yanaşma ilə müəyyən edirik. İl ərzində icra zamanı isə neftin qiyməti daha yüksək olduqda, əlbəttə bu həm icmal, həm də dövlət büdcəsinin gəlirlərinə ciddi şəkildə təsir edir", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, ikinci seqment isə qeyri-neft0qaz vergi gəlirlərinin proqnozlaşdırılması ilə bağlıdır: "Bu, ümumi ÜDM-in məbləğindən asılıdır. Belə ki, qeyri-neft-qaz vergi gəlirlərinin proqnozu ÜDM-in nominal və real artım tempi üzərindən hesablanan bir rəqəmdir, ÜDM-ə isə kifayət qədər təsir amilləri mövcuddur. Eyni zamanda, bu məsələdə beynəlxalq konyunkturanın təsirləri, xüsusilə Qarabağda bərpa və yenidənqurma işlərinin görülməsi ilə əlaqədar idxalın və buna uyğun büdcə gəlirlərinin artımı nəzərə alınmalıdır. Bildirmək istərdim ki, bu istiqamətdə proqnozlaşdırmanın təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülüb. 2025-ci ilin 4 ayının nəticələri göstərir ki, bizim gəlir proqnozumuz faktiki icra göstəriciləri ilə 99 % üst-üstə düşür".

"Xərcin proqnozlaşdırılması ilə bağlı isə qeyd etməliyəm ki, burada əsas faktor keçən il artan neft və qaz gəlirləri ilə bağlı büdcəyə aparılan dürüstləşmə fonunda xərclərin ciddi şəkildə artırılmasıdır. Bu, eyni zamanda həmin vəsaitlərin xərclənməsini də əsasən ilin son rübü ilə şərtləndirib. Belə ki, artan xərclərin mütləq əksəriyyətini kapital xərcləri, yəni əsaslı xərclər təşkil etmişdir ki, həmin vəsaitlərin xərc edilməsi məqsədilə müvafiq prosedurlar, o cümlədən satınalmaların keçirilməsi zəruridir", - deyə o əlavə edib.

Seçilən
3
2
report.az

4Mənbələr