BAKI, 13 iyun. TELEQRAF
Bu ilin may ayında Azərbaycanda bir sıra məhsulların qiymətlərində artım müşahidə edilib.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, ötən ay ən çox bahalaşma meyvələrin qiymətlərində qeydə alınıb. Belə ki, qiymətlər əvvəlki ayla müqayisədə 1 faiz bahalaşıb.
Kərə və bitki yağları aprel ayına nisbətən 0,9 faiz, qənd, cem, bal və şokoladların qiymətləri 0,7 faiz, çay, qəhvə, kakaonun qiymətləri 0,5 faiz, ət və ət məhsulları, alkoqollu içkilər, eləcə də, mineral sular, sərinləşdirici içkilər və şirələrin qiymətləri 0,3 faiz, süd və süd məhsulları isə 0,2 faiz bahalaşıb.
Mayda ən çox ucuzlaşan məhsullar isə tərəvəzlər olub. Belə ki, ötən ay tərəvəzlərin qiyməti aprel ilə müqayisədə 6,2 faiz ucuzlaşıb.
Balıq və balıq məhsullarında 0,1 faiz, yumurtanın qiymətində isə 0,5 faiz ucuzlaşma qeydə alınıb.
Qeyd edək ki, mayda çörək, çörək məhsulları və yarmalar, həmçinin, tütün məmulatlarının qiymətləri dəyişməyərək stabil qalıb.