"İran səhər gözünü açıb görür ki, gecə 80-dən çox strateji obyektinə zərbə endirilib. Hərbi və siyasi rəhbərlikdən 100-ə yaxın şəxs öldürülüb. İsrail 200-ə yaxın təyyarə ilə 3 dalğada hücum həyata keçirib. Cavabında İran nə edir? Məscidin üzərində qisas bayrağı qaldırır və 100-ə yaxın dron buraxır. Onlar da 6 saatdan sonra İsrailə çatacaqlar (əgər çata bilsələr). Dronlar müəyyən missiyalar üçün əla vasitədir, amma bütün strategiya onların üzərində qurula bilinməz".
Redaktor.az xəbər verir ki, bunu jurnalist Vüsal Məmmədov deyib. Onun sözlərinə görə, İsrailin müasir qırıcılarının qarşısında havaya qaldırmağa İranın normal təyyarəsi yoxdur:
"70-80-ci illərin maşınları ilə uzağa uça bilməzsən. Hava hücumundan normal müdafiə sistemi də eyni haldadır. Belə bir vəziyyətdə ABŞ ilə nüvə danışıqlarının 5 raundunda İran mövqeyini yumşaltmadığı üçün heç bir nəticə əldə olunmamışdı. İyunun 15-də altıncı raund keçirilməli idi. "Yüksələn şir" əməliyyatı davam etsə, Azərbaycanın qurtuluş gününə İran da qurtuluş şansı kimi baxaraq, iyunun 15-də Amerikadan mədəd istəyəcək. Pafoslu bəyanatlar verməklə deyil: ölkə öz səmasını müdafiə edə bilmir. Trampın adminstrasiyasında İranı vurmağın tərəfdarları lap əvvəldən çox idi. Onlar zatən danışıqlarla Tehranın yola gələcəyinə inanmırdılar. 5 raundun nəticəsi onların əlini gücləndirdi və İsrailə "yaşıl işıq" yandırıldı.
İranın cavabı asimmeteik ola bilər - məsələn, ABŞ-nin bölgədəki bazaları və müttəfiqlərini vurmaq kimi. Onda da Amerikanın özü əməliyyatlara qoşulacaq. Belə görünür ki, bu dəfə proses həmişəkindən çox çəkəcək".
Vasif ƏLİHÜSEYN